“Sərhədsiz reportyorlar”ın Azərbaycanda “söz azadlığı”-Şöhrət El-Dəniz
“Sərhədsiz reportyorlar”ın Azərbaycanda “söz azadlığı”-Şöhrət El-Dəniz
11.07.2021 Şöhrət El-Dəniz Tərəfindən

Demokratiya, söz azadlığı terminlərinə nəzəri baxış olduğu kimi qalsa da, praktik tətbiqi 20 il bundan əvvəlki formasından ciddi şəkildə fərqlənir. Sovetlərdən sonra müstəqil olan respublikalarda demokratiya və söz azadlığı təlqin olunan və olunanı öz bildiyimiz kimi tətbiq etməyə çalışsaq da enində sonunda yaradılan süni labirintdən hələ də çıxa bilməmişik. Nəzəri olaraq demokratiya və söz azadlığının tərifini asanlıqla deyirik. Amma tətbiqində rastlaşdığımız kənar maneələri keçə bilmirik ki, bilmirik.

İlk olaraq onu deyim ki, nəzəri olaraq təbliğ olunan demokratiya və söz azadlığına mütləq formada nail olmaq heç bir dövlətə müqəssər olmayıb. Hər bir ölkə öz maraqlarının sərhədləri çərçivəsində demokratikdir, mətbuatı da azaddır. Qırmızı xətt demokratiyanın və söz azadlığının beşiyi sayılan bütün ölkələrdə mövcuddur. Xətt varsa deməli bizə təlqin edilən mütləq demokratiya və söz azadlığı anlayışı da çərçivə daxilindədir. Sadəcə bizim kimi ölkələrdə tətbiq edilən qırmızı xətti, bizə demokratiya və söz azadlığı təlqin edənlər çəkməyə çalışır. Bu isə özünə yeni dövlət quranların və özünü dövlət kimi hiss edənlərin maraqları çərçivəsində olmur. Hər bir dövlət özünün varlığını, müstəqilliyini qorumaq üçün mövcud nəzəri demokratik və söz azadlığı prinsiplərini öz qırmızı xətti çərçivəsində görür və həyata keçirir. Bu xəttin arealı zaman-zaman genişənədə bilir, darala da.

Dediyimi misallarla əsaslandırmağa çalışacağam.

Son illər Paşinyan Ermənistanında söz azadlığı və demokratiyanın inkişafı ilə bağlı sərsəm fikirlər səslənir. Və çox təssüf ki, bu sərsəm fikirlər bizdə də deyilir və bir sıra yazılar həsr edilir. Halbu ki, cinayətkar Köçaryan və Sarkisyan Ermənistanından sonra SOROS-un layihə şəklində hakimiyyətə gətirdiyi Paşinyan Ermənistanın dövlət anlayışı ilə yaxından uzaqdan heç bir əlaqəsi olmadığını ya görmürlər ya da görmək istəmirlər. İstənilən layihə kiminsə maraqlarını təmin etmək üçün kabinetlərdə yaradılır və yazılır. Və bunun dövlətlə, dövlətçiliklə heç bir əlaqəsi yoxdur. Paşinyan layihəsinın də Qərb və ABŞ-ın qeyri-hökumət təşkilatları tərəfindən ortaya atıldığı heç kimdə şübhə doğurmamalıdır. Sadəcə olaraq 100 ildən çoxdur ki, Rusiyanın layihəsi olaraq yaradılan Ermənistana indi demokratik don geyindirilərək üzünü Qərbə yönəldirlər. Ermənistanın müstəqilliyini elan edəndən sonra keçdiyi yola nəzər salsaq ənənəvi dövlət strukturlarına və idarəetməyə rast gəlmək mümkün deyil. Hətta keçirdikləri seçkilərin belə müstəqil dövlətin tətbiq etdiyi yaxşı və yaxud pis formalarına bənzəmir. Vətən müharibəsində Ermənistanın atdığı addımlar isə bu ölkənin gələcəkdə belə dövlət olmaq şansını sıfıra endirdi. Ona görə Prezident İlham Əliyev həmişə, bütün çıxışlarında Ermənistanın dövlət olmadığını dilə gətirir.

