Resept və strategiya bəllidir...
Resept və strategiya bəllidir...
30.04.2022 Nəsib Məhəməliyev Tərəfindən

ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Prezident İlham Əliyev giriş nitqi ilə çıxış etdi və 23 ölkədən gəlmiş nümayəndənin suallarını ətraflı şəkildə cavablandırdı.

Konfrans barədə müşahidələrimi və gəldiyim qənaətlərin bəzilərini sizlərlə bölüşmək istərdim. Əvvəla, Prezident İlham Əliyevin qayğısı ilə yenidən inşa olunmuş və ən müasir Qərb standartlarına cavab verən ADA Universiteti hər birimizdə qürur hissi yaradır. Universitet, Azərbaycan təhsilində, ictimai siyasi həyatında yarandığı gündən bəri beynəlxalq tədbirlərin keçirildiyi, müxtəlif formatlarda, geosiyasi proseslərə həsr olunmuş müzakirələrin keçrildiyi məkana çevrilmişdir. Dünyanın müxtəlif siyasi paytaxtlarında fəaliyyət göstərən “Beyin Mərkəzlərinin” nümayəndələrinin ölkəmizdə bir araya gətirilməsi, Azərbaycan həqiqətlərinin təbliği,  aparılan xarici siyasətin konturları ilə beynəlxalq birliyin məlumatlandırılması baxımından son dərəcə əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz regionunda, ümumiyyətlə dünyada gedən proseslər, çevik siyasi addımların atılmasını, operativ qərarların qəbulunu şərtləndirir. Eyni zamanda, dünya erməniliyi bir an da olsa, informasiya müharibəsinə fasilə vermir və xəstə ideyalarından əl çəkmək fikrində deyil. Sülh müqaviəsini imzalamaq əvəzinə düşmənçiliyini  davam etdirməkdə maraqlı görünür. 

Ölkə Başçısı, Ermənistan-Azərbaycan münasibətlərindəki son vəziyyət, 30 illik işğal dövründə ermənilərin törətdikləri vəhşiliklər, müharibədən sonra yaranmış reallıqlar, sülh müqaviləsinin bağlanmasına maneçilik törədən amillər, azad olunmuş ərazilərin minalardan təmizlənməsi, həyata keçirilən infrastruktur layihələri, tikinti-bərpa işləri, məcburi köçkünlərin öz yurdlarına qaytarılması istiqamətində görülən tədbirlər barədə konfrans içtirakçılarını məlumatlandırdı. 

“Ermənistanın bölgədə təcrid olunmuş ada olaraq, yaşaması mümkün deyil”. 

Azərbaycan Prezidenti bu sözləri ilə Ermənistan hökumətini, destruktiv mövqe tutan diasporadan asılılığı azaltmaq üçün özündə güc tapmağa, kommunikasiyaları açmağa, tarixi reallıqları qəbul etməyə dəvət etdi. Azərbaycana, Türkiyəyə qarşı ərazi iddialarından imtina etmədən heç bir perspektivinin olmamasını açıq şəkildə bildirdi. 

Tarixi “Şuşa Bəyannaməsinin” əhəmiyyəti, Avropa İttifaqı, İttifaqa daxil olan ayrı-ayrı dövlətlərlə, Rusiya-Ukrayna müharibəsi, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq, enerji təhlükəsizliyi, sərhədlərin delimitasiya və demarkasiya proseslərinin hansı xəritələrə əsasən aparılması, dövlətlərarası münasibətlərdə vətəndaş cəmiyyətinin rolu barədə Prezidentin fikirləri, konfrans iştirakçıları tərəfindən  maraqla qarşılandı. 

Təhlükəsizlik sisteminə,  dayanıqlı sülhə  nail olmadan bölgənin gələcək inkişafının qeyri-mümkünlüyü konfrans iştirakçılarının diqqətinə çatdırıldı. Bu yöndə Azərbaycanın baxışları, konkret təklifləri, göstərdiyi səylər, . ölkəmizin  mövqeyi Ali səviyyədə ifadə olundu. 

Təbii olaraq, Azərbaycan Prezidentinin çıxışları, ələlxüsus beynəlxalq tədbirlərdə səsləndirdiyi fikirlər beynəlxalq siyasi dairələr tərəfindən, eyni zamanda Ermənistanda təhlil olunur. Artıq hər kəsə məlumdur ki, İlham Əliyev sözünü  əməli ilə təsdiq etməyi bacaran Liderdir. Dünənki, konfransda səsləndirdiyi fikirlər isə, Ermənistana verilmiş növbəti kart-blanş sayıla bilər. Ermənistanın gələcəyi isə, verilmiş şansdan necə istifadə etməsindən asılıdır. 

“Cənubi Qafqaza yeni baxış: inkişaf və əməkdaşlıq” mövzusunda keçirilmiş  konfrans göstərdi ki, regionun gələcək inkişafı və təhlükəsizliyi Azərbaycana bağlıdır. Məhz, ölkəmizin yaratdığı reallıqlar çərçivəsində ədalət bərpa oluna bilər. 

Xalqımız, İlham Əliyevin Liderliyi ilə öz tarixinin ən şərəfli dövrünü yaşayır. 

Resept bəllidir: Milli birlik+ictimai- siyasi sabitlik+güclü iqtisadiyyat.

Srtrategiya: Hücum diplomatiyası+güclü Ordu+informasiya siyasəti.

Millət vəkili Nəsib Məhəməliyev

Visiontv.az