Rusiya-Ukrayna müharibəsi Çini ağır vəziyyətə salıb
Rusiya-Ukrayna müharibəsi Çini ağır vəziyyətə salıb
19.04.2022 Elxan Şahinoğlu Tərəfindən

Rusiyanın Ukrayanaya qarşı işğalçı müharibəsi Çini ağır vəziyyətə salıb. Pekin bir tərəfdən beynəlxalq təşkilatlarda tərəfdaşı Rusiyanın əleyhinə səs vermir, digər tərəfdən Kremlin işğalçı müharibəni davam etdirməsindən əziyyət çəkir. Çünki ABŞ və Avropa İttifaqı Çinə qarşı təzyiqi artırır ki, Pekin Moskvanın yanında yer almasın. Bundan başqa Rusiya ilə əməkdaşlıq edən Çin şirkətləri Qərbin sanksiyaları ilə üzləşəcəyi xəbərdarlıqlarını alıblar.

Bu arada, Pekin və Şanxay ali təhsil ocaqlarının bir qrup alimi Pekinin Vaşinqtonla Brüsselin anti-Çin vahid blokunun yaradılmasının əngəlləməsi vacibliyini bildiriblər. Çinli alimlər Pekinin bu məqsədlə bir qrup dost Avropa ölkəsinə müraciət edilməsini lazım biliblər.

Avropa bazarı Çin üçün çox vacibdir. Pekin bu bazarı itirmək istəmir. Ancaq Rusiyanın Ukraynadakı işğalçı müharibəni davam etdirməsi Çin üçün Avropa bazarını itirmək risqini artırır. Çin lideri Tsi Sinpinin avropalı həmkarlarıyla birgə sammiti də nəticə verməyib.

Avropa Çinin köhnə qitəyə investisiyalarını əngəlləməyə çalışır. Şanxaydan olan alimlər Çinin bu şəraitdə zərgər dəqiqliklə işləməsi vacibliyini bildiriblər. Bu alimlər hesab edirlər ki, ABŞ-ın təzyiqlərinə baxmayaraq, Çin Avropa ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını hərəkətə gətirməli, köhnə qitədə birgə müəssisələr yaratmalıdır. Bu məqsədlə Avropada çalışmaq istəyən Çin şirkətləri üçün dövlət tərəfindən əlavə investisiya imkanları saxlanmalı, kreditlər ayrılmalıdır.

Qərbdə və Yaponiyada hesab edirlər ki, Pekin Rusiyanın Ukraynaya qarşı işğalını qınasaydı indiki çətinliklərlə üzləşməzdi. Pekin bu çağırışları diqqətə almayaraq işğala seyrçi mövqedə qalıb. Ancaq Çində onu anlayırlar ki, Kreml Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda ancaq öz maraqlarından çıxış edib, tərəfdaşı Çinin maraqları nəzərə alınmayıb.

Pekin son vaxtlar Rusiyanın işğalçı müharibəsindən məsafə saxlamağa çalışır. Çin Ukraynaya humanitar yardım göndərib, bu ölkənin xarici işlər naziri bir neçə dəfə telefonla ukraynalı həmkarı ilə danışıb. Ancaq Pekin eyni zaman Rusiyanın təhlükəsizlik tələblərinin nəzərə alınması gərəkliyini də bildirib. Bu isə o deməkdir ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin “haqlı” tərəfi də var.

Pekin siyasəti iqtisadiyyatdan ayırmaq istəyir, Qərbə belə bir mesaj göndərməyə çalışır ki, Rusiyanın Ukraynadakı işğalçı müharibəsi Çinin ABŞ və Avropa ilə iqtisadi münasibətlərinə mane olmamalıdır. Vaşinqton və Brüssel Pekinin bu yanaşmasını rədd edib. Bu şəraitdə Çinin böyük şirkətləri Rusiyaya qarşı sanksiyalarla hesablaşmağa başlayıb və Rusiya ilə əməkdaşlıda ehtiyatlı mövqedən çıxış edir.

Siyasi şərhçi Elxan Şahinoğlu

Visiontv.az