Seçkilərə qədər rəsmi İrəvandan konkret addımların atılmasını gözləmək sadəlövhlükdür - deputat Nəsib Məhəməliyev
Seçkilərə qədər rəsmi İrəvandan konkret addımların atılmasını gözləmək sadəlövhlükdür - deputat Nəsib Məhəməliyev
15.04.2021 Nəsib Məhəməliyev Tərəfindən

ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış; Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda Prezident İlham Əliyev tarixi faktları xatırlatmaqla bərabər, yeni yaranmış geosiyasi reallıqlara uyğun olaraq Azərbaycanın mövqeyini açıqladı. Gələcək əməkdaşlığa, kommunikasiyaların açılmasına, iqtisadi inkişafa, dayanıqlı sülhə hesablanmış mesajlarını erməni cəmiyyətinə və dünya birliyinə çatdırdı.

Lakin bu çağırışlara rəsmi İrəvanın və onlara havadarlıq edən ölkələrin  hazır olması barədə düşünmək hələ tezdir.

Əvvəla nəzərə almaq lazımdır ki, Ermənistan  heç zaman müstəqil siyasət aparmamışdır. Hər hansı prinsipial qərarlar qəbul edilərkən erməni diasporasının, kilsənin və forpostu olduğu ölkənin maraqları əsas götürülmüşdür. Ən azından mövqeləri nəzərə alınmışdır. Ağır məğlubiyyətdən sonra isə, erməni cəmiyyətində ciddi parçalanmalar baş vermiş, dövlət idarəetmə sistemində böhran yaşanmaqdadır. Balaca bir ölkədə əvvəllər mövcud olmuş hərbi bazalara  yeniləri də əlavə olunur. Rəsmi İrəvanın Qarabağ ərazisinə təsir imkanları demək olar ki, tam məhdudlaşdırılmışdır. Sülhməramlı missiyasını həyata keçirən Rusiyalı hərbçilərin fəaliyyəti müəyyən narazılıqlar yaradır. Regionun böyük dövlətlərinin qlobal siyasi maraqlarının toqquşması, Qarabağ ətrafında nizamlanma prosesini ləngidir.

Bütün bunları nəzərə alaraq bir nəticəyə gəlmək olar ki, ən azından iyun ayında keçiriləcək seçkilərə qədər rəsmi İrəvandan konkret addımların atılmasını gözləmək sadəlövhlükdür. Əgər Paşinyan və komandası xalqın əksəriyyətinin səsini qazanaraq koalisiyasız hökumət qura bilsə, əməkdaşlıq üçün müsbət şərait yarana bilər. Əks halda, bölgədə uzun müddətli gərginlik davam edəcəkdir.

Yeganə çıxış yolu xəstə psixologiyadan, saxta tarixi illyüzalardan, diasporadan imtina etməkdən, qonşularla əməkdaşlığa başlamaqdan ibarətdir.

Visiontv.az