Rusiya və Türkiyə liderləri anlayır ki, onlara "Avropa evi"ndə yer yoxdur
Rusiya və Türkiyə liderləri anlayır ki, onlara "Avropa evi"ndə yer yoxdur
01.10.2021 Bəybala Mirzəyev Tərəfindən

Peskov deyir ki, "Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan konstruktiv və vaxtında danışıqlar apardılar"...

Kremlin mətbuat katibi Dmitri Peskovun bu sözündə həqiqət var. Bu görüş həm Türkiyənin, həm də Rusiyanın Qərblə yollarını ayırma anına, "qırılma nöqtəsi"nə təsadüf etdi.

Məsələ burasındadır ki, Rusiya Qərbdən çəkinir, ancaq Qərb də Rusiyadan ehtiyat edir.

Odur ki, Qərb də, Rusiya da çalışırdı ki, nəyin bahasına olursa olsun, Türkiyəni öz yanına çəksin, əlini gücləndirsin.
Ancaq Türkiyə isə heç kimə onu öz yanına çəkməyə imkan vermədi. Türkiyə özü müstəqil surətdə seçimini etdi və bundan sonra Rusiya ilə sıx əməkdaşlığı özü üçün prioritet kimi müəyyənləşdirdi.

Ərdoğan bu qəti qərara məhz bu yaxınlarda BMT-nin 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-a səfər etməsindən sonra gəldi. Səfər zamanı media nümayəndələrinə açıqlama verən Ərdoğan ABŞ-ın hazırkı prezidenti Co Baydenlə münasibətlərin heç də yaxşı olmadığını bildirdi.

Türkiyə prezidenti bu səfərdən sonra bir daha qəti şəkildə əmin oldu ki, ABŞ-la yolları ayırmağın zamanı artıq yetişib. Hərçənd ki, o bunu istəmir. Ərdoğan ABŞ-la müttəfiqliyin bundan sonra da davam etdirilməsində maraqlıdır. Lakin hazırda ABŞ-Türkiyə münasibətləri "dalan"a dirənib. Və Bayden indi diqqətini əsas etibarilə yeni anqlosakson ittifaqına yönəldib.

Dünyanın yenidən şəkillənməsi, qütbləşməsi prosesi gedir. Yeni dünya düzəni formalaşır. "Böyük şahmat taxtası" üzərində fiqurların yerdəyişməsi baş verir.

Rusiya və Türkiyə liderləri də anlayır ki, onlara Qərb sivilizasiyasında, "Avropa evi"ndə yer yoxdur. Əslində Rusiya və Türkiyə özləri də hər biri ayrıca sivilizasiya rolunda, qütb rolunda, güc mərkəzi rolunda çıxış edə və eyni zamanda sıx müttəfiqlik edə bilərlər.
Soçidəki görüş də məhz bu baxış nöqtəsinə varmağa, Moskva ilə Ankaranın "saatları tutuşdurmasına" xidmət edirdi.

Bu görüşdə məlum oldu ki, tərəflərin bir-birilə ikitərəfli, regonal və beynəlxalq müstəvilərdə müzakirə edib anlaşa biləcəkləri çoxlu məsələlər var.

Bu mənada Soçi görüşünü yeni bir dönəmin başlanğıcı da hesab etmək olar.

Bəybala Mirzəyev

Visiontv.az