Şirvan yəhudiləri və ya simbioz gen yaddaşı
Şirvan yəhudiləri  və ya simbioz  gen yaddaşı
11.05.2022 Adıgözəl Məmmədov Tərəfindən

2018-ci ilin oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açıldı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak etdi. Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilmişdi. Sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olundu.Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edirdi. Sərgidə Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra öz ata ocaqlarında sərgiləndi. Eyni zamanda Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olundu.Təəssüflər olsun ki, sovet tarixşunaslığının bizə sırıdığı və həqiqətləri əks etdirməyən yalanlardan yaxa qurtarmaq üçün, bu gün tədqiqatçılarımız tarixi keçmişimizlə bağlı faktları zərrə-zərrə toplayıb, ona yeni baxış nöqtəsini yaratmağa məcburdular. Tarixi yaddaşımızın ağ səhifələrindən biri də Şirvanşahlarla bağlıdır. Söhbət Qafqaz Albaniyasında vahid hakimiyyətin süqutundan sonra Cənubi Qafqazda meydana gəlmiş, orta əsrlərin oturuşmuş dövlətlərindən sayılan Şirvan dövlətindən gedir.

Bu dövlət kimə məxsus idi?

Qafqaz-albanlarına, ərəblərə, farslara, türklərə yoxsa yəhudilərə ? Bu dövlətin xalqımızın inkişafına nə kimi təsiri olmuşdur?

Bu suallara cavab tapmağın çətinliyi təkcə Şirvanın qədimliyi ilə bağlı deyil. Həm də bu çətinlik onun tarixində tamamilə fərqli mədəniyyətlərin və sülalələrin çulğalaşması ilə izah oluna bilər.

Beləliklə, bu gözəl diyarın real tarixi necədir?

  Bununla bağlı redaksiyamız Şirvan Yəhudiləri üzrə tədqiqatlar aparan Adıgözəl Məmmədova müraciət etdi. Adıgözəl Məmmədov 14-dən çox tədqiqat kitabının və 500 yüzdən çox məqalənin müəllifi, kitabları əsasında 4 film çəkilmiş. Onu da qeyd etmək yerinə düşər ki, 2014-cü ildə Adıgözəl Məmmədov Prezident mükafatı almış, 2017-ci ildə kitabları Amerikada 101 İndependence Avenue, S.E. Washington, D.C. 205404830 ünvanında yerləşən Konqres Kitabxanasına və “Cambridge Scholars Publishing” nəşriyyatında nəşr olunan 3 cildlik ensiklopediyaya daxil edilmişdir. ABŞ dövləti iki kitabına görə ayrı-ayrılıqda Adıgözəl Məmmədova təşəkkür məktubları göndərib. Xüsusilə Rusiya Prezidenti Yanında Strateji Araşdırmalar İnstitutunun əməkdaşlarının iştirakı ilə hazırlanmış “Qafqaz Liderlərinin Psixoloji Portretləri” kitabı bu gündə dünyanın aparıcı siyasi mərkəzləri üçün xüsusi əhəmiyyət daşıyır.

-Adıgözəl müəllim Şirvan nədir və haradır?

Bu bir faktdır ki, Şirvan başlanğıcda Qafqaz Albaniyasının daxili ərazisi olub. Onu da yada salaq ki, Qafqaz Albaniyasının özü müasir Azərbaycanın və Dağıstanın torpaqlarında yerləşən qədim dövlət idi.

