Rusiya Paşinyanla demokratiya oyunu oynayaraq seçkini Köçəryanın udması üçün əlindən nə gəlirsə edir
Rusiya Paşinyanla demokratiya oyunu oynayaraq seçkini Köçəryanın udması üçün əlindən nə gəlirsə edir
10.06.2021 Sahib Alıyev Tərəfindən

Ermənistanda gedən proseslərdən gəldiyim nəticə budur ki, Rusiya Nikol Paşinyanla demokratiya-demokratiya oyunu oynayaraq seçkini Robert Köçəryanın udması üçün çağdaş texnologiyalardan da faydalanmaqla əlindən nə gəlirsə edir.

Hətta bura “Kim millioner olmaq istəyir” verilişindəki kimi  “dosta zəng” elementi də əlavə edilib. Elə zənglərdən birinin də mayın axırında, Ermənistanda keçiriləcək seçki kampaniyasına bir neçə gün qalmış olunduğu açıqlandı. Vladimir Putinin Köçəryana növbəti “dost” zəngi haqda xəbərin dövriyyəyə buraxılmasıyla  eyni vaxtda ikincinin Rusiyadakı bəlli strukrturlara bağlı “Kommersant” qəzetində  intervüsü də dərc edildi.  O intervü ki, orada Robik forpostdakı ictimai rəyə artıq   yeni baş nazirləri kimi sırınırdı.

Açığını deyək ki,  Rusiyanın  Köçəryana hazırkı dəstəyi forposta əvvəlki təyinatlardan nisbətən fərqli təsir bağışlasa da,  yenə də  “yesəniz də, yeməsəniz də yaşıl tərəvəzdir”  modelindən çıxış edilir.  Və bu təkcə ondan irəli gəlmir ki, qərblə Rusiyanın seçdirmək ənənələri fərqlidir. Daha çox ondan irəli gəlir ki,  xəstə və vassal asılılığına öyrəşmiş və üstəlik həm də sındırılmış  cəmiyyət hansı davranışa haqq edirsə, onunla o cür də davranılır.

Nəticə də ortadadır. Ermənistanda  Qarabağ klanına nifrətin daha da artdığı bir vaxtda  obyektivliyi daha az şübhə doğuran MPG şirkətinin keçirdiyi sorğuya görə onun ən dağal, əliqanlı  və korrupsiyaya bulaşmış  təmsilçisinin reytinqi 20,6%-ə gəlib çatıb.  Halbuki iki ay öncə bu göstərici  7-8%-i keçmirdi. Paşinyanın reytinqinin az qala iki dəfəyə yaxın düşməsi  fonunda(22,4%)  Köçəryanınkının bu qədər qalxmasının başqa izahı yoxdur.
Düzdür, sosioloji sorğular onu da göstərir ki, bu seçkidə heç kim təkbaşına hökumət formalaşdıracaq qədər səs qazana bilməyəcək. Eyni zamanda  seçkiyə qatılan 23 partiya və 4 blokun içindən Paşinyanla Köçəryanınkını nəzərə almasaq,  parlamentə düşmək şansı olanların sayı ancaq bir əlin barmaqlarıyla ölçüləcək.  Amma elə o əl də Rusiyanın əlidir. Çünki bu seçkidə qələbə çalmaq şansı olanların əksəriyyəti Rusiyaya sıx bağlı blok və partiyaların təmsilçiləridirlər ki,  onlar da koalisyon hökumət yaradılacağı təqdirdə Köçəryanın yanında yer alacaqlar.

Seçkini udmaq üçün az-çox  şansı olan  siyasətçilərdən ancaq  Levon Ter-Petrosyanla Edmon Marukyanın Köçəryana nifrətləri Paşinyana bəslədiklərindən böyükdür.  Yəni əslində Milli-Demokratik Qütb, Demokratlar Alyansı və və Respublika Partiyasını çıxmaqla yerdə qalanlar hamısı seçkidə Köçəryanın əlinə, daha dəqiqi Köçəryanı əldə saxlayanlara oynamaq məqsədiylə formalaşdırılıb. Hətta qərbpərəst mövqe sərgiləyən partiyaların belə Paşinyanın elektoratını parçalamaq üçün meydana buraxıldıqları istisna deyil.

Təbii ki, Paşinyan da bütün bu baş verənlərin fərqindədir. Onun  Azərbaycan-Ermənistan sərhəddində yaranmış gərginliyə görə Rusiyanı suçlandırmağa cəhd etməsi və Avropa səfəri də məhz bu reallıqdan irəli gəlirdi. Amma nə Makron Putindir, nə də

Fransanın Ermənistan üzərində Rusiya qədər təsiri var.

Bir sözlə, görünən budur ki, cəllad Köçəryan yenidən hakimiyyətə gətirilir. O Köçəryan ki, ondan həmişə regionda qarşıdurma aləti kimi faydalanılıb. Yəqin indən sonra da eyni məqsədlə istifadəsi nəzərdə tutulur.

Millət vəkili Sahib Alıyev

Visiontv.az