Şərqin ilk qadın kinorejissoru
Şərqin ilk qadın kinorejissoru
26.01.2023 Qənirə Paşayeva Tərəfindən

Azərbaycanın, Güney Qafqazın və bütövlükdə müsəlman Şərqinin ilk qadın kinorejissoru, ssenari müəllifi, Azərbaycanda ilk uşaq filminin yaradıcısı, öz işinin vurğunu Qəmər Salamzadə (1908-1994) yeni cığır açaraq sənət tarixində bir İLKə imza atdı.

O, elə bir vaxtda kinorejissorluq sənətinə gəldi ki, həmin dövrdə Azərbaycan qadınları hələ də cəhalət buxovundan bütövlükdə xilas ola bilməmişdi. İlk səssiz uşaq filmini yaradan, “Natəvan” və “Nizami” adlı qısametrajlı filmlərin ssenari müəllifi оlan Qəmər xanımın adı film sahəsində bir çox yeniliklərin müəllifi kimi sənət tarixinə düşdü.

Onun 1936-cı ildə çəkdiyi, elə həmin ildə də etinasızlıq üzündən yoxa çıxan “Dəcəl dəstə” adlı ilk səssiz uşaq filmi çəkildiyi vaxtdan xeyli müddət keçəndən sonra, ilk dəfə 2008-ci ildə Azərbaycan tamaşaçılarına təqdim olunub. Dövlət Film Fondunun uzun axtarışlarından sonra Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə bu filmin bir nüsxəsi Rusiya Dövlət Film Fondundan tapılaraq ölkəmizə gətirilib. Film dünyanın ən yaxşı səssiz uşaq filmləri arasında önəmli yer tutur.

O, şair Əliqulu Qəmküsarın qızı, maarifçi aydınlar nəsli Nəcəfovların nümayəndəsi olaraq, sözə, sənətə yüksək dəyər verilən, milli-mədəni inkişaf yolunda hər cür fədakarlığa hazır olmağın təbliğ edildiyi bir evdə böyüyüb boya-başa çatmışdı. Qəmər Salamzadənin atası ünlü satirik şair, Mirzə Cəlilin yaxın məsləkdaşı, “Molla Nəsrəddin”in ən fəal müəlliflərindən biri və 1913-14-cü illərdə jurnalın redaktoru olmuşdu. Qadınların Azərbaycan mədəni həyatında fəallığının tədricən artdığı XX yüzilin əvvəllərində hələ də mürtəce qüvvələr qadın azadlığına xor baxır, istənilən sahədə qadınların fəaliyyəti ciddi maneələrlə qarşılaşırdı; lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan qadınları inkişaf edir, demək olar, sənətin bütün sahələrində öz məharətlərini göstərirdi. Belə qadınlardan biri də Qəmər Salamzadəydi.

Qəmər Əliqulu qızı Salamzadə 1908-ci il mayın 5-də Culfada dünyaya göz açmışdı. Ailəsi 1912-ci ildə maarifçi mədəni mühiti ilə dövrün aydınlarını özünə cəlb edən Tiflis şəhərinə köçmüşdü; lakin burada “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” imzaları ilə kəskin tənqidi məqalələr, felyeton və satirik şeirlər yazan atasının aydın dostları nə qədər çox idisə, fanatik, dindar, köhnəliyin tərəfdarı olan qaraguruhun içindəki düşmənləri də bir o qədər çox idi. – Atası Əliqulu Qəmküsarı 38 yaşında, 1919-cu ilin baharında Tiflisdə menşeviklər qətlə yetirmişdi. Cavan ailə başçısının itkisindən sonra Qəməri əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyütmüşdü. Mətbuat xadimi, publisist, maarifpərvər aydın olan Rzaqulu Nəcəfov Tiflisdə azərbaycanca nəşr edilən həftəlik “Yeni fikir” qəzetinin təsisçilərindən və redaktorlarından biri,  sovet hakimiyyəti illərində “Dan ulduzu” jurnalının redaktoru, “Molla Nəsrəddin” jurnalının müxbiri, Zaqafqaziya Yeni Əlifba Komitəsinin sədr müavini, Tiflis Türk (Azərbaycan) Dövlət Dram Teatrının direktoru olmuşdur.

Dövrünün qabaqcıl aydınlarından olan əmisinin himayəsində böyüməsi Qəmər xanımın təhsilində və dünyagörüşünün formalaşmasında önəmli rol oynamışdır. O, atasının sağlığında Naxçıvanda qız məktəbində təhsilə başlamış, daha sonra, Tiflisdə rus məktəbində oxumuşdu; lakin Əliqulu Qəmküsarın vəfatından sonra ailə yenidən Naxçıvana qayıtdığından Qəmər xanım da qız məktəbində təhsilinə davam etmişdi.