Həmin dövlət bölgədə hamıdan əvvəl xristianlığı qəbul etmişdi. Qafqaz Albaniyasının ayrılmaz hissəsi sayılan Şirvanın ərazisi şimalda Dərbənddən başlayıb cənubda Kür çayının qoluna kimi uzanırdı. Amma müasir dövrümüzdə Şirvanın özəyi Azərbaycanın ərazisindədir. “Şirvan” adı ilk dəfə İran sülaləsi olan Sasanilər zamanında meydana gəlmişdir. Bu sülalə 4-cü əsrdən 6-ci əsrədək Qafqaz Albaniyasının torpaqlarını özünə tabe etdirmişdi. Amma bəzi mənbələrin təsdiqinə görə, bu ad əvvəlcə “Şarvan” şəklində, yalnız müəyyən müddətdən sonra “Şirvan” kimi işlədilmişdir. Bir versiyaya görə, “Şirvan” termininin etimologiyası, yaranması və mənası fars dilindəki “şir” sözündəndir və şirlər ölkəsi deməkdir. Digər bir versiyaya görə bu sözün mənbəyi Sasani şahı Xosrov Anuşirvanın adı ilə bağlıdır. Amma 9-cu əsr tarixçisi Xordadbəy yazır ki, Sasani şahənşahı Ardaşir Papakan (224-240-cı illər) Zaqafqaziya hökmdarlarına Şah titulu verirdi. Alman əsilli şərqşünas Boris Dorn Şirvanşahların tarixinin 532-ci ildən başladığını yazır(Boris Dorn-Şirvan haqqında verilən iki konfrans// Zapiski Akademii Nauk, S.Peterburq, 1840 və1845 səh171). B.Dorn 532-ci ildə burada hakimiyyəti idarə edən Şirvanşah adlı bir hökmdarın üzərində duraraq deyir: “Şirvan ölkəsinin ilk hökmdarı Şirvanşah adını daşıyan bir adamdır və sonradan onun adı oğullarına ləqəb olaraq verilımişdir” (Boris Dorn-Şirvan haqqında verilən iki konfrans// Zapiski Akademii Nauk, S.Peterburq, 1840 və 1845 səh171).Şirvanşah haqqında məlumatı verdikdən sonra Dorn onun mənşəyi haqqında deyir ki, alimlər Şirvanşahların mənşəyini Bəhram Çubinə( Sasanilər ordusunda türk sərkərdələrinin arasında ən məşhur olanıdır) aid edir.Hər necə olsa da, mənbəyindən və şəcərəsindən asılı olmayaraq Şirvanda hakimiyyətdə olmuş bütün sülalələrin nümayəndələri “Şirvanşah” titulunu daşıyıblar.

-Şirvan dövlətini Yəhudi xalqı ilə nə bağlayırdı?

-İstənilən halda etiraf etmək lazımdır ki, 6-7-ci əsrlərdə isə Sasanilərin Şirvan daxil olmaqla, Qafqaz Albaniyasının bütün vilayətlərinə təsiri və təzyiqi çox güclü idi. Bəzi tədqiqatçıların fikrincə, dağ yəhudiləri Şərqi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüşlər. Hökmdar Qafqazda qalalar tikdirir, şəhərlər saldırır, bu şəhərlərdə Mesopatamiyadan köçürtdüyü farsları və yəhudiləri yerləşdirirdi. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalmışdır (dağ yəhudiləri fars dilinin qədim arami və yəhudi sözləri ilə qatışıq bir ləhcəsi olan tat dilində danışırlar-A.M)Bu mənada 10-cu əsrdə ərəb tarixçisi və coğrafiyaşünası, Zaqafqaziyanı  qarış-qarış gəzmiş Əl-Məsudi tərəfindən yazılmış “Şirvanın və Əl-əvbabın tarixi” əsərində Xəzər xaqanlığı, Böyük Bulqariya, Rus və Sakaliba tayfaları və Volqa Bulqariyasının mövcudluğundan, həm də Dərbəndin ərəblər arasında Əl-əvbab şəhəri kimi tanınması barədə məlumatlar verərkən , Xəzər türkləri arasında yəhudilik inancının yayılmasını 6-cı əsrdən qeyd edir.Belə bir məntiq ortaya çıxır ki, türklər arasında yədudilik inancını regionda yayılmasının əsas hərəkət verici qüvvəsi Qafqaza Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) tərəfindən köçürülmüş dağ yəhudiləri olmuşdur.