“Demokratik” seçkilər və “söz azadlığı”

Ermənistanda keçirilən son seçkilərdən sonra bu ölkədə demokratiyanın və söz azadlığının qalib gəldiyini tirajlayanlar çoxalıb. Amma mən sizinlə indi adi bir riyazi hesablamalarla sübut edəcəyəm ki, Ermənistanda dövlət seçkilər keçirməyib. Və bu seçkilərdə nə əhalinin iradəsi nəzərə alınıb, nə demokratik prinsiplər, nə də söz azadlığı önəm kəsb etməyib. Ermənistanda seçkilər bir qrup adamın təşkil etdiyi demokratiya və söz azadlığının imtasiyası idi.

Bildiyiniz kimi ABŞ-ın dünyada ən böyük səfirliyi İrəvanda yerləşir. Çox maraqlıdır ki, 140 milyon əhalisi olan Rusiyada ABŞ-ın cəmi 560 əməkdaşı fəaliyyət göstərdiyi halda, 3 milyonluq Ermənistanda bu rəqəm təqribən 2500 nəfərdir. Bundan əlavə Ermənistanda SOROS, Qərb və ABŞ-a bağlı 3500 Qeyri-hökumət təşkilatları fəaliyyət göstərir.  Bütün bu təşkilatların maliyyə mənbələri və sifariş verən bossları Qərbdə və ABŞ-dadır. İndi adi hesablama aparsaq 3500 təşkilatın hər birində 10 nəfər əməkdaşın fəailiyyət göstərdiyini nəzərə alsaq bu təqribən 35 min adam edir. Bu 35 min adamın yaxınları və onlardan maliyyə alıb dolanan 20 nəfər əlavə etsək bu təqribən 700 min erməni edir. Dost-tanışlı bu rəqəmi 1 milyona çatdırmaq mümkündür. O cümlədən ABŞ səfirliyinin 2500 nəfərlik əməkdaşının təsiri altında olan erməniləri də nəzərə alsaq təqribən 250-300 min Qərb və ABŞ təsiri altında olan erməni deməkdir. Ümumiləşdirəndə Ermənistan əhalisinin yarısından çoxu, təqribən 1 milyon yarımdan çox adam SOROS, Qərb və ABŞ-ın maliyyələşdirdiyi təşkilatlardan bu və ya digər formada qidalanır. Nəticə isə ondan ibarətdir ki, bizim bəzi müxalif qüvvələrin bəh-bəhlə təriflədiyi Paşinyanın demokratik Ermənistanı sadəcə olaraq dolanışığını təmin etmək üçün özünü və vətənini satmağa hazır olan erməni yığınağından ibarətdir. Və Paşinyanın seçkilər vaxtı meydana çıxartdığı on minlərlə insan dediyim yarı ac, yarı tox ermənilərdir. Və onlar meydanlara demokratiya, söz azadlığı üçün yox, qarınlarını doyuzdurmaq üçün yığışmışdılar. Təbii ki, SOROS və Qərbin fondları bütün bunlara demokratik imic geyindirərək təlqin etməyə çalışır. Amma biz artıq 90-cı illərdə yaşamırıq. Dünyanın aparıcı dövlətlərinin ikili standartlarından xəbərimiz var. Və bu standartların ən çirkin formasını 44 günlük Vətən müharibəsində öz üzərimizdə hiss etdik. Təssüf ki, hələ də hiss etməkdəyik.