Hələ kiçik yaşlarından evlərində “Molla Nəsrəddin” jurnalının səhifələrində tez-tez gördüyü çadralı, hüquqsuz qadınların şəkilləri onun uşaq yaddaşında silinməz izlər qoymuşdu. Böyüyüb azad və vətəninə layiqli vətəndaş olmağı özünə söz vermişdi. Naxçıvanda qız məktəbində təhsil aldığı vaxtdan ictimai fəallığı ilə fərqlənən Qəmər məktəbin tamaşaya hazırladığı “Arşın mal alan” musiqili komediyasında dəfələrlə Telli rolunu oynamışdı. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və geniş söhbətlərdə davamlı olaraq iştirak etmişdi. Naxçıvan və Tiflis ədəbi-mədəni mühitinin yetirməsi olan gənc Qəmər xanım özünə kinorejissorluq sənəti seçəndə bir çox Azərbaycan qadını hələ də mövhumat və fanatizmin, köhnə həyat qanunlarının pəncəsində əziyyət çəkirdi.

O, Moskvada Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Qəmər xanım Moskvada XX yüzilin əvvəllərində dünyada ünlü olan bir çox rejissorla görüşüb, Kulişоv və Eyzenşteyn kimi sənətkarlardan kinо sənətinin sirlərini öyrənib. Təhsilini bitirdikdən sоnra Bakıya qayıdan Qəmər Salamzadə 1931-32-ci illərdə burada rejissоr Rza Təhmasib, rəssamlar Salam Salamzadə və Rüstəm Mustafayevlə eyni vaxtda aspiranturada охuyub. Onun ən böyük arzusu milli kinomuzun inkişafına xidmət olsa da, 30-cu illərin repressiyaları bu yaradıcı xanımın geniş fəaliyyət göstərməsinə mane olub. Dövrün ağır mühiti, üzləşdiyi təzadlı hadisələr, gərgin situasiyalar onu da sarsıdıb. Dəfələrlə çəkiləcək yeni bir filmə rejissor təyin olunsa da, bu vəzifənin icrasını son anda ya bir erməni ya da Moskvadan gəlmiş kiməsə həvalə ediblər... Belə hadisələr gənc rejissor Qəmər xanımı ciddi şəkildə sarsıtsa da, lakin o, bir an belə sənətinə olan sevgisini, həvəsini azaltmayıb, ruhdan salmayıb.

Elə həmin illərdə o, “Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, “Əlsiz adamlar” filmində (1932) rejissor assistenti, “Rəqs edən bağalar”da (1935) ikinci rejissor, “Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə) kimi kino sənətinə öz töhfələrini verib. Qəmər Salamzadənin “Azərbaycanfilm” Kinostudiyasındakı əsas fəaliyyəti isə Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Nəhayət ki, Qəmər xanımın rejissorluq məharətini göstərmək imkanı yaranıb. 1944-cü ildə  həkim Hüsniyyə Diyarova haqqında “Şəfa nəğməsi” sənədli filminin ssenari müəllifi və rejissoru kimi isə o, sənətə ilk müstəqil rejissor işini bəxş edə bilib.
Atası kimi mədəniyyətə marağı güclü olan Qəmər Salamzadə hələ Bakıda Pedaqoji İnstitutda (indiki ADPU) oxuduğu zamanlardan tamaşaya qoyulan əsərlərdə bir sıra yaddaqalan rollar yaradıb. Sonralar isə dövrün görkəmli aydınları və sənətkarlarının ona göstərdiyi kömək və etimad sayəsində Qəmər xanım sənətdə daha inamlı addımlarını atıb. Bu illərdə ictimai-mədəni ünsiyyət çevrəsi gündən-günə genişlənən Qəmər xanımın Hüseyn Cavid, Atababa Musaxanlı, Nazim Hikmət, Rza Təhmasib, Cəfər Cabbarlı ilə görüşləri onun sənətə baxış tərzinin formalaşmasına, inkişafına və cilalanmasına ciddi təsir göstərib. Moskvadakı tələbəlik illərində müxtəlif sahələrlə məşğul olan azərbaycanlı tələbələr – Səməd Mərdanov, Şüa Şeyxov, Həbib İsmayılov, Soltan Dadaşov, Əli Nazim və başqaları barədə qeydləri o illərin canlı salnaməsidir.

