Rusiyanın davamlı şəkildə ermənilərə pulsuz silahlar verməsi bölgədə gərginliyin artmasına xidmət edir-deputat Nəsib Məhəməliyev
13.08.2020

İndiki halda Rusiyadan Ermənistana hərbi yüklərin, konkret olaraq silahların daşınması iki ölkə arasında formalaşmış dostluq, strateji müttəfiqlik ruhuna qətiyyən uyğun deyil.

Birincisi, Rusiya ATƏT-in Minsk qrupunun üzvü olaraq, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll olunması üçün neytral mövqe tutmalıdır. Davamlı şəkildə ermənilərə pulsuz silahların verilməsi, digər hərbi yardımların göstərilməsi isə, konfliktin həllinə yox, əksinə bölgədə gərginliyin artırılmasına xidmət edir. Paradoksal bir vəziyyət yaranmışdır. Paşinyan, onun komandası küçə yürüşləri zamanı və hakimiyyətə gələn andan Rusiya rəhbərliyini müxtəlif vasitələrlə təhqir edir, Ermənistanın düşdüyü vəziyyətə görə Rusiyanı günahkar bilir. Havadarlarının təhriki ilə qərbyönümlü siyasət yürüdərək, forpost statusundan çıxmaq istəyirlər. Rusiya telekanallarının translyasiyasını qadağan edir, bütövlükdə erməni cəmiyyətini Rusiya əleyhinə kökləyirlər.

Ancaq indiyə qədər belə halların heç biri Azərbaycanda müşahidə edilməmişdir. Azərbaycan xalqı heç vaxt dostluğa, qonşuluğa xəyanət etməmişdir və gələcəkdə də etməyəcəkdir. Bütün bunlara baxmayaraq, əks tərəfdən lazımi qarşılıq almamışdır. Bu da haqlı olaraq xalqımızda Rusiyaya qarşı inamsızlıq yaradır. Ermənilərlə münasibətdə isə, tam fərqli situasiyanın şahidi oluruq.

Necə deyərlər “sən məni sevməsəndə, sevəcəyəm səni mən”. Təəssüflər olsun ki, Rusiyada bir çox siyasi qüvvələr hələ də 300 il əvvəl formalaşmış yanlış iddialarla yaşayır. Anlamaq lazımdır ki, artıq iyirmi birinci əsrdir və reallıqlar başqadır. Ağıllı ölkələr ilk növbədə öz xalqının əmin amanlığı, xoşbəxtliyi uğrunda mübarizə aparırlar. Böyük dövlətlərin böyüklüyü ondadır ki, onlar hər zaman haqqın, ədalətin yanındadırlar. Şəxsi ambisiyalardan yox, ədalət prinsiplərindən çıxış edirlər. Biz Azərbaycan xalqı olaraq, hər zaman əzəli qonşumuz, dostumuz rus xalqının təbii haqlarını müdafiə edirik və onlardan da bu haqqı umuruq.

Visiontv.az