Serj Sarkisyanın “ictimailəşdirdiyi” söz yığınına nəzər salsaq, bu kağız parçasının sənəd olmadığını başa düşə bilərik
Serj Sarkisyanın “ictimailəşdirdiyi” söz yığınına nəzər salsaq, bu kağız parçasının sənəd olmadığını başa düşə bilərik
23.08.2022 Elçin Mirzəbəyli Tərəfindən

Ermənistanın sabiq prezidenti və baş naziri, müharibə canisi Serj Sarkisyan cəhənnəmə vasil edilmiş “münaqişə”nin tənzimlənməsinin birinci mərhələsi ilə bağlı mənşəyi bəlli olmayan kağız parçasını “ictimailəşdirib”.

Kağız parçasının yuxarı hissəsində, təkcə “paket variantı” ifadəsinin qeyd olunması sübuta yetirir ki, söhbət çoxsaylı təkliflərin, yaxud təşəbbüslərin birindən gedir. Dövlətlərarası sənədləşmələrdən hətta hər hansı bir anlayışı olmayan istənilən şəxs Serj Sarkisyanın “ictimailəşdirdiyi” söz yığınına nəzər salmaqla, bu söz yığınının yer aldığı kağız parçasının sənəd olmadığını başa düşə bilər. Serjin kağız parçadındakı mətndə qeyd olunur ki, “Biz, Azərbaycan və Ermənistan prezidentləri, regionun təhlükəsizliyi və çiçəklənməsi üçün “dağlıq qarabağ münaqişəsi”nin tez bir zamanda həllinin zəruriliyi ilə razıyıq. Biz, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin BMT və ATƏT-in digər təməl sənədləri, eləcə də “ATƏT-in Minsk qrupunun həmsədr ölkələri”nin cəhdləri kontekstində “dağlıq qarabağ münaqişəsi”nin tənzimlənməsi ilə bağlı qəbul edilmiş sənədlərə sadiqliyimizi təsdiqləyirik. Bu bəyannamə paket razılaşması prinsipinə əsaslanır. Burada yer alan müddəalar vahiddir (tam, bütöv bir yanaşmanın tərkib hissəsidir). Onlar ayrı-ayrılıqda reallaşdırıla bilməzlər və (bu müddəaların gerçəkləşdirilməsi) “həmsədr ölkələr” də daxil olmaqla etibarlı beynəlxalq nəzarət tələb edir”.

Vəssalam... Bu Serj Azatoviçin “ictimailəşdirdiyi” “məxfi sənəd”in tərcüməsidir. Təsdiqlənməmiş, hətta müzakirəyə təqdim olunan layihə olduğu belə sübuta yetirilməmiş kağız parçası...

Amma məsələnin başqa bir tərəfi də var və Sarkisyanın kağız parçasına diqqət yetirməyimin əsas səbəbi də məhz bu “başqa tərəf”lə bağlıdır. Hazırda Ermənistanın siyasi qüvvələrinin gündəmini məğlubiyyətin səbəbkarlarının “axtarışı” təşkil edir. Hər kəs günahı başqasında axtarmağa, özünü təmizə çıxarmağa çalışır. Biz illər öncə bu mərhələni yaşamışıq. Amma maraqlıdır ki, bəzi qruplar Azərbaycanda da “köhnə palan içi sökməkdə” maraqlı görünür, keçmişin qalıqlarını yenidən dövriyyəyə buraxmaqla Ermənistandakı siyasi vəziyyətin “surətini” ölkəmizin gündəminə daşımağa çalışırlar. Halbuki qalib ölkə kimi hədəfimiz Ermənistanın siyasi gündəmini daim təzyiq altında saxlamaqdan ibarət olmalıdır.

Təfərrüatına varmayacağam, bu gün diqqətimizin milli hədəflərdən yayındırılamasına, Ermənistanın siyasi qüvvələrinin depressiyadan çıxmasına, kütləvi psixozdan ayılmasına xidmət edən istənilən yanaşma yanlışdır, qüsurludur və “üçüncü qüvvə”lərin əlinə işləyir.

Siyasi şərhçi Elçin Mirzəbəyli

visiontv.az