“Sərhədsiz reportyorlar”ın sərhədsiz qərəzi

Azərbaycanda mətbuatla bağlı problemlərin olduğunu hamı bilir. Və bu problemlərin kökünü də bilirik. 10 ildən çoxdur KİVDF deyilən qurumun bir qrup adamla etdiyi maxinasiyaları, peşəkar jurnalistikanın məhvinə yönəlik addımları, jurnalistlərin işgüzar fəaliyyətinə olan təzyiqləri, şantajları aparılan araşdırmalar nəticəsində üzə çıxmaqdadır. Bu araşdırmaların hüquqi-müstəviyə keçməsi həmən şəxslərin həbsi ilə nəticələndi və görünən odur ki, bu proses davam etdirilir. Yeni yaradılan MEDİA agentliyinin ölkədə aparılan islahatlar çərçivəsində atdığı addımlar Azərbaycanda bu sektora inamın və etibarın yaranmasına xidmət edəcəyi, böyük ümidlər yaradır. Mətbuatın yenidən təşkilatlanması, neqativ fəaliyyətlərin tez-tez ifşa edilməsi, müasir trendlərin tətbiq edilməsi və sair proseslər göstərir ki, dövlət tərəfindən Azərbaycan mediasına yeni baxışı sərgilənməkdədir. Və bu proseslərin tərkibi olaraq müstəqil mətbuatın dirçəldilməsi, söz azadlığına geniş meydan verilməsi aparılan islahatların ana xəttini təşkil edir. Amma bütün bunlara rəğmən “Sərhədsiz reportyorlar” təşkilatının Azərbaycan mətbuatı haqqında tutduğu mövqedə fərqli və qərəzli nüanslara rast gəlmək mümkündür. İllərdir hazırladıqları hesabatlarda heç vaxt obyektiv mövqe tutmağa cəhd belə istəməyiblər. Adətən hazırlanan hesabatlarda səhvlər, neqativlər söylənilməklə yanaşı, görülən ən xırda müsabət  addım da qeyd edilir. Amma “Sərhədsiz reportyorlar” təşkilatının Azərbaycan haqqında hazırladığı hesabatlarda siz heç vaxt bu cür müsbət məqamları görə bilməzsiniz. Çünki onların məqsədi öz maraqlarına hesablanmış “söz azadlığını” təlqin və tətbiq etməkdir. Bayaq onların Ermənistanda keçirilən seçkilərdə “söz azadlığı” və “demokratiya” düstürunu izah etdim. Bu təşkilatın özlərinə sərf edən “söz azadlığı” formulasına aid daha bir misal çəkmək istəyirəm. Özü də bəh-bəhlə təriflədikləri Ermənistan mətbuatı ilə bağlı. BBC radiosunun Azərbaycan dilində olan redaksiyasının İrəvandakı nümayəndəsi Alyoşa Monvelyanın oğlu jurnalist kimi fəaliyyətinə görə hələ Sarkisyanın dövründə həbs edilib. Səbəb kimi atasının Azərbaycan dilində hazırladığı reportajlarda ölkəmiz haqında müsbət fikirlər səsləndirməsi olub. O cümlədən öz fəaliyyətində də Ermənistan hakimiyyətini kəskin tənqid edən jurnalist kimi ad çıxardıb. Bu fəaliyyətinə görə Alyoşa Monvelyanın oğlu illərlə həbsxanada qaldı. Hətta Paşinyan hakimiyyətə gələndə belə onu həbsdən buraxmadılar. Çünki “demokrat” olan Paşinyan da Azərbaycanla bağlı həqiqətləri görmək istəmir və vətəndaşlarına da göstərmək istəmir. Sual oluna bilər, böyük bir media qurumu olan BBC-nin əməkdaşının oğlunu sözə, fikirə görə həbsə atırlar, illərlə işgəncə altında həbsxanada yatır, amma “Sərhədsiz reportyorlar” təşkilatı bu illər ərzində bir dəfə də olsun onun adını Ermənistanla bağlı hazırladığı hesabatlarda qeyd etmir. Səbəb təbii ki, təşkilatın bağlı olduğu dövlətlərin maraqlarından çıxış etməsidir. 

