Səsləri kimlərinsə vasitəsilə pulla alan millət vəkillərimiz də var - Nadir Qocabəyli
01.03.2021

Bir neçə il əvvəl feysbukda indiki kimi deputatların məvacibi qızğın müzakirə olunurdu. Yazdım ki, vallah, o pula çox göyərirsiniz, ancaq o məbləğ o deputatların heç toy nəmərinə çatmır...

Əlbəttə, deputat normal maaş almalıdır ve heç kəs də o maaşların azaldılmasını tələb etməməlidir. Ancaq digər vətəndaşların da normal iş yerləri, normal maaşları olmalıdır ki, deputatlardan maddi yardım, toy nəməri ummasınlar. Onlara paxıllıq etməsinlər…
İndi toylar yoxdur deyə, deputatı ayda 30-40 toya çağırmırlar, amma olanda çağırırdılar və deputat da həmin toylarda iştirak edərək, hərəsinə ölüsü 100 manat yazdırmalıydı. Ölüsü 100 ha, çünki yüzə toy sahibi hökmən ağız büzəcəkdi ki, bu nədir, o boyda deputatın yazdırdığı pula bax. Toya getməyə vaxtı, həvəsi olmasa da, nəmərini hökmən göndərməlidir. Göndərməsə, o deputatın günü göy əsgiyə büküləcək. Ardınca yüz söz danışacaq, şəbədə qoşacaqlar. Əleyhinə təbliğat aparacaq, gələn dəfə səs verməyəcəklər və s.

Hələ hüzür yerlərini demirəm. Deputat qohum-əqrəbada, qonum-qonşuda, seçildiyi dairədə nə qədər hüzür düşürsə, hamısına getməli, hamısına da yardım etməlidir. Etməsə, yenə işi fırıqdır. Bizdə ta qədimdən yüz deyənin olunca, yüz yeyənin olsun deyiblər...

Ustad Yunus Əmrə də gözəl deyib:
Çalış, qazan, ye, yedir,
Bir könül ələ gətir,
Yüz Kəbədən iyirəkdir (yəni yaxşıraq, yaxşı – N.Q.),
Bir könül ziyarəti...

Xəstələri, əlilləri, şəhid və qazi ailələrini də bunların üzərinə gəlsək, bir deputata ayda nəinki 5-6 min, heç 50-60 min də çatmaz. İnanın ki, bəzi deputatlar elə belə də edirlər. Ordan-burdan tapıb, verirlər ac-yalavac camaata ki, hörmətdən, nüfuzdan düşməsinlər. Çünki bizim xalq ta əzəldən ələbaxandır. Pul verməyən, xəsis adamı sevmir. Həm də onu da yaxşı bilir ki, vəzifə, məqam adamından puldan başqa nəsə almaq çətin məsələdir, real deyil. Bilirsiniz ki, ölkəmizdə bu şərait yoxdur.

Bir tanış deputat vardı. Özü seçilmişdi. Hökümət də mane olmamışdı. Bilirsiniz, nəyin hesabına? Dairə ərazisindəki bütün yas yerlərinə gedir, dəftərin arasına 1 şirvan hüzürpulu qoyurdu. Bəzən o pulu kimdənsə borc alırdı, amma hüzürü buraxmırdı. Yas yerində həm də öz təbliğatını aparırdı. Vaxt dolandı yetişdi, getdiyi bütün hüzür sahibləri ona səs verdilər, 3 min səslə oldu millət vəkili. Məsələ burasındadır ki, o adam deputat olduqdan sonra da hüzürlərə getməliydi, ancaq bu dəfə işsiz kimi yox, deputat kimi. Yəni artıq dəftərin arasına azı 10 şirvan qoymalıydı ki, hüzür sahibinin damağı islansın, yoxsa verdiyi səsi ona halal etməyəcək və bunu hər yerdə deyəcəkdi. Gözündən gəlsin sənə verdiyim səs! Bəli, biz belə xalqıq.

Xalqı da qınamalı deyil, iş yox, maaş yox, neyləməlidir?

Bir deputat tanış da and içir ki, biz o maaşın üstünə də qoyub camaata paylayırıq. Hər evə gələndə qapısının ağzında 5-6 adamın gözlədiyini görür. Birininin əlində 500 manatlıq resept, o biri uşağının təhsil haqqını ödəyə bilmir, üçüncünün işığını kəsiblər, dördüncünün balası əməliyyata girməlidir, beşincinin gözünə mirvari suyu gəlib və s. Bu adam da ürəyiyumşaqdır və həqiqətən o insanların səsiylə deputat olub. İndi onlara nə desin? Desin ki, filan qanunu qəbul edəcəyik, sənin problemin həll olunacaq? Deputat təhsili, tibbi xidməti pulsuz edə, dərmanların, işığın, qazın qiymətini aşağı sala bilərmi? Hamımız bilirik ki, xeyr. Milli Məclisin tribunasından yüz dəfə bağırsa da, səsi eşidilməyəcək. Necə ki, eşidilmir. Bunu o özü də çox gözəl bilir, xalq da. Odur ki, maaşını seçicilər arasında bölüşdürməklə vəziyyətdən çıxmağa çalışır.

Əlbəttə, xalqı zərrə qədər saymayan, deputat olmaq üçün onun səsindən istifadə etməyən, yaxud o səsləri kimlərinsə vasitəsilə pulla alan millət vəkillərimiz də var. Seçicilər nə onların evini tanıyır, nə qəbuluna düşə bilir, nə də küçədə görürlər. Bu deputatlar qara şüşəli maşınlardan mühafizəçilərin müşayiəti ilə düşüb, dərhal hansısa binaya girirlər. Qara eynək taxırlar ki, kimləsə göz-gözə gəlməsinlər. Onlar Məclisin iclaslarında da danışmır, müsahibə-filan vermir, yalnız düymə basırlar. Belələrinə, əlbəttə, nəinki o maaş, hətta bu ölkənin havası, suyu da haramdır. Ancaq məsələ burasındadır ki, onları tənqid edən, söyən, yada salan yoxdur. Hamı tökülüb beş-on az-çox fəaliyyəti, insafı, adamlığı olan deputatın üstünə.

Mənim əsla deputatlara qahmaq çıxmaq fikrim yoxdur. Bu yazını da hər zamankı kimi, həqiqət, obyektivlik naminə yazdım ki, hədəfləri qarışdırmayaq. Doğrusu, bəzi dairələr bunda çox maraqlıdırlar. Problem çoxdur, onları həll etmək istəyən və bacaran da yoxdur deyə, hökümət daim “günah keçiləri” axtarır və gündəmi onlarla doldurmağa çalışır.

Visiontv.az