Ukraynanın Hersonu geri qaytarmaqdan başqa alternativi yoxdur
Ukraynanın Hersonu geri qaytarmaqdan başqa alternativi yoxdur
26.04.2022 Elxan Şahinoğlu Tərəfindən

Rusiya işğal etdiyi Ukraynanın Herson bölgəsində "referendum" keçirmək istəyir.

Doğrudur, rusiyalı rəsmilər hələ ki, bu xəbəri təsdiq etmirlər. Ancaq bu heç nəyi dəyişmir. Ona qalsa Rusiya rəsmiləri işğalçı müharibədən bir neçə gün əvvəl yalandan açıqlama verirdilər ki, “Ukraynaya hücum etmək kimi planları yoxdur”.

Herson Rusiya üçün vacib bölgədir. Krımın 85 faiz su ehtiyatı Hersondan keçən kanal vasitəsilə təmin olunur. Krım 2014-cü ildə ilhaq olunanda Kiyev kanaldan yarımadaya suyun verilməsini kəsdi. Rusiya Hersonu işğal etdikdən sonra kanaldan Krıma su çatdırılmasını təmin edib. Digər tərəfdən rusiyalı hərbçilər Hersonun bütün administrasiya binalarında Ukrayna bayraqlarını yığışdıraraq Rusiya bayraqlarını sancıblar. Bütün bunlar varkən Rusiya Hersondan çıxarmı? Rusiya saxta referendum yolu ilə Donetsk və Luqanska bənzər “Herson Xalq Respublikası” təsis edərsə Kiyevin Moskva ilə danışıqların əhəmiyyəti qalmayacaq. Hersonda işğala etiraz edənlərlə yanaşı satqınlar da var. Həmin satqınlar işğalçılarla əməkdaşlıq edir, onların əmrlərini yerinə yetirirlər. Ancaq həmin satqınlar qorxu içində belə bir sualı da gündəmə gətirirlər: “Rusiya Hersonu tərk edərsə bizi kim qoruyacaq?”. Satqınlar vətənə xəyanət maddəsi ilə cəzalandırılacaqlarını istisna etmirlər.  Ukraynanın Hersonu geri qaytarmaqdan başqa alternativi yoxdur.

Elxan Şahinoğlu

Visiontv.az