Şəhid Emin Ağazadənin 2-ci qız övladı dünyaya gəldi - FOTOLAR
20.02.2021

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Emin Ağazadənin 17 fevral 2021-ci il tarixində ikinci qız övladı dünyaya gəlib. Uşağa atasının arzusu ilə Emilya adı verilib. Bu gün xəstəxanadan evə  yola salınan şəhidimizin övladını xəstəxana önündə  İsmayıllı Rayon İcra Hakimiyyətinin , İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və “Yaşat“ Fondunun  əməkdaşları qarşılamışlar.

Şəhid ailələri və müharibə iştirakçıları hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Vətən müharibəsində şəhid olanların övladları bizə onların əmanətidir. 
 
İsmayıllı Rayon İcra Hakimiyyəti şəhid övladlarını diqqətdə saxladığı kimi yeni doğulan körpə fidanımızı da  daim qayğı ilə əhatə edəcəkdir.
 
Qeyd edək ki, Emin Ağazadə İsmayıllı rayon Kürdmaşı kəndində anadan olmuşdur. Könüllü olaraq Vətən müharibəsinə  qatılan Emin Ağazadə 25 oktyabr 2020-ci il tarixdə  Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  E. Ağazadə doğulduğu Kürdmaşı kəndində torpağa tapşırılıb.

Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə Emin  Ağazadə ölümündən sonra “Vətən uğrunda” və “Qubadlının azad edilməsi uğrunda” medalları ilə təltif edilib.