Sevginin pərəstiş üzü...-professor Səlahəddin Xəlil
Sevginin pərəstiş üzü...-professor Səlahəddin Xəlil
28.07.2020 Səlahəddin Xəlilov Tərəfindən

Öncəki paylaşmada "şöhrətpərəstlik"dən yazmışdım.

Şərhlərdən anlaşıldığına görə, sanki mən ümumiyyətlə pərəstişi pisləyirəm. Halbuki, müqəddəslik duyğusu, pərəstiş məqamı qədər ülvi heç nə ola bilməz. Mən pərəstişin əleyhinə deyiləm. Özüm də gecə-gündüz pərəstiş edirəm. Birincisi, təbii ki, Uca Yaradana! İkincisi, ülvi olan, saf olan hər şeyə. Bütün gözəlliklərə. Həqiqətə... "Allaha sevgi onun yaratdıqlarına sevgidən keçir", - deyir Əbu Turxan. Burda pərəstişin sevgi üzü vurğulanır... P.S. Bəli, burda mən pərəstişin sevgi üzünü vurğulayıram... Yadıma gənclik xatirələrim düşdü. 24 yaşından elmlər namizədi idim, mühazirələrimi gənclik enerjisi ilə, hiss-həyəcanla deyirdim... Tələbələrlə yaş fərqimiz az idi. Mən o vaxt subay idim, tələbələrin çoxu da qızlar idi. Hərdən sevgi məktubları alırdım... Əslində sevgidən daha çox, pərəstiş duyğuları ifadə olunurdu.

Fərdi qaydada cavab yazmırdım, amma mühazirələrimdə bəzi məqamları izah etməyə çalışırdım... Belə ki, sevginin də, pərəstiş duyğusunun da fərqli növləri, çalarları var. Amma onlar sinkretik olduğundan bəziləri bunları qarışıq salır. Tələbələrimin mənə olan münasibəti, əslində sözün, fikrin qüdrətinə, fəlsəfəyə, hikmətə olan pərəstiş duyğusu idi; hər halda mən belə hesab edirdim. Mən də onları çox sevirdim, amma yaş fərqinin çox az olmasına baxmayaraq mən onları millətimizin gələcəyi kimi, hətta övladım kimi sevirdim. Görünür ona görə də, sevib-seçdiyim, evləndiyim qız öz tələbələrim arasından olmadı. Sonralar mən "Məhəbbət və intellekt", "Aşkın rəngləri" kitabında belə incə məqamları da təhlil etməyə çalışmışam. Amma bu mövzu hələ də tam açılmdığından, mənim üçün elm fəlsəfəsindən daha cazibədardır. Yoxsa... Fəlsəfə rasionalizm çərçivəsində özünü qəfəsə salınmış kimi hiss edir.

Visiontv.az