Rusiyada qrup yoldaşlarına və müəlliminə qarşı hücum planlaşdıran tələbə həbs olunub
28.10.2019

Moskva vilayətinin Zaraysk şəhər məhkəməsi qrup yoldaşlarına qarşı hücum hazırlayan Luhovidski Aqrar – Sənaye kollecinin tələbəsini həbs edib.

Visiontv.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Moskva regional məhkəməsinin mətbuat xidməti məlumat yayıb.  

Zaraysk  şəhər məhkəməsinin qərarına əsasən, iki və daha artıq şəxsin öldürülməsinə cəhddə şübhəli bilinən Boris Banin dekabrın 23-dək istintaq təcridxanasına göndərilib. B. Banin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair məhkəmə iclası bağlı qapılar arxasında keçirilib.

İstintaq Komitəsinin məlumatına görə, Banin sinif yoldaşlarını və müəllimlərdən birini odlu silahla vurmağı planlaşdırırmış. Həbs edilərkən ondan Makarov sisteminə aid olduğu iddia edilən tapança götürülüb.

Hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib ki, Serebryanye Prudi qəsəbəsində anadan olan Boris Banin Zarayskda oxuyub və orada yataqxanada yaşayıb: "O, yataqxanadakı qonşuları ilə daim münaqişə edirdi. Onlar Banini bir neçə dəfə döyüblər. İstintaq hesab edir ki, Banin onları güllələməyi planlaşdırırmış. Onun müəllimlərdən biri ilə də münaqişəsi vardı və o, müəllimin qətlini də planlaşdırıb".