Şirin quyruğu necə oldu?
Şirin quyruğu necə oldu?
21.10.2021 Elçin Mirzəbəyli Tərəfindən

Tarix boyu türk sülalələrinin saraylarına yol tapıb türk dövlətləri və xalqları arasında nifaq salan fars kökənli vəzirlər, nədənsə hər zaman “sudan quru” çıxıblar. Yəni hiyləgərlik təkcə ermənilərə xas olan xüsusiyyət deyil. Cənubda yaşayan qonşularımızın bir qismi bunu əsrlər boyu ermənilərdən daha yaxşı bacarıblar və təəssüf ki, öz xəyanətlərinə görə heç vaxt cəzalanmayıblar, əksinə mükafat alıblar.

Azərbaycan ərazilərinin işğldan azad edilməsinə başlanıldığı gündən qarnının sancısı əskik olmayan, hər kəlməbaşı Türkiyəyə böhtan atan, hansısa kabus “terrorçulardan” bəhs edən İran indi də günahkarları “başqa ünvanda” axtarmağa başlayıb.

İranın daxili işlər naziri Əhməd Vahidi deyib ki, “sui-qəsdçilərin İranla Türkiyə arasındakı münasibətlərdə problemlər yaratmasına icazə verməyəcəyik”. 

Düzünü deyim, İran rəsmilərinin bəyanat və açıqlamalarındakı bəzəkli, mübaliğəli sözləri çox xoşlayıram. Bir cümlə yetir ki, səhərdən axşama kimi qəhqəhə çəkəsən. Zalım uşağı, sözdə qarışqadan fil düzəltməyin ustalarıdır. Bunalara deyən gərək, ay filan-filan şüdələr, Türkiyəni “terrorçuları bölgəyə gətirməkdə”, “bölgə xalqları arasında nifaq salmaqda” suçladığınız nədir, “dost ölkə” dediyiniz nədir?

Zalım uşağı, siyasətdə də Firdövsinin şeirlərini deyirlər elə bil. “Sui-qəsdçi”nin ən böyüyü elə ariizmin ultramillətçi, aqressiv qanadını təmsil edən İran rejimidir! 

Qeyd edim ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu indi İranda səfərdədir. “Dost”, “qardaş”, “bəradər” və bu kimi gurultulu sözlərin fasiləsiz olaraq mediaya üfürülməsi də, çox güman ki, Süleyman bəyin səfəri ilə bağlıdır. 

Bu arada, nə qədər ki, unutmamışam, qoy soruşum: Şirin quyruğu necə oldu?

Siyasi şərhçi Elçin Mirzəbəyli

Visiontv.az