“Şimali və Cənubi Azərbaycan xalqı Arazla ayrılmış Azərbaycanı bütöv görmək istəyir...”
“Şimali və Cənubi Azərbaycan xalqı Arazla ayrılmış Azərbaycanı bütöv görmək istəyir...”
29.11.2022 MEDİA Tərəfindən

Bu gün Milli Məclisin plenar iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının Şimali Azərbaycan olması təklifi ilə çıxış edib. Deputat bildirib ki, Azərbaycanda dövlət quruculuğu istiqamətində atılan addımlar zəruri edir ki, biz yeni Konstitusiya qəbul edək: “Burada ilk atacağımız addım Azərbaycanın adını dəyişdirmək olmalıdır. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Necə ki, bölünmüş digər xalqların adında Şimali və Cənubi ifadəsi var. Düşünürəm ki, bu həm də Cənubi azərbaycanlılar üçün stimul olar”.

Bu barədə politoloq Xəyal Bəşirov Visiontv.az saytına açıqlama verib. Həmin açıqlamanı sizə təqdim edirik:

“Ümumiyyətlə cəmiyyətdən bu kimi təkliflər olacaqdır. Həm dövlətin ayrı – ayrı qruplarından, millət vəkillərindən eyni zamanda Cənubi Azərbaycanda yaşayan soydaşlarımızla bağlı da bu kimi fikirlər olub. Düşünürəm ki, bununla bağlı ayrı – ayrı şəxslərin mövqeyi kifayət deyil. Bunun üçün ümumilikdə sosial sifariş olmalıdır. Azərbaycan öz müstəqilliyini əldə etdiyi gündən bütün dünyada Azərbaycan Respublikası kimi tanınıb. Bu gün Azərbaycan siyasi cəhətdən güclü dövlətdir. Həm də iqtisadi cəhətdən də inkişaf etməyə iddialı bir ölkədir. Azərbaycan yeni dünya düzəninin formalaşmasında və regionla bağlı məsələlərdə özünəməxsus rolu olan bir dövlətdir.  Avropanın iqtisadi, enerji və logistika xəritəsinin formalaşmasında Azərbaycan bu gün önəmli rola malikdir.  Ölkəmiz Şimal – Cənub, Şərq – Qərb dəhlizlərinin qovşağında yerləşir. Biz Şimal və Cənub dəhlizlərinin müxtəlif güclü ölkələrin vasitəsi ilə iflic edildiyi bir dönəmdə orta dəhlizi təklif edən bir ölkəyik. Bu gün o dəhlizin reallaşdırılması Avropa ilə Asiyanın iqtisadi, enerji və logistika damarlarının birləşdirilməsi ilə bağlı yeni reallıq ortaya qoymuşuq. 
Azərbaycanın Şimali Azərbaycan adlandırılması ilə bağlı bir millət vəkilinin təklifi heç də dövlətin mövqeyini göstərmir. Azərbaycan demokratik dövlətdir. Ölkəmizdə hər kəs öz fikirlərini azad şəkildə bildirmək imkanlarına malikdir. Artıq uzun illərdir ki, iki hissəyə bölünmüş Şimali və Cənubi Azərbaycan xalqı Arazla ayrılmış Azərbaycanı bütöv görmək istəyir. Bu da təbii ki, normaldır.  Dünyada yüzilliklər boyu bir sıra qüvvələr tərəfindən, parçala hökm sür, siyasətinə uyğun olaraq bölünən və parçalanan dövlətlərdən biri kimi Azərbaycanın da nə vaxtsa birləşəcəyi ümidilə yaşayan insanların səsidir. Amma hər bir halda cəmiyyətin xalqın fikirləri ilə dövlətin mövqeyini düşünmədən eyniləşdirmək düzgün deyil. Çünki İranda da bu günn müxtəlif fikirlər səsləndirilir. Təbii ki, Azərbaycana qarşı təhdid xarakterli fikirlər səsləndirən rəsmilərdən savayı müxtəlif politoloqlar da var ki, buna İran dövləti mane olmur. 
Nəzərə almaq lazımdır ki, 3 ildən artıqdır ki, Azərbaycan Qoşulmama hərəkatına uğurla rəhbərlik edir. Bu hərəkatın əsas devizlərindən biri də digər dövlətlərin daxili işlərinə qarışmamaq müddəasıdır. Azərbaycan dövləti də bu müddəaya daim sadiqdir. Hesab edirəm ki, bu kimi fikirlərin sosial sifariş olması cəmiyyətin mövqeyi kimi səsləndirilməsi üçün ciddi və böyük bir prosesə ehtiyac var. Bu gün İranın daxilində baş verən proseslər artıq insanların İran rejimindən ciddi şəkildə narazılığından xəbər verir. Bu narazılıq İranda hətta İranda inqilabın baş verməsinə gətirib çıxaran prosesdir. Orada yaşayan soydaşlarımızın hüquqları İran dövləti tərəfindən qorunmalıdır. Əks halda İranın hazırkı rejiminin tarixə qovuşması an məsələsidir.”

Bünyamin Bünyadzadə
Visiontv.az