22.07.2019
Axtar
Region
alt

"QUŞ QRİPİ” XƏSTƏLİYİNƏ GÖRƏ NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLƏCƏK

“Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq  Xidməti (DBX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Yanvarın 14-dən 18-dək köçəri quşların miqrasiyasını nəzərə alaraq növbəti monitorinq keçiriləcək. Monitorinq Dövlət Baytarlıq  Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin,  Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

Monitorinqin köçəri quşların müvəqqəti məskunlaşdığı Pirallahı adasındakı Abşeron Milli Parkında, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatında, Salyan rayonundakı Şirvan Milli Parkında, Ağcabədi rayonundakı Ağ göl Milli Parkında və Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğunda həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək.

Ölkə ərazisində köçəri və ev quşları arasında aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyət üçün açıqlanacaq.

Dövlət Baytarlıq  Xidməti bildirir ki, hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

 

“QUŞ QRİPİ” XƏSTƏLİYİNƏ GÖRƏ NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLƏCƏK

Şərh yazın