Rus peyvəndinə niyə heç kim inanmır?-Bəybala Mirzəyev
12.08.2020

Görün Rusiyanın özü nə dərəcədə etibarsız ölkə imicinə malikdir ki, hətta onun hazırladığı koronavirus əleyhinə vaksinin keyfiyyətinə və səmərəliliyinə də şübhə ilə yanaşılır.

ABŞ prezidentinin köməkçisi Kellina Konnuey tərəfindən bununla bağlı səsləndirilən fikirlərdən, habelə bəzi obyektiv rus mütəxəssislərinin öz rəylərindən də görünür ki, bu vaksinə əsla güvənmək olmaz

Kellina Konnuey deyib ki, “Rusiyanın koronavirus əleyhinə peyvəndi ABŞ-ın bu sahədə apardığı təcrübələrdən belə geri qalır və olduqca az müddətdə testdən keçirilib”.

“Fox News” kanalına müsahibə verən xanım Konnuey Rusiyanın bununla bağlı tətbiq etdiyi standartları sərt şəkildə tənqid edib. O, ABŞ-ın bu məsələdə daha məsuliyyətli davrandığını söyləyib.

Ən maraqlısı da budur ki, “Sputnik V” adlanan dünyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatını Vladimir Putin şəxsən özü elan edib.
Rusiyanın prezidenti qeyd edib ki, preparat təsirlidir və dayanıqlı immunitet formalaşdırır. Putin həmçinin qızlarından birinin sınaqlarda iştirak etdiyini və COVID-19-a qarşı peyvəndi vurdurduğunu bildirib.

Lakin Putinin bu sözlərinin həqiqət olduğuna inanmaq olarmı? Buax, bu suala dəqiq, konkret cavab vermək bir qədər çətin məsələdir.

Çünki Putinin qızı peyvənddən sonra özünü necə hiss edib koronavirus peyvəndi kimə və hansı şərtlərlə vurulacaq, bütün bu sualların hamısı cavabsız qalıb. Rusiya mətbuatı bu barədə heç nə yazmır. Üstəgəl, ruslar bu vaksini hazırlayarkən bir sıra standartları kobud surətdə pozublar.

Məhz bununla bağlı Rusiyaın Klinik Araşdırmalar üzrə təşkilatlar Assosiasiyası Putinə yazılı şəkildə müraciət edib. Müraciətdə Rusiyanın peyvəndlə bağlı sınaqlarında 100 nəfərdən az adamın iştirak etdiyi vurğulanıb. Halbuki 3-cü mərhələdə preparat ən az 1000 nəfərin üzərində sınanılmalı idi. Həm də bu mərhələdə təkcə peyvəndin keyfiyyəti deyil, həmçinin onun zəif immunitetə malik və xroniki xəstəlik daşıyan insanlara təhlükə törədib-tərətmədiyi də yoxlanılır. Odur ki, 100 nəfər yox, ən az 1000 nəfər üzərində sınaq testi aparılmalıydı.

Gördüyünüz kimi, bu şərtlərdə hazırlanan peyvəndin keyfiyyətinə və təhlükəsizliyinə qətiyyən etibar etmək olmaz!

Azərbaycanlı professor Adil Qeybulla Qətiyyən demişkən, rus peyvəndi ilə bağlı "illüziyalara qapılmaq olmaz. Rusiya istəyir ki, belə hadisələrdə önə keçsin. Təsəvvür edin ki, dünyanın ən müasir texnologiyalarına sahib olan Amerika, Yaponiya, Almaniyada hələ də bununla bağlı ciddi işlər gedir. Bu mənada Rusiyada vaksinin hazırlanması real deyil. "Arbidol" dərmanı da rusların dərmanı idi. Onunla 3 milyarda yaxın pul qazandılar, amma mənasız bir şey idi. O dərmanın koronavirusa heç bir aidiyyatı yoxdur. İnsanlar panikaya düşməsinlər və qətiyyən belə xəbərlərə inanmasınlar. Vaksin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul olunmasa, bu məsələdə önə çıxmaq, o vaksini almaq olmaz. Bu, yalnız kommersiya fəaliyyətidir".

Rusiyanın məqsədi bu peyvəndin sayəsində çoxlu gəlir əldə etmək və dünyadakı nüfuzunu yaxşılaşdırmaqdırsa, ABŞ rəhbərliyi də bu peyvəndə siyasi reytinq qazanmaq vasitəsi kimi baxır.

Belə ki, Birləşmiş Ştatlar prezidenti Donald Tramp da peyvəndin bu ilin noyabr ayının 3-nə təyin olunan prezident seçkilərinə qədər hazır olacağını vəd edib. Doğrudur bir çox ekspertlər prezidentin bu məsələyə əl uzatmasından heç də məmnun deyillər. Onlar Trampın seçkilər naminə əczaçı şirkətləri tələsdirərək, peyvəndin keyfiyyətinin aşağı düşməsinə səbəb olacağından ehtiyyat edirlər.

Lakin Trampın dayanmaq fikri yoxdur. O, koronavirus əleyhinə peyvəndi nə olursa olsun, noyabrın 3-nə qədər təqdim etmək istəyir.
Göründüyü kimi, əsas məsələ insanların sağlamlığı deyil. Ortada iri biznes və siyasi maraqlar varsa, sağlamlıq dərhal arxa plana keçir.
İndi böyük dövlərlər arasında peyvənd uğrunda əsl savaş gedir. Kimin peyvəndi ÜST tərəfindən tanınıb qəbul ediləcəksə, həmin ölkə də qarşıdakı iki il ərzində dünya lideri statusuna sahiblənəcək.

Bu koronavirus nələrə qadirmiş, ilahi?!

Visiontv.az