Rusiyada əhalinin koronavirusa qarşı kütləvi vaksinasiyasına başlanılıb
18.01.2021

Bu gündən Rusiyada əhalinin koronavirusa qarşı kütləvi vaksinasiyasına başlanılıb.

Visiontv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ötən ilin dekabrından ölkədə koronavirusa qarşı miqyaslı kompaniyaya start verilib.

Əsasən tibb işçiləri, müəllimlər və sosial işçilər, eləcə də sosial xidmət sahələrində çalışanlar və xroniki - ürək-damar, şəkərli diabet və s. kimi xəstəlikdən əziyyət çəkənlər koronavirusa qarşı peyvənd olunublar.

Ötən həftə isə prezident Vladimri Putin Nazirlər Kabinetinin iclasında əhalinin kütləvi vaksinasiyasına başlanması barədə göstəriş verib.

Baş nazirin müavini Tatyana Qolikova yanvarın 18-dən əhalinin kütləvi vaksinasiyasına start verildiyini açıqlayıb. Onun sözlərinə görə, vaksinasiya hələlik ancaq “Sputnik V” peyvəndi ilə aparılır, daha sonra isə digər preparatlarla vaksinasiya mümkün olacaq.

Qeyd edək ki, Rusiyada ötən il avqustun 11-də koronavirusa qarşı ilk vaksin dövlət qeydiyyatından keçib. “Sputnik V” adlandırılan vaksin Hamaley adına Milli Epidemiologiya və Biologiya Mərkəzi İnstitutu tərəfindən hazırlanıb. Daha sonra isə Rusiyada “Vektor” mərkəzi tərəfindən “EpiVakKorona” peyvəndi qeydiyyatdan keçib.

Rusiyada COVİD-19-a qarşı daha bir peyvənd preparatı hazırlanıb. Çumakov adına İmmunobioloji Preparatların İşlənilməsi və Tədqiqatları Federal Elmi Mərkəzinin hazırladığı peyvəndin bu ilin fevralında qeydiyyatdan keçməsi gözlənilir.

Rusiyada əhalinin vaksinasiyası pulsuz və könüllü əsaslarla aparılır.