Rusiyanın Hizbullahı- "Vaqner" qrupu-Bəybala Mirzəyev
04.08.2020

Bugünlərdə Belarus Respublikası ərazisində "Vaqner" qrupunun muzdlu döyüşçülərinin yaxalanmasından sonra, bütün dünyada Rusiyanın bu qeyri-rəsmi, anonim hərbçilərinin varlığına maraq hissi həddindən artıq çoxalıb. Birbaşa Putinə və Putinin aşpazı sayılan Yevgeni Priqojinə bağlı olan və Kremlin "gizli xərclər" bəndi əsasında maliyyələşdirilən ÇVK "Vaqner" muzdluları Donbasdan (Ukrayna) tutmuş, Suriya, Liviya, Sudan, Mozambik, Mərkəzi Afrika Respublikası və bir sıra başqa ölkələrdə Rusiyanın geopolitik və geoiqtisadi maraqları uğrunda döyüşürlər.

Ancaq buna baxmayaraq Rusiya rəsmiləri bu muzdluların mövcudluğunu və bu qrupun Kremlin geopolitik maraqlarına xidmət etdiyini inkar edirlər.

Böyük ehtimalla, "Vaqner"çilər Belarusa da bu ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində qarışıqlıq yaratmaq üçün göndəriliblər. Hərçənd ki, rəsmi Moskva bu faktı danır.

İndi dünyanın quzğun dövlətləri yaxın və uzaq xaricdə öz iqtisadi maraqlarını və siyasi planlarını həyata keçirmək üçün leqal, rəsmi yollarla bərabər, həm də bu cür anonim döyüş qruplarından, keçmiş xüsusi təyinatlılardan da istifadə edirlər. Rusiya bu təcrübəni ilk növbədə İrandan mənimsəyib.

İranın rəsmi hərbi-siyasi strukturu sayılan SEPAH və qeyri-rəsmi silahlı qruplaşması kimi tanınan "Hizbullah" Rusiya üçün əsl təcrübə məktəbidir. İndi ÇVK "Vaqner" də eynilə "Hizbullah" Yaxın və Orta Şərq ölkələrində, eləcə də Afrika qitəsində fəaliyyətini genişləndirir. "Vaqner"çilərin Suriyada əsas maraqları siyasi zəmində idisə, Liviyada və Mozambikdə isə onlar ilk növbədə böyük enerji mənbələri uğrunda ölüm-dirim savaşına girişiblər.

Ancaq bu yarımgizli muzdlu hərbi təşkilat hər nə qədər qorxunc qüvvə kimi piar olunsa da belə, lakin Donbasda, Suriyada və Mozambikdə yerli hərbi qüvvələr "Vaqner"çiləri qırıb töküblər, darmadağın ediblər.

Buna baxmayaraq Kreml bu qruplaşmadan hələ də müxtəlif ölkələrə qarşı istifadə edilməsinə davam edir.

Məşhur jurnalist soydaşımız Orxan Camalın və onun çəkiliş qrupunun üzvlərinin Mərkəzi Afrikada qətlə yetirilməsini də məhz ÇVK "Vaqner" həyata keçirmişdi.

Qeyd:

ÇVK- rus dilində "Çastnaya Voennaya Kompaniya" (yəni ki, "Özəl Hərbi Şirkət") deməkdir.

"Vaqner" isə bu qruplaşmanın əsasını qoymuş keçmiş xüsusi təyinatlı Dmitri Utkinin döyüş ləqəbidir.

Visiontv.az