Digər bir misal. İki azərbaycanlı jurnalistin Kəlbəcərdə ermənilər tərəfindən basdırılan minaya düşərək həlak olması ilə bağlı “Sərhədsiz repartyorlar” təşkilatının tutduğu mövqeyini göstərə bilərəm.

2 gün geçikmə ilə bu təşkilatın verdiyi bəyanat 3-4 cümlədən ibarət idi.

"Həmin iki azərbaycanlı jurnalistin ölümü bu peşənin nümayəndələri üçün faciəvi xəbərdir", - "Sərhədsiz Reportyorlar"ın  Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin rəhbəri Janna Kavelye bildirib.

"Bu zonada çalışmaq istəyən digər jurnalistlər də eyni vəziyyətlə üzləşə və ya reportajlardan imtina edə bilər. "Sərhədsiz Reportyorlar" Azərbaycan hakimiyyətini bu zonada çalışan jurnalistləri qorumağa, bu hadisəni tam və şəffaf şəkildə araşdırmağa çağırır", - o qeyd edib.

Fikir verdiyiniz kimi hadisənin baş verməsinə səbəb olan Ermənistan haqqında bir kəlmə belə fikir yoxdur. Əksinə az qala jurnalistlərin ölməsinin səbəbkarı kimi Azərbaycan tərəfi günahkar sayılır. Digər tərəfdən, qurum hər hansı real fakta əsaslanmadan guya azərbaycanlı hərbçilərin Ermənistanla Azərbaycanın sərhəddində çəkiliş aparan ispaniyalı jurnalistləri ölümlə hədələdiklərini iddia etdi.

Bu cür faktlar onlarcadır. Əsasəndə 44 günlük müharibə dövründə “Sərhədsiz reportyorlar” təşkilatı Azərbaycana qarşı ənənəvi qərəzli münasibətini davam etdirdi. Qurumun yaydığı hesabatlarda ölkəmizdə söz və ifadə azadlığı, medianın durumu barədə ifrat dərəcədə iddiaların irəli sürülməsi, müxtəlif reytinq sıralarında Azərbaycanın ən aşağı yerlərdə göstərilməsi, bunu əsaslandırmaq üçün primitiv forma və metodlardan istifadə olunması adi hal alıb. Məqsəd belə vasitələrlə Azərbaycanı gözdən salmaq, onun beynəlxalq müstəvidəki imicini ləkələməkdir.  “Sərhədsiz reportyorlar” təşkilatı 44 günlük Vətən Müharibəsi dövründə öz vəzifə borcunu yerinə yetirmiş Azərbaycan və xarici jurnalistlərinin Ermənistan hərbçiləri tərəfindən atəşə tutulmasına heç bir münasibət bildirmədi.

“Sərhədsiz reportyorlar” təşkilatının Avropadakı “ demokratik liderləri”

Digər bir maraqlı faktı diqqətinizə çatdırım. “Sərhədsiz reportyorlar” təşkilatı Hollandiyanı jurnalistikanın durumunun ən yaxşı olduğu ölkələrdən biri kimi qeyd edir və onun adını  özünün illik hesabatında 7-ci pillədə, ən yaxşı 10-luqda  yerləşdirib. Halbu ki, bu faktla Hollandıyanın müstəqil jurnalist kəsiminin çox hissəsi razlıaşmır. “Sərhədsiz reportyorlar” təşkilatından fərqli olaraq bu ölkənin  jurnalistlər təşkilatı Hollandiyada mətbuatın durumunun heç də elan edilən kimi yaxşı olmadığını bildirirlər. Və bu fikri apardıqları araşdırmalarla təsdiq edirlər. Amma “Sərhədsiz reportyorlar” təşkilatı hesabatında məcburi qeyd edir ki, Hollandiyada mətbuatın vəziyyəti ən yaxşılar sırasındadır.

