5.08.2020
Axtar
Ölkə
alt

Rauf bəy, bir az sərt olacaq, üzrlü sayın-yazıçı Kəramət Böyükçöl

Rauf Arifoğlunun müsahibəsini oxudum. Razıyam, Azərbaycanda siyasətlə məşğulsansa, yalan da danışmalısan, basıb-bağlamalısan, cəmiyyəti aldatmalısan və s. Amma müsahibəni oxuya-oxuya gördüm ki, Rauf Arifoğlu təkcə camaatı yox, özünü də aldadır. Necə? Məsələn, 35 saylı Xətai dairəsinin nəticəsinin ləğv olunmasına görə Məzahir Pənahovu qınayır.

Elə qəşəng də inamlı-inamlı deyir ki, mənim qələbəmi Məzahir Pənahov ləğv elədi. Əvvəla, "mənim qələbəm" özünü aldatmağın yüngül formasıdır. Tamam, razılaşdıq, onsuz da yalan-gerçək hamı deyir ki, mən qalib gəlmişdim, saymadılar. Amma "Məzahir ləğv elədi" sözünü elə yağlı və iştahla deyir, istər-istəməz fikirləşirsən ki, bayaq dediyim kimi, bu ya artıq nəinki camaatı, özünü də aldadır, ya da İlham Əliyevə Məzahir Pənahov deyir.

Müsahibəni oxuyursan, hakimiyyətə primitiv üsulda mesajlar göndərmək, kefsiz və halsız, əhvalsız bir şəkildə islahat kursundan danışmaq və s. Maraqlıdır, Rauf bəy, sizin deputat olmağınız Milli Məclisə hansı bir üstünlük gətirəcəkdi? Gəl əyri oturub düz danışaq. Bir deputat kimi hökumətin nəyinə lazımsınız? Cəmiyyətdə xüsusi bir nüfuzunuz yoxdur ki, deyək, sizə inanan, etibar edən bir insan seli var, onların Milli Məclisə rəğbəti yaranacaq. Aqressiyadan, nifrətdən, narazılıqdan başqa hansı bir müsbət imic qazandıra bilərsiniz Milli Məclisə? Pis-yaxşı əlində bir qəzet, sayt var, pulunu da verirlər, emeylinə də hazır materiallar göndərirlər, götür qoy sayta, yaxşı sərin otağın da var, evin-eşiyin, şəraitin, dolan da. Niyə dirəşmisən ki, mən deputat da olmalıyam? Seçki oldu, bütün cəmiyyət də gördü ki, dövlətin inzibati ressursların, yəni müəllimləri, həkimləri, hərbini, maaş alan adamları gətirib zorla sənə səs verdirəndən sonra belə yenə uduzdun. Hakimiyyət sənin üçün ta neyləsin? Dairədə böyük narazılıq, sizin xeyrinizə açıq-aydın saxtakarlıq faktları oldu. Sizin Məzahiri qınamağınız dolayı yolla o deməkdir ki, onsuz da bütün ölkədə seçki saxtakarlığı olmuşdu da, niyə gözünüz mənim dairəmi gördü? Deyim. Siz məhz ölkədəki seçki saxtakarlığının qurbanı oldunuz. Nə hökumət üçün elə bir əhəmiyyətli fiqur deyilsiniz ki, vaz keçə bilməsin. Həm də gördülər ki, qazandığınız aqressiya, qazandığınız nifrət elə bir həddədir ki, camaat sizin acığınıza İqbal Ağazadəyə səs verir.

İkincisi, bu ölkədə hamı Əli Həsənov haqqında itin sözünü deyə bilər. Amma bəlkə də bircə sizin onun əleyhinə danışmaq haqqınız yoxdur. Rauf bəy, bir az sərt olacaq, üzrlü sayın, "Əli Həsənovun dövrü mediamızın fəlakət dövrüdür" sözünü deyəndə heç utanmadınız? İndi həqiqət heç kim üçün maraqlı deyil e, həqiqətin kimin dilindən səslənməsi maraqlıdır. Bu mənada camaat sizdən heç düz danışmağınızı da istəmir. Ümumiyyətlə, danışmamağınızı istəyir. Camaat sizdən haqqın, ədalətin yanında olmağınızı da istəmir, ümumiyyətlə olmamağınızı istəyir. Hakimiyyət üçünsə o adamlar maraqlı və əhəmiyyətlidir ki, ona xalqın sevgisi var. Vaxtilə sizə o sevgi var idi. Sizsə o sevgini "Əməkdar jurnalist" fəxri adına, evə-eşiyə, aylıq pula satdınız getdi. Satıldığınıza görə də xalqın sevgisi nifrətə çevrildi. Artıq sizin istifadə müddəti başa çatmış bir adam imiciniz var. Nə xalqa lazımsınız, nə də hökumətə. Xalqa nə üçün lazım olmadığınız aydındır, hökumətə ona görə lazım deyilsiniz ki, siz, ümumiyyətlə, həyata lazım deyilsiniz. Heç nə, əsl özünü qabağına qoyub ağlamaq vaxtıdır.

Visiontv.az 

Şərh