SEPAH-ın Azərbaycan-Ermənistan sülh müqaviləsinə qarşı planı: Paşinyana qarşı terror və Azərbaycanda daxili sabitliyi pozmaq
06.06.2023

Cari ilin yanvar ayında Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə İrana səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur". Bu məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Məlumatda deyilir ki, hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur. İrandakı Azərbaycan vətəndaşları konsulluq və digər müraciətləri üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlaya bilərlər. Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə xəbərdarlıq etmişdi və bunun səbəbi aydındır. Azərbaycan Xarici İşlər nazirliyinin bu açıqlaması İranla əlaqəsi olan, ora gedən bütün vətəndaşlarımız üçün ciddi siqnal olmalıdır. Hər kəs anlamalıdır ki, İran nə gəzməyə, nə ziyarətə getməyə, nə də ticarət üçün təhlükəsiz bir ölkə deyil. Bunu fars-molla rejimi dəfələrlə sübut edib. Tehranda Beynəlxalq qanunlarla toxunulmazlıq status olan səfirliyimizə qarşı edilən terror, gənc bir tələbəmizin SEPAH tərəfindən oğurlanması, onu cəsusluqda ittiham etmələri bu rejimin bizim üçün nə qədər təhlükəli olduğuna sübutdur. Bu fikri bir az diplomatik dillə xarici işlər nazirimiz Ceyhun Bayramov da jurnalistlərə bildirdi. Onun sözlərinə görə, bu, yalnız Təbriz şəhərində Baş konsulluğun çox məhdud şəkildə əməkdaşlarının fəaliyyətindən ibarətdir:  "Hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı etmişdi, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilmişdi. Bütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin İranda saxlanılması  ilə bağlı məlumat daxil olduqdan dərhal sonra həm Bakı şəhərində Nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda, bizim Baş Konsulluğumuz fəaliyyətə keçdi. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Həftələr sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin adam saxlanılıb, o, ittiham olunur və onunla bağlı cinayət işi açılıb. Tələbə ilə İrandakı Baş konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir”.

Xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib ki, Tehranda səfirliyimizə edilən terror cinayətinin istintaqı tezliklə başa çatdırılmalı və günahkarlar, bunu sifariş edənlərin məsuliyyətə cəlb olunmalıdır: “İran tərəfinin verdiyi məlumata görə, cinayət işi ilə bağlı istintaq hələ davam edir və ona görə də konkret nəticələr barədə hələ danışmaq tezdir. Biz hesab edirik ki, bu hadisə iki ölkə arasında münasibətlərə çox mənfi təsir edən amildir. Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub. Ancaq təbii ki, bu məsələlər bir-birindən asılıdır və Azərbaycan tərəfi tam əmin olmalıdır ki, cinayətkarlar, sifarişçilər məsuliyyətə cəlb olunmalı, sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfinə bununla bağlı bütün zəmanətlər sözdə deyil, əməldə verilməlidir”.

Gördüyünüz kimi Fars-molla rejimi Azərbaycanla münasibətləri guya yumşaltmaq, diplomatlarımızın Tehrana qayıtmağını istəyir. Amma Azərbaycanın qoyduğu tələbləri qulaqardına vurur və əl altdan da çirkin oyunlar həyata keçirir. SEPAH-a bağlı media qurumlarında gedən məlumatlara görə İranın keçmiş Xarici işlər naziri etiraf edir ki, Azərbaycan və Türk dövlətlərinin siyasi inkişafı yönündə, rejim yalnışlığa yol verib. Rejimin keçmiş rəsmiləri, özləri də etiraf edirlər ki, ölkə hər tərəfli iflasdadır. Fars-molla rejimi ermənilərin Azərbaycanla sülh müqaviləsini imzalamağından çox qorxur. Bununla bağlı İran rəsmilərinin gizli toplantılarında iki məsələni müzakirə ediblər. Ya Ermənistan baş naziri teror edilməli və Azərbaycanda daxili sabitlik pozulmalıdır, ya da gedən proseslə razılaşmalıdırlar. Gördüyünüz kimi fars-molla rejiminin yalançı göz yaşlarına, dostluq çağrışlarına heç vaxt inanmaq lazım deyil. Hətta beynəlxalq səviyyədə İran diplomatiyası hiyləgər, yalançı və verdiyi sözə xəyanət edən bir diplomatiya kimi tanınır.

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

İlahə Əliyev

visiontv.az