Səhiyyə işçilərinin əməkhaqları yeni qaydalarla veriləcək
20.02.2020

Səhiyyə işçilərinin əməkhaqları yeni qaydalarla veriləcək.

Visiontv.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, yeni qaydaya əsasən, tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib. Əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir.

İcbari tibbi sığorta səhiyyə sahəsində aparılan əhəmiyyətli islahatdır. Azərbaycan səhiyyə sistemində ilk dəfədir ki, səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir.

Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur. Hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar.

Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”, - deyə Agentlik sədri bildirib. Növbəti yeniliklərdən biri də Agentliyin “Sığortaolunanın Tibbi Kabineti” adlı yeni elektron xidmətinin “myGov” portalına inteqrasiya olunması ilə bağlıdır.

Artıq vətəndaşlar tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində onlara göstərilən xidmətləri “MyGov” portalından sözügedən tibbi kabinetə daxil olaraq izləyə biləcəklər.

Z.Əliyev sonda bildirib ki, əhalinin səhiyyə sistemindən gözləntilərinin bir il ərzində qarşılanması mümkün deyil:

“Bunun üçün müəyyən vaxt tələb olunur və bu proses mərhələlərlə öz həllini tapacaq. Bir çox ölkələrdə icbari tibbi sığortanın tətbiqi müəyyən müddət ərzində reallaşmışdır. İcbari tibbi sığortanın tətbiqindən sonra da xəstəxanalarda həmin həkimlər çalışacaq, həmin tibbi xidmətlər göstəriləcək.

Sadəcə olaraq səhiyyə sisteminin icbari tibbi sığortaya keçidində yeni mexanizmlərin və qaydaların tətbiqi müsbət dəyişikliklərə səbəb olacaq.

Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, tibb müəssisələrində tətbiq olunan keyfiyyət standartları, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi, əməkhaqlarına tətbiq edilən əlavələr – bütün bunlar hamısı göstərilən tibbi xidmətlərin keyfiyyətinə bilavasitə təsir etmiş olacaq.

Bu islahatın uğurla həyata keçirilməsi ölkəmizdə səhiyyə sistemini köklü sürətdə dəyişəcək və əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq”.