Rusiyanın telekanallarında hibrid informasiya savaşının ən iyrənc mexanizmləri tətbiq olunur
Rusiyanın telekanallarında hibrid informasiya savaşının ən iyrənc mexanizmləri tətbiq olunur
17.02.2022 Elçin Mirzəbəyli Tərəfindən

Dünən təsadüfən Vladimir Solovyovun Rusiyanın dövlət kanalında yayımlanan tok-şousunu izlədim. Eyni “propoqan...” simalar və təbii ki, Marqarita Simonyan...

Hər kəlmədə Ukrayna xalqı təhqir olunur, aşağılanır, dünyanın ən miskin, ən qorxaq və ən etibarsız toplumu kimi təqdim olunurdu... Həm də klassik erməni media f...... Marqaritanın dilindən... İki “S” – Simonyan və Solovyov ağız-ağıza verib İosif Brodskinin hələ kimsəyə bəlli olmayan səbəblərdən qələmə aldığı və təəssüf ki, Brodskiyə məxsusluğu sübuta yetirilən şeirini səsləndirirdilər. Daha doğrusu, Marqarita səsləndirirdi, Vladimir isə əyri-üyrü üz cizgiləri ilə ritm tuturdu...
Brodski ilə işim yoxdur. Onun hansı siyasi səbəblərdən Nobel mükafatı aldığını anlamaq üçün böyük intellekt sahibi olmaq lazım deyil.

Amma Rusiyanın dövlət kanalının efirindən fasiləsiz olaraq, bütöv bir xalıqın ən ağır ifadələrlə təhqir olunmasının izahı yoxdur. Bu, təəssüf ki, nəhəng filosofların, ədəbiyyat adamlarının sağalda bilmədiyi kobud, tərbiyəsiz, mənəviyyatsız “velikorus” xəstəliyinin ənənəvi simptomlarıdır. Bütün bunlardan sonra, “Sovet İttifaqı”ndan, yaxud hansısa mücərrəd birgəyaşayış modelindən danışmaq ən aşağı statuslu köləlik təklifindən başqa bir şey deyil. Xəstə “velikorus” ultramillətçi təfəkkürü, sadəcə Ukraynanın ərazisinə sahiblənmək istəmir, Ukrayna xalqını hər addımda əzmək, aşağılamaq, yerlə bir etmək arzusu ilə alışıb yanır. Və bütün bunlardan sonra, Rusiya ilə mücərrəd və perspektiv inteqerasiya modellərindən söz açanların arqumentlərini təkrar-təkrar dinləmək və hər kəlmənin sonunda hamının görə biləcəyi Rusiyanı nişan vermək istəyirəm.

Çox da uzağa getməyin, Rusiyanın telekanallarında yayımlanan tok-şoulara tamaşa edin, hibrid informasiya savaşının ən iyrənc mexanizmlərinin tətbiq olunduğu media resurslarını izləyin və nəticə çıxarın...

Siyasi şərhçi Elçin Mirzəbəyli

Visiontv.az