Rusiya taxıldan silah kimi istifadə edəcək...
Rusiya taxıldan silah kimi istifadə edəcək...
01.04.2022 Elbəyi Həsənli Tərəfindən

Rusiya-Ukrayna müharibəsi rəsmi Moskvanı ölkələri dost və qeyri-dost olaraq iki yerə bölməyə məcbur edib. Rusiyanın dostları barmaqla sayılacaq qədər azdır.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyir ki, Rusiya Çin və Hindistandan sonra dünyada ən çox taxıl istehsal edən ölkədir. Ötən il Rusiya 37 milyard dollarlıq taxıl yığıb.

Ən maraqlısı odur ki, Dmitri Medvedev taxılı silah kimi təqdim edib. Bildirib ki, bir çox ölkənin ərzaq təhlükəsizliyi Rusiyadan asılıdır. Rusiya isə yalnız dost ölkələrə taxıl satacaq...

Bir vaxtlar Putinin göstərişi ilə Rusiyanın prezidenti olmuş cənab Medvedev öz fikrini obrazlı şəkildə belə ifadə edib: “Səhər yeməyini özümüz tək yeyəcəyik. Naharı isə dostlarla bölərik. Şam yeməyimizi isə düşmənlərlə etmək fikrində deyilik”...
Uzun müddətdir ki, Rusiya neft və qazdan siyasi təzyiq vasitəsi kimi istifadə edir. İndi də taxılı silaha çevirmək istəyirlər...
Azərbaycan hələ Rusiyaya dost ölkələr siyahısında yer alır. Ancaq sabah hər şey kökündən dəyişə bilər. Ona görə də taxıl idxalını başqa ölkələrdən həyata keçirmək gərəkir. Məsələn, Qazaxıstan, Ukrayna. Rusiyaya ümid olan ac qalar...
Yaxşı olar ki, azad olunmuş Qarabağın bərəkətli torpaqlarında taxıl əkininə üstünlük verilsin. Ermənilər həmin ərazilərdən xeyli taxıl əldə edirdilər...

Siyasi şərhçi Elbəyi Həsənli

Visiontv.az