“Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
18.12.2019

Həmkarlarımız qida təhlükəsizliyi ilə bağlı 2 faktı gün üzünə çıxarıblar. Jurnalist Səbuhi Məmmədli şübhəli yağlarla bağlı sosial şəbəkədə paylaşım edib.

Visiontv.az-ın Sağlamolun.az saytına istinadən verdiyi xəbərə görə, hazırda paytaxt marketlərində və bazarlarda satılan yağların fotolarını da paylaşan jurnalist bunları yazıb:

“Bu yağ “Araz” marketlərdə satılır. Qısa araşdırmadan sonra məlum oldu ki, bu yağın Rusiyada bir kiloqramı – hələ yeniilqabağı aksiyada 527 rubldu. Bizim pulla təxminən 13 manat. Və adına yağ dedikləri bu nədisə bu adamlar bizə satırlar. Və ən maraqlısı bilirsinizmi nədir? “Zemlyanskie” yağı var, amma “Zemlyanskie prostorı” adında Rusiyada yağ istehsal edilmir. Bu, cinayətdir.

Başqa yağ növünü isə “Rusiya kərə yağı” adı altında "Vosmoy" bazarında (8-ci kilometr) satırlar. Qiyməti 2 manat 70 qəpik. Bu, cinayət deyil. Bu, artıq xalqa qarşı “genosiddir”.

Digər həmkarımız Ramilə Qurbanlı isə “Bismak” vafliləri ilə bağlı paylaşım edib: “Lökbatanda “KİNGSMART” supermarketi bizə belə fırıldaq gəlir. Birinci şəkildə məhsulun vaxtının bitmə tarixi 15.10.2019 yazılıb, üstünə yapışdırılan ikinci kağızda tarix dəyişdirilib 10-cu ay 12-ci ay kimi göstərilib. Sonradan görürəm ki, kağızın altında bir kağız da görünür, asanlıqla aralayıb bu cinayətin şahidi oluram...Söz tapmıram bu əclaflığı ifadə etməyə”.

Burda deyiblər sayı çox, sanbalı yox. Paytaxtda küçələrin başında da, ayağında da supermarketlər fəaliyyət göstərir. Cəlbedici çağırışlarla əhalini qapılarını açmağa vadar edirlər. Amma daxil olanda, almağa keyfiyyətli məhsul tapmırsan. Üstəlik istifadə müddəti bitmiş məhsulların satışda saxlanması, keyfiyyət göstəriciləri bəlli olmayan, harda istehsal edildiyi müəmmalı məhsul fırıldaqları əhalini bezdirib.

Yağ məsələsi isə “yağ kimi” olmaqdan çoxdan çıxıb, daşa dönüb. Satışda növbənöv, bol çeşidli yağlar var. Lakin əhali almağa ehtiyat edir. Çünki tərkibindən arxayın deyil. Həqiqətən də kərə yağının qiymətinin 2 manat 70 qəpiyə olması utopiyadır. Satış mərkəzlərinə niyə nəzarət edilmir, edilirsə də, demək ki, düzgün və qaydasında deyil.

İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirdi ki, yağlarla bağlı məsələ ciddi araşdırılmalıdır: “Pərakəndə satış qiyməti ilə topdansatış qiymətində həmişə fərq olur. Ola bilsin ki, 527 rubl yağın pərakəndə satış qiymətidir, topdansatış qiyməti isə nisbətən  ucuzdur. Bizim sahibkarlar yağı pərakəndə satış qiymətinə deyil, topdansatış qiymətinə alırlar. Bu baxımdan Bakıda satılan yağın qiymətinin nisbətən ucuz olması mümkündür. Başqa məsələ, yağların keyfiyyət göstəricisidir. Bu yağın tərkibində nə qədər kərə, nə qədər digər yağlar, qatqı maddələri var?!. Bilirsiniz ki, hazırda sped yağlar – bitki tərkibli yağlar geniş yayılıb. Bitki tərkibli yağların bəzisində yazılır ki, tərkibində filan qədər, neçə faizsə kərə yağı var. Yağın qiyməti tərkibinə görə dəyişə bilir. Bizim əsas problemimiz mal və məhsulların üzərindəki etiket göstəricilərinin reallığı əks etdirməməsidir. Yəni, etiketdə bir şey yazılır, amma faktiki keyfiyyət göstəriciləri yazılanlarla uyğun gəlmir. Müştəri, istehlakçı bax burda aldadılır. Deyirlər, Rusiyadan bura yağ gəlmir, hamısı yerli istehsaldı, üstünə yalandan “Rusiya”, “Belorus” və sair yazılır. Bu artıq gizli və qaranlıq iqtisadiyyatdır.

Bu sahədə dövlət orqanlarının ciddi yoxlamalar aparmalıdır və əhaliyə də məlumat verilməlidir. Amma bir məsələ də var;  istənilən sahibkar ölkəyə məhsul idxal etdikdə xərclərin minimum olmasına çalışır ki, qiymətqoyma prosesində çətinlik yaranmasın. Elə qiymət qoya bilsin ki, məhsul alınsın. Bunun üçün də məsələn, yağları istehsal edən müəssisədən çəki ilə alır, etiketini, qablaşdırma materialını da ölkəyə ayrıca gətirirlər. Burda o yağlar kəsilir, doğranır, paketlənir, etiketi vurulur və satışa çıxarılır. Bunu xərcləri az olsun deyə edirlər. Qaldı ki, istifadə müddəti ötmüş vaflilərə, bu, açıq dələduzluq və cinayətdir. Belə hallar ifşa olunmalı və günahkarlar da cəzalanmalıdır. Aidiyyəti orqanlar fakt üzrə cinayət işi açmalı və təhqiqat aparmalıdırlar. Təəssüf ki, marketlərdə belə özbaşınalıq və fırıldaqlara yol verilir. Marketlərin sayı çoxdur, əməkdaşların da sayı çoxdur, amma xidmət sıfırdır. Marketlərdə marketoloqlar işləməlidir, istehsal müddəti bitmək üzrə olan mallar vaxtında aşkarlanmalı, bir ay əvvəldən həmin məhsul endirimlə satışa çıxarılmalıdır. Bütün mal və məhsulların siyahısı computer bazasında olmalıdır və ona daim nəzarət edilməlidir”.