Rusiya Fransanın və yaxud hansısa üçüncü dövlətin Ermənistanda olmasını qəbul etməyəcək-deputat Nəsib Məhəməliyev
Rusiya Fransanın və yaxud hansısa üçüncü dövlətin Ermənistanda olmasını qəbul etməyəcək-deputat Nəsib Məhəməliyev
02.06.2021 Nəsib Məhəməliyev Tərəfindən

Hesab edirəm ki, Qarabağ məsələsində siyasətimizi Türkiyə ilə uzlaşdırmağımız doğru olardı.

Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın Fransaya səfəri, prezidetn Makronla görüşləri və keçirilən mətbuat konfransında səsləndirilən fikrilər həm Azərbaycan, həm də Rusiyanın siyasi elitası tərəfindən bir mənalı qarşılanmadı. Paşinyanın Qarabağ məsələsində Rusiyanın rolunu kiçiltmək cəhdi, Fransanı strateji tərəfdaş adlandırması rəsmi Moskvanın narazlığına səbəb oldu kimi yorumlara dövrü mətbuatda daha tez-tez rast gəlmək olur. Bu və digər suallarla bağlı  Milli Məclisin deputatı Nəsib Məhəməliyevdən münasibət öyrəndik.

-Paşinyanın Makronla görüşü zamanı Fransanı strateji tərəfdaşı adlandırması Rusiya ilə münasibətlərində problem yarada bilərmi?

- Bəllidir ki, Ermənistan seçkiqabağı proseslərin qızğın dövrünü yaşayır. Təxminən iki həftədən sonra orada erməni xalqının gələcəyini müəyyənləşdirən taleyüklü seçkilər keçiriləcəkdir. Qeyd etməliyəm ki, belə bir ekstremal şəraitdə heç bir normal dövlət başçısı xarici ölkələrə səfər etmir. Ancaq, Ermənistan normal ölkə yox, sadəcə 100 il əvvəl olduğu kimi beynəlxalq layihədir. Ona görə də Paşinyanın  Fransa səfəri,  ilik növbədə Qərbdən dəstək almaq və özünün gələcək fəaliyyətinin  hansı istiqamətdə qurması  ilə bağlı müəyyən  tapşırıqlar almaq məqsədi daşıyır. Makronun Ermənistanı strateji tərəfdaş adlandırması məsələsinin səbəbini  isə, daha çox Rusiya-Fransa, Fransa-Türkiyə münasibətlərində axtarmaq lazımdır. Ermənilərdən sadəcə oyuncaq kimi istifadə olunur. Qardaş Türkiyə ilə Fransanın münasibətləri aydındır. Ancaq Rusiya ilə də Fransanın qlobal geosiyasi məsələlərdə ciddi fikir ayrılıqlarl, hətta dünyanın bir çox nöqtələrində qarşıdurma halları mövcuddur. Hesab edirəm ki, Rusiya Fransanın və yaxud hansısa üçüncü dövlətin Ermənistanda olmasını qəbul etməyəcək. Rusiya seçkidə müxalifətə dəstək verir. Paşinyan bunu bildiyinə görə sərhəddə təxribatlar törədildi və üçtərəfli komissiyanın fəaliyyəti donduruldu. Paşinyan Rusiyadan narazıdır. Düşünürəm ki, iyunun 20-dən sonra bir çox məsələlərə aydınlıq gətiriləcək. Bu günkü reallıq ondan ibarətdir ki, Ermənistan ancaq tapşırıqları icra edir.

-Paşinyan və Makronun Minsk qrupunun fəailiyyətini bərpa etmək cəhdi mümkün olacaqmı?

-Minsk qrupunun fəaliyyətini bərpa etmək mümkündür. Burada Fransadan başqa ABŞ və Rusiyanın da mövqeləri üst-üstə düşür.

Ancaq məhsuldar əməkdaşlığın olması, tam şübhəlidir. Minsk qrupu 30 il ərzində mənasız danışıqlardan başqa heç nəyə nail olmadı. Yenə də boş mənasız danışıqlar davam edə bilər.

-Minsk qrupunun fəailiyyətinin bərpası Rusiya və Türkiyənin fəailiyyətini arxa plana keçirə bilərmi?

-Minsk qrupunun dirçəldilməsi Rusiya və Türkiyənin fəaliyyətini qətiyyən arxa plana keçirə bilməz. Minsk qrupunun digər ölkələrindən fərqli olaraq, Rusiya və Türkiyə regionda real təsir imkanlarına malikdirlər.

-Azərbaycan Minsk qrupu barədə hansı pozisiyada dayanmalıdır?

-Azərbaycan Minsk qrupu ilə münasibətdə qəti mövqe nümayiş etdirməlidir. Fransa ilə məsələ tam dəqiqləşdirilməli, ikitərəfli əməkdaşlıq münasibətləri beynəlxalq hüququn norma və prinsiplərinə uyğun sənədləşdirilməlidir. Neytrallıq qorunmadıqda, o ölkə həmsədr kimi qalmamalıdır. Makron artıq dünyada ciddi lider kimi qəbul olunmur. Bu yaxınlarda Afrika səfərində ona layiq olduğu yeri göstərdilər. Hesab edirəm ki, Qarabağ məsələsində siyasətimizi  Türkiyə ilə uzlaşdırmağımız doğru olardı.

İlahə Əliyeva

Visiontv.az