Həmin dövrdə Savir dövləti ilə İran-Bizans hərbi ittifaqı arasında şiddətli müharibələr gedirdi. Yeri gəlmişkən, Savir imperiyası Qafqaz torpaqlarındakı Cucan xaqanlığının qalığı sayılırdı. Bu dövlətin əsas güc mərkəzini Savir, Abar və Aday kimi türkdilli tayfalar təşkil edirdi.

Bu münaqişələr zəmnində 4-cü əsrdən formalaşmağa başlamış Şirvan dövləti 6-cı əsrdə hakim elitası əsasən Yəhudi etiqadına bağlı türk və tatlardan ibarət olmuş müstəqil ərazi vahidinə çevrilir. Məhz həmin dövrdə yaradılan Şirvan ordusu İran ordusunun aparıcı qüvvəsinə çevrildi və İran-Bizans ittifaqına yardımçı oldular. O zaman Savir xalqının bir qismi bizanslılar kimi xristian idilər. Həmin xristian savirlilər Kiçik Qafqaza gedərək, orada Bizansın təbəliyini qəbul etdilər. Vaxtilə cucan adlanan xristian savirlilər indiki gürcülərdir. Sadəcə onların türkdilli zəmini və dilləri orta-yunan dilinin, yəni Bizansın kilsə dilinin təsiri altında dəyişərək hazırki şəklinə düşmüşdür. Savir İmperiyası xalqının bir hissəsi, xüsusilə də Böyük Qafqazda yaşayan Abar tayfası dağlıq ərazidə özlərinə Sarir dövlətini qurdular. Onlarda da xristianlıq Cucan xalqının etiqad etdiyi xristianlıqla eyni idi. Bu dövlətin paytaxtı Hunzax şəhəri idi ki, hazırda Dağıstanda bu adda kənd mövcuddur. Bizans xristianlığının təsiri altında Abar tayfası da özlərinin Türk soyunu və dilini itirməyə başladı.Abar tayfasının böyük bir hissəsi Avropaya üz tutaraq orada 8-ci əsrə qədər mövcud olmuş Avar Xaqanlığını qurdular. Avar Xaqanlığının süqutundan sonra, onun yerində Qafqazda Avar Xanlığı yaradıldı ki, buranın əhalisi katolik dininə etiqad edirdi.  Xilafət dönəmində isə Avar Xanlığının yerində Qazıqumuq Xanlığı yaradıldı və xanlığın rəsmi dini İslam oldu. Elə həmin vaxtdan etibarən əvvəllər xristian olmuş avarlar və qumuqlar İslamı qəbul etməyə başladılar. Beləliklə, Dərbənd də müsəlman şəhərinə çevrildi. Belə keşməkeşli tarixləri ucbatından Abar tayfasının yarısı türkdilli ilkinliyini itirsə də, İslamı qəbul etmələri səbəbindən öz soyköklərindən tam ayrı düşmədilər (gürcülər bunu itirsələr də, bu gün dillərindəki əsas sözlər və ifadələr türk mənşəlidir – A.M.). Aday tayfası isə indiki Cənubi Osetiyanın dağlıq hissəsində toplaşdı (burada Aday-xox zirvəsi və Adayev sülaləsi olub –A.M.).

-Ərəb istilasından sonra Şirvanda hansı proseslər getdi?

