Səməd Seyidov: “AŞPA-da Azərbaycan üzrə hazırlanan məruzədə siyasi məhbus məsələsinə yanaşma dəyişib”
11.12.2019

“Bu həftə Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclaslar keçirilir və bu iclasların hamısı bizim üçün əhəmiyyətlidir”.

Bunu Visiontv.az-a açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S. Seyidov deyib ki, ilk olaraq Siyasi komitənin iclası keçirilib. Həmin iclasda Azərbaycanın prosedur qaydalarla bağlı təklif etdiyi dəyişiklik qəbul edilib: “Hesab edirik ki, indi Avropa Şurasının fəaliyyəti daha balanslaşdırılmış, daha obyektiv olacaq. Çünki Azərbaycan təklif edirdi ki, hər hansı məsələ qəbul ediləndə AŞPA deputatlarının böyük əksəriyyətinin fikri nəzərə alınsın, nəinki hansısa iclasda bir neçə deputat yığışıb hansısa qərar verməklə məsələyə müdaxilə etsin, hansısa məsələni gündəmə gətirsin. Ona görə də hesab edirəm ki, bu istiqamətdə qəbul edilən təklif həm ölkələr tərəfindən dəstəkləndi, həm də Avropa Şurasının daha obyektiv, daha balanslaşdırılmış mövqe nümayiş etdirməsinə imkan yaradır”.