Əliqulu Qəmküsarın yeganə yadigarı, XX yüzilliyin ikinci onilliyindən bu günə qədərki keşməkeşli milli tariximizin, mədəni-ictimai həyatımızın şahidi olan Qəmər xanım Salamzadənin yaddaşında atası ilə bağlı acılı-şirinli zəngin xatirələri vardı. Bu xatirələrin müəyyən bir qismi onun “Kiçik pəncərədən görünən dünya” adlı kitabında toplanıb. Atası gözlərini əbədi yumanda Qəmər xanımın 11 yaşı vardı. Qəmküsar ədəbi-ictimai fəaliyyətinin ən qızğın illərində qaynar yaradıcılıq həyatından əbədi qoparılmışdı. Bu cəhətdən də Qəmər xanımın xatirələri Qəmküsarın ədəbi-ictimai fəaliyyətinin ən qaynar dövrü barədə bir çox məsələlərə aydınlıq gətirməklə yanaşı, dövrün xaraketristikası, ədəbi-mədəni həyatın çətinlikləri barədə də dolğun təsəvvür yaradır.
Bu maraqlı kitabda xalq rəssamı, Qəmər xanımın həyat yoldaşı Salam Salamzadə ilə bağlı epizodlar az olsa da, daim bu nəcib insanın Əliqulu Qəmküsarın yadigarı üzərində qayğısını hiss etdirir. Salam Salamzadənin rəngarəng rəsmlər dünyası Qəmər xanımın işıqlı daxili aləmi və yaratdıqları ilə bir ahəng təşkil edir. Bu ailə yüksək mədəni səviyyəsi ilə daim Azərbaycan aydınlarının od aldığı ocaq olub. Ona görə də dövrün görkəmli yaradıcı insanları Qəmər xanımın şirin həyat nağılından bəhs edərkən mütləq Salam Salamzadə haqqında da söz deməyə ehtiyac duyur...

“Kiçik pəncərədən görünən dünya” kitabı 1985-ci ildə tamamlanıb, kiçik bir tirajla 1986-cı ildə nəşr edilib. Odur ki müəllifin ictimai-siyasi hadisələrə dövrün ovqatından irəli gələn ənənəvi münasibəti etiraz doğurmamalıdır. İlk kinorejissor Azərbaycan qadınının 80 illik həyatında gördüklərinin bir qismini qələmə aldığı bu kitab keçmişimizi gələcək nəsillərə tanıtmaq, unudulmaz sənətkarımız Qəmküsarın və bir sıra Azərbaycan aydınlarının, Qəmküsar yadigarı Qəmər xanımın həyat yoluna bələd olmaq üçün etibarlı qaynaqdır.

Xalq rəssamı Salam Salamzadə ilə xoşbəxt bir ailə həyatı quran, birgə mənalı ömür yaşayan Qəmər Salamzadə eyni zamanda, dövrün ziddiyyətləri ilə mübarizədə keçən bir ömür yaşayıb. Hətta bürokratik mühitin təzyiqləri üzündən canından çox sevdiyi kino sənətindən getməli olub. Qüruru onu çox sevdiyi işi ilə vidalaşmağa məcbur etsə də, fikri, xəyalı həmişə kinoda qalıb. Böyük maneələr içində yaratdıqları ilə, bir təmiz adı və yaşadığı şərəfli ömürlə təsəlli tapıb...

Qəmər Salamzadənin rejissor zəhmətinin bəhrəsi olan onlarla film bu gün də kino salnaməmizin dəyərli inciləri sayılır. “Dəcəl dəstə” (1937), “Əlsiz adamlar” (1932), “Qızıl kol” (1930), “Rəqs edən bağalar” (1935), “Səbuhi” (1941), “Bir ailə” (1943), “Şəfa nəğməsi (1944) və b. sənət incilərini yaradan Qəmər Salamzadənin adı Azərbaycan tarixində iz qoyanlar sırasında həkk olunub. Dövrün mürəkkəb ictimai-siyasi mühitinin təsiri ilə yaradıcılığına vurulan zərbələrə baxmayaraq, sovet mətbuatı bu qadın rejissor haqqında qürurla bəhs edir, onun şəkilləri qəzet və jurnalları bəzəyirdi. Qəmər xanımın 1930-cu ildə Bakıda çıxan “Raboçiy zritel” jurnalının 35-ci sayının üz qabığında verilən şəklinin altında “Azərkino”da işləyən ilk qadın kinorejissor köməkçisi – türk qadını Qəmər Nəcəfova” sözləri yazılmışdı.

Onun böyük şövqlə başladığı iş sonralar Kinematoqrafiya sahəsinə üz tutan neçə-neçə qadın üçün yeni cığır açdı, işıqlı bir yola çevrildi. Qəmər Salamzadənin açdığı bu yolla addımlayanlar qazandığı uğurlara görə istedad və zəhmətlə yanaşı, həm də Azərbaycanın ən çətin günlərində həyatını millətinin mədəni tərəqqisinə həsr etmiş bu nəcib rejissor xanımın fədakar xidmətlərinə borcludur.

Sənətkar 1994-cü ildə 86 yaşında bu dünya ilə vidalaşaraq əbədiyyətə qovuşub. Bu gün fəxrlə demək olar ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva

Visiontv.az