-Ərəblər bütün istila etdiyi torpaqlara müsəlman canişinlər təyin edirdi. Buna baxmayaraq Şirvanda yerli sülalələr öz səlahiyyətlərini qoruyub saxlamağı bacardılar. Şirvanın Cənubi Qafqazdakı ümumi ərəb torpaqlardan ayrıca əyalət kimi seçilməsi, Xilafətin özünün daxilindəki çəkişmələrlə bağlı idi. Yəni, müxtəlif sülalələr hakimiyyət uğrunda öz aralarında mübarizə aparırdılar. Bundan başqa, Şirvan ərəblərlə xəzərilər arasında qəddar və amansız döyüşlərin getdiyi hərb meydanına çevrilmişdi. Ərəblər yalnız yüz ildən sonra xəzərləri Şirvan torpaqlarından şimala sıxışdımağa nail ola bildilər. 819-cu ildə oğlu Xalid Ül Cavad atasının Yəzid ibn Məzidi-Şabani yerinə keçdi və onun şərəfinə Şirvanın paytaxtını Cavad adlandırdı (bu qədim şəhər bu gündə müasir Sabirabad rayonun ərazisindədir və yaxşı olar ki, bu rayonun adı da öz tarixi adına qovuşaraq Cavad şəhəri kimi bərpa edilsin–A.M.). Onun vəfatından sonra yerinə qardaşı Haşım keçmiş və ərəblərlə əlaqəni kəsərək Şirvanın müstəqilliyini elan etmişdir. Yəni bu bir tarixi faktdır ki, Xalid Ül Cavaddan sonra, onu əvəzləyən qardaşı Haşım, burada yerli türk əyanlarına söykənərək və onlarla qohumlaşaraq Şirvanın müstəqilliyini elan edir. Həm də nəzərə almaq lazımdır ki, ərəb istilasının ilk illərində özlərini qorumaq üçün bir çox yəhudi etiqadına inanc gətirənlər islam dinin qəbul etmək məcburiyyətində qaldılar, məhz bu qüvvələrdə əmir Haşıma ciddi dəstək verdilər. Məhz bu dövrdən başlayaraq Şirvan yəhudiləri qorunma altına alınaraq dostluq və əmkdaşlıq şəraitində həyat sürdülər. Sonradanda uzun müddət Şirvanşahlar kimi hakimiyyətdə kimin təmsil olunmasında formalaşdırıcı amilə çevrildilər.

Haşımdan sonrakı avtoxanlaşmış

Şirvanşahlar bunlardır:

1.  İkinci Məhəmməd;

2. Üçüncü Məhəmməd;

3. Birinci Əli (Məhəmmədin oğlu);

4. Əbu Tahir Yəzid;

5. Əhməd (onun oğlu);

6. Beşinci Məhəmməd (Əhmədin oğlu);

7. Üçüncü Yəzid (Əhmədin oğlu);

8. Mənuçöhr (onun oğlu);

9. İkinci Əbu Mənsur Əli;

10. Qubad;

11. Buxti Nəsir Əli (onun qardaşı oğlu);

12. Salar Yəzid oğlu;

13. Fəriburz.

 

İkinci sülalə - Kəsranilərdir (1075 - 1382).

 

1. I Fəriburz-1075

2. I Mənuçöhr (onun oğlu)-1105

3. II Əfridun-1119

4. I Axistan (Mənuçöhrün oğlu)-1194

5. II Fəriburz (Əfridunun oğlu)-1194

6. I Fərruxzad-1203

7. I Gərşasp-1215

8. III Fəriburz-1225

9. II Axistan-1248

10. II Fərruxzad-1257

11. II Gərşasp-1265-1293

12. Keyqubad-1345

13. Kavus-1351

14. Huşəng-1372-1382

 

Üçüncü sülalə - Dərbəndilərdir (1382 - 1538).

 

1. Şeyx İbrahim Məhəmməd Dərbəndi oğlu-1382

2. Birinci Xəlilullah-1417

3. Həsən bəy, Fərrux Yasar-1462

4. Bəhram bəy-1500

5. Qazi bəy-1501

6. Sultan Mahmud-1502

7. Şeyxşah İkinci Şeyx İbrahim-1502

8. İkinci Xəlilullah-1524

9. Şahrux-1538

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

visiontv.az