"Rusiya müharibədə uğur əldə etsə: Neoimperialist layihələrini digər regionlarda da həyata keçirəcək..."
"Rusiya müharibədə uğur əldə etsə: Neoimperialist layihələrini digər regionlarda da həyata keçirəcək..."
06.06.2023 MEDİA Tərəfindən

Rusiya-Ukrayna müharibəsində hansı tərəfin qalib olacağından asılı olmayaraq nəticə bizim region üçün necə olacaq?

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bu mövzu ilə bağlı Visiontv.az saytına açıqlama verib. Fərid Şəfiyevin qənaəti belədir:

"Rusiya və Ukrayna müharibəsindən asılı olaraq regionda vəziyyət fərqli ola bilər. Birincisi, ümumiyyətlə bu müharibənin nəticəsini proqnoz etmək çətindir. Yaxın zamanlarda strateji dönüş gözləmirəm.  Halbuki keçən il heç kim gözləmirdi ki, Ukrayna tərəfi belə asanlıqla Xersonu və sonra da Xarkovu ruslardan təmizləyəcək. Ola bilsin ki, hansısa sürpriz nəticələr baş versin. Amma belə düşünürəm ki, bu müharibə hələ davam edəcəkdir. Hər iki ölkə bir – birinə xırda zərbələrlə müharibəni davam etdirəcəklər.

Rusiya – Ukrayna müharibəsinin regiona təsirini Ermənistanda, Gürcüstanda və Azərbaycanda görürük. Azərbaycan bu müharibə nəticəsində iqtisadi cəhətdən təsir altına düşməyib. Nisbətən fəsadları azdır. İnflyasiyanın bu dərəcədə olması isə Covid 19 – un beynəlxalq miqyasda yaratdığı problemlərdəndir. Rusiyadan olan sosial axının az olması isə sərhədlərimizin bağlı olması səbəbindəndir. Gürcüstan və Ermənistanda isə bu təsir hiss olunur. Ermənistanın iqtisadiyyatı da müəyyən dərəcədə Rusiya kapitalının ora gəlməsi ilə inkişaf edir. Amma onsuz da Ermənistan Rusiyanın nəzarəti altındadır. Bundan sonra da bu nəzarət daha da güclənəcəkdir. 

Ümumi nəticələrlə bağlı Rusiya əgər müharibədə kəskin şəkildə uğur əldə etsə, neoimperialist layihələrini digər regionlarda həyata keçirməsi ehtimalı var. Lakin bu ehtimal o qədər də çox deyil. Hazırda Rusiya ələ keçirdiyi əraziləri saxlamaq üçün hər ay maddi vəsait xərcləməlidir. Ona görə də düşünmürəm ki, uğur məsələsi digər regionlarda davam edəcək. Ehtimal etsək ki, Rusiya qalib gələcək, o zaman Cənubi Qafqazda daha aqressiv xarici siyasət aparacaq.

Əgər müharibəni Ukrayna udmuş olsa, bu o deməkdir ki,  Kırım istisna olmaqla digər əraziləri ruslardan təmizləyəcəklər. Rusiya və Kırım arasında torpaq körpüsünü işğaldan azad etmək Ukraynanın uğuru ola bilər. Bu baxımdan  da hər hansısa bölgədə ərazi bütövlüyünün qorunması prinsipi Azərbaycanın xeyrinədir."

Bünyamin Bünyadzadə

Visiontv.az