Bu ölkədə son 10 gün ərzində baş verən bir hadisəni sizin diqqətinizə çatdırım, nə dediyim sizə aydın olacaq. Hollandiyada kriminal reportajlar hazırlayan jurnalist Peter R. de Vries güllələnib. İnsident ölkənin paytaxtı Amsterdamda Lange Leidsedwars küçəsində baş verib. 5 güllə yarası alan jurnalist aldığı yaralardan xəstəxanada ölübdür. Hollandiya Jurnalistlər Cəmiyyətinin (NVJ) Baş katibi Thomas Bruning yazdığına görə, Peter R. de Vries “Boulevard” gündəlik televiziya proqramında çıxış edib, TV binasından çıxarkən güllələnib. Şübhələr onun çıxışı üzərində cəmləşib. Peter məşhur cinayət araşdırmaçısıdır. Hollandiyanın De Telegraaf, Panorama jurnalları üçün işləyir, həmçinin, televiziyada cinayət halları üzrə veriliş aparır. Əsasən,   gizli saxlanılan və ya düzgün istintaqı aparılmayan qətl işləri barədə araşdırma materialların müəllifi kimi tanınır. Aruba'daki gənc Natalee Holloway'ın 2006-cı ildə itkin düşməsini araşdıran işi üçün 2008-ci ildə beynəlxalq “Emmy Mükafatı” qazanıb.

Problem odur ki, NVJ son 2 il ərzində  Hollandiyada jurnalistlərin durumlarının kəskin şəkildə pisləşməsi, jurnalistlərin kriminal dəstələrin, xüsusən narkotik alverçilərinin  hücumlarına məruz qalması, araşdırmalara görə təqib olunmaları  haqqında silsilə açıqlamalar yayır. NVJ-nin hesabatlarında qeyd edilir ki, son 2 il ərzində ölkədə hər on araşdırmaçı jurnalistdən səkkizi təhdid alıb, fiziki və mənəvi təcavüzə məruz qalıb. 1 il ərzində Hollandiyada demək olar ki, 700 jurnalist bu cür hücumlara məruz qalması barədə anket doldurub. Qəribə olan həm də budur ki, “Sərhədsiz Reportyorlar” Hollandiyanı jurnalistikanın durumunun ən yaxşı olduğu ölkələrdən biri kimi qeyd edir və onun adını özünün illik hesabatında 7-ci pillədə, ən yaxşı 10-luqda yerləşdirir.

Yazımda göstərdiyim faktlar məni ilk cümlələrimdə ki, fikrə qayıtmağa vadar edir. Demokratiya və söz azadlığı məfhumunun nəzəri düsturu hamı üçün cəlbedici və parıltılıdır. Amma praktik tətbiqi heç də hamının hamıya prinsipi ilə işləmir. Daha güclülər öz maraqlarını demokratiya və söz azadlığı adı ilə diqtə etməyə çalışır. Öz istədiklərini təlqin edirlər. Dediyim kimi hər bir ölkə öz maraqlarının sərhədləri çərçivəsində demokratikdir, mətbuatı da azaddır. Qırmızı xətt demokratiyanın və söz azadlığının beşiyi sayılan bütün ölkələrdə mövcuddur. Xətt varsa deməli bizə təlqin edilən mütləq demokratiya və söz azadlığı anlayışı da çərçivə daxilindədir. Sadəcə bizim kimi ölkələrdə tətbiq edilən qırmızı xətti, bizə demokratiya və söz azadlığı təlqin edənlər çəkməyə çalışır. Bu isə özünə yeni dövlət quranların və özünü dövlət kimi hiss edənlərin maraqları çərçivəsində olmur. Hər bir dövlət özünün varlığını, müstəqilliyini qorumaq üçün mövcud nəzəri demokratik və söz azadlığı prinsiplərini öz qırmızı xətti çərçivəsində görür və həyata keçirir. Bu xəttin arealı zaman-zaman genişənə də bilir, darala da.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində hazırlanıb

visiontv.az