Səbinə və dəstəsi tərəfindən evi soyulan müğənni: "İt onu yaxşı tanıyır"
30.09.2019

Saat 19:00-21:00 radələrində ailə məclisinə getdik. İki saat ərzində evdə heç kəs olmayıb. Qapı qonşum mənzilimə girərək seyfi oğurlayıb. Vaxt olub ki, biz açarı qonşuya vermişik. O da bundan istifadə edib, açarın surətini çıxarıb və bu yolla mənzilə daxil olub. Ağlımın ucundan belə keçməzdi ki, oğurluğu qapı qonşum edər. Xəbər tutanda şoka düşdüm.

VisionTV.az bildirir ki, bu sözləri dəstə üzvləri tərəfindən mənzili qarət olunan "FM Express" estrada qrupunun banisi və solisti Fuad Musayev oxu.az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

O, hələ də oğurlanan 1800 dollar pulun geri qaytarılmadığını bildirib.

"Oğurluq edən qonşumun anası gəlib məndən üzr istəməyib. Elə bil ki, mən onların evlərini soymuşam. Yəqin, utandığından gəlmir. Mənzilimdə it də var. Amma qonşunu tanıdığından ona heç bir reasiya verməyib. Çünki it onu yaxşı tanıyır.

Qonşum evə girib, iti hamama kilidləyib. Daha sonra isə dəstənin digər üzvləri mənzilə daxil olub. Heç istəməzdim ki, bu cür hadisə ilə mətbuat məndən yazsın və gündəmə gəlim. Amma bu cür hadisədən heç kəs sığortalanmayıb".