Rusiya-Türkiyə münasibətləri Azərbaycana görə son dərəcə pisləşib-Elbəy Həsənli
13.08.2020

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov son bəyanatında dedi ki, Rusiya-Türkiyə münasibətləri son dərəcə pisləşib. Son onilliklərdə bu münasibətlərin bu qədər pisləşməsi heç olmamışdı...

Rusiya-Türkiyə münasibətləri niyə pisləşib? Azərbaycana görə.

Belə bir fonda Rusiya-Azərbaycan münasibətləri də mütləq pisləşməli idi.

İlham Əliyevlə Vladimir Putinin telefon danışığı bir daha sübut etdi ki, bu münasibətlər ən kritik həddədir. Bu telefon danışığı ilə bağlı Rusiyanın yaydığı bəyanatla Azərbaycanın yaydığı bəyanat arasında Yerlə Göy qədər fərq var. Rusların yaydığı bəyanat belə bir fikir yaradır ki, iki ölkə arasındakı münasibətlər arzu olunan səviyyədədir. Ancaq Azərbaycan tərəfinin yaydığı bəyanat isə onu deməyə əsas verir ki, İlham Əliyevlə Vladimir Putinin telefon danışığı son dərəcə gərgin keçib.

Azərbaycan tərəfinin yaydığı bəyanat onu da deməyə əsas verir ki, ermənilərin Tovuz rayonuna hücumu Rusiyanın sifarişi ilə həyata keçib. Zatən Türkiyə prezidenti də bunu demişdi.

Ermənistanı təpədən-dırnağa silahlandırmaq üçün Rusiya mümkün olmayanları da edir və intensiv şəkildə müharibəyə hazırlaşır.

İlk dəfədir ki, Azərbaycanla Rusiya arasında münasibətlərin nəzarətdən çıxması rəsmi şəkildə etiraf olunur.

Azərbaycan tərəfinin bəyanatında vurğulanır ki, Ermənistana silah həm də İran üzərindən daşınıb. İranın Ermənistana hər cür yardım göstərməsi təzə xəbər deyil. Ancaq ilk dəfədir ki, bu məsələ Azərbaycan prezidentinə istinadən vurğulanır...

Aydın görünür ki, Azərbaycan və Türkiyə tərəfi eyni səngərdə yer alıb. Rusiya, Ermənistan və İran isə qarşı tərəfdədir. Çin də bu tərəfə meyllidir.

Azərbaycanla Türkiyənin yanında daha kim var? Məncə, ABŞ, Avropa Birliyi. Əminəm ki, Türkiyə ilə münasibətləri pis olan İsrail bu məsələdə Azərbaycana dəstək verəcək. İran amilinə görə Azərbaycanın ayaqda qalması İsrail üçün həyati əhəmiyyət daşıyır.

ABŞ-la bağlı bir şeyi deyim. Vaşinqton son 3 ildə (hər il) Azərbaycana hərbi məqsədlər üçün 120 milyon dollar yardım edib. Ermənistana isə heç bir yardım göstərməyib. Ona görə də əminliklə demək olar ki, müharibə olacağı təqdirdə ABŞ Azərbaycana ciddi yardım göstərəcək.

Müharibənin bir addımlığındayıq. Bu savaşda digər türk dövlətləri özlərini necə aparacaq? Bu son dərəcə önəmli məsələdir. Onlar Ermənistana dəstək verməyəcək. Bu, aydındır. Onlar Azərbaycana və Türkiyəyə necə, dəstək verəcəklərmi? Böyük ehtimalla bu dəstək olacaq. Ancaq həmin dəstək hansı səviyyədə olacaq? Bəlli deyil.

Əlbəttə, Qafqaz xalqlarının bu müharibəyə münasibəti də son dərəcə önəmlidir. Qafqazda da türkdilli xalqlar çoxdur. Onların da mövqeyi həlledici ola bilər.

Daha bir önəmli məqam. Rusiyada 3 milyona yaxın azərbaycanlı yaşayır. Onların taleyi necə olacaq? Bu barədə də indidən düşünmək lazımdır...

Bəs, başlayacaq müharibə hansı xüsusiyyətə malik olacaq? İngilis dilində “proxy war” ifadəsi var. Anlamı odur ki, böyük dövlətlər müəyyən qruplar və ya kiçik dövlət üzərindən savaş aparırlar. Məsələn, Suriyada ABŞ, Rusiya, Türkiyə və İran müxtəlif qruplar üzərindən müharibədə iştirak etdilər.

Yəni, Azərbaycan ilə Ermənistan arasındakı müharibə Rusiya ilə Türkiyə arasında “proxy war” xarakteri ala bilərmi? Böyük ehtimalla müharibənin ilkin mərhələsində belə olacaq...

Hər bir azərbaycanlı bu müharibəyə hazır olmalıdır. Bu müharibə təkcə Qafqazda getməyəcək. Dünyanın hər yerində bütün azərbaycanlılar bir araya gəlməlidir. Əcnəbi məmləkətlərdə biz bu birliyin nümunələrini gördük. Müharibə başlayacağı təqdirdə isə bu birlik daha sarsılmaz olacaq...

Visiontv.az