Rusiyanın 2 minlik əsgəri təhdid deyil, ola bilməz - Kənan Rövşənoğlu
Rusiyanın 2 minlik əsgəri təhdid deyil, ola bilməz - Kənan Rövşənoğlu
11.11.2020 Kənan Rövşənoğlu Tərəfindən

Camaatımızın rus qorxusu anlaşılandır, başıməz çəkib. Erməni bəlasını başımıza müsəllət edən rus olub.

Amma hər məsələyə görə bildiyimiz bucağın konturları ilə qiymət vermək olmaz. Hər işin görünən və görünməyən tərəfləri var.
Qaldı ki, o rus deputatın açıqlamasına, vallah bizdə deputatlar elə şeylər danışır ki, onları tutub ayağından asarlar, amma dinmirlər. Deputatın işi danışmaqdır, bir az da basıb bağlamaqla gündəm olmağa çalışırlar.

Rusiyanın 2 minlik əsgəri təhdid deyil, ola bilməz. Ən pis halda Azərbaycan Şuşa hərbi qarnizonu yaradıb Türkiyə ordusunu yerləşdirər ora. İlham Əliyev bunun üçün hüquqi bazanın olduğunu dedi. Yəni bizim hökumətin əlində istifadə etmədiyi alternativlər var.

Hələliksə mövcud sazişin icrası və texniki detalları işlənib hazırlanmalıdır. Çünki 10 noyabr sənədi sadəcə bəyanatdır, bunun altında bütün detalları nəzərdə tutan rəsmi, parlamentlərin təsdiqləyəcəyi yekun sənəd olacaq. Bütün suallar da orda cavablanacaq.
Biz bu müharibəni döyüş cəbhəsində qalib gəlmiş tərəfik, narazı qaldığımız, ya da kiminsə narazı olduğu məqamlar ola bilər. Daha çoxunu istəyənləri də anlamaq olar. Amma Sezar dövrü deyil, "Veni-vidi-vici" olmur. Bütün istədiklərini almaq mümkün deyil.
Müharibənin ən çətin və ağır mərhələsi indi başlayır. 44 günlük müharibə göstərdi ki, qlobal siyasi güclər arasında dostlarımız azdır, amma tam yalnız da deyilıik. İndi əsas iş əldə etdiklərimizi qoruyub saxlamaq, siyasət cəbhəsində düşmənləri tərk-silah etməkdir. Ələlxüsus da Rusiya. Moskvanı düşmən elan edib onunla vuruşmağı deyil, necə dil tapıb bu vəziyyəti öz xeyirimizə çevirmək haqqında düşünmək lazımdır. Son müharibə də göstərdi ki, Moskvanın maraqları tələb edəndə Ermənistanı rahat şəkildə qurban verə bilər. Yeni qlobal siyasi perspektiv Moskva və Ankaranı yaxınlaşdırır. Bakı da bu prosesdən faydalana bilər.

Yəni nəticə etibarı ilə Moskvanı istədiyiniz qədər söyə bilərsiniz, amma nəzərə alın ki, Azərbaycanı idarə edənlərin bu mövzuda sizin qədər sərbəstliyi yoxdur.

Visiontv.az