Qoşulmama Hərəkatı İlham Əliyevin görmək istədiyi quruma çevriləcək
Qoşulmama Hərəkatı İlham Əliyevin görmək istədiyi quruma çevriləcək
04.03.2023 Sahib Alıyev Tərəfindən

Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun bu gün başa çatan Zirvə görüşü, eləcə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin oradakı çıxışı bizim üçün bir sıra önəmli məqamlarla yadda qalacaq. Bu Zirvədən də tam aydın oldu ki, dövlətimiz Qoşulmama Hərakatına sədrlikdən həm onun nüfuzunun atması, həm də milli maraqlarımızın təmini yönündə faydalanmaqda davam edir.

Xatırladım ki, Hərakata sədrliyimizin ilk vaxtlarında bu, qətiyyən proqnozlaşdırılmırdı. Onun COVID-19 pandemiyasıyla eyni vaxta düşməsi Azərbaycanı böyük sınaqla üz-üzə qoymuşdu və açığını demək gərəkirsə, bu, heç də xeyrimizə olmayan bir situasiya idi. Amma cənab İlham Əliyevın təkcə ölkəsinin deyil, regionun da sərhədlərini aşan təşkilatçılıq bacarığı və təşəbbüskarlığı, qlobal miqyaslı liderlik keyfiyyəti nəticəsində əleyhimizə işləyən situasiyanı xeyrimizə çevirə bildik.

COVID-19 koronavirusunun tüğyan etdiyi, böyük dövlətlərin isə xudbincəsinə davrandıqları bir dönəmdə Azərbaycan Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdü. 2020-ci ilin mayındakı bu tədbirin ardından yenə də Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyası çağrıldı. O, 2020-ci ilin dekabrında ikinci Qarabağ savaşından az sonra baş tutdu. Sözü gedən savaşın nəticələrindən narazı qalan bəzi böyük dövlətlərin Azərbaycanı təcridə, dünyanı ölkəmizin əleyhinə qaldırmaq cəhdləri fonunda bu sessiyanın keçirilməsi bizim Zəfərimizin siyasi və diplomatik müstəvidə təsdiqlənməsinə xidmət edən ilk addımlardan biri idi. Prezident İlham Əliyev sessiyadakı çıxışında vaksin millətçiliyini kəskin tənqid edərkən Kanadanın adı ayrıca çəkmişdi ki, burada o dövlətin ikinci Qarabağ savaşının nəticəsindən narazı qalan güclərə Benelüks ölkələri sayaq yandaşlıq etməsi az rol oynamırdı. Orasını da deyək ki, Azərbaycanın kasıb dövlətlərin də vaksinə əlçatanlıqlarını təmin etmək yönündəki səyləri heç də nəticəsiz ötüşmədi, BMT-nin İnsan Hüquqları Şurasında və Baş Assambleyasında 2021-ci ildə bununla bağlı iki qətnamə qəbul olundu.

COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifimiz də son dərəcə aktual məsələdir. Cənab Prezidentin Afrika və kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasını dəstəkləmək çağırışı və bunun üçün ilk donorluğu üzərimizə götütüb iki milyon dollar ayırması yəqin ki, uzun illər minnətdarlıqla xatırlanacaq və dövlətizimin maraqlarına xidmət edəcək.

Azərbaycan BMT Təhkükəsizlik Şurasına sədrlik etdiyi zaman da Prezident İlham Əliyev qlobal proseslərlə bağlı bəzi böyük güclərinki ilə üst-üstə düşməyən mövqe sərgiləmək, təşəbbüs irəli sürməklə bizim əksər kiçik ölkələrdən fərqləndiyimizi ortaya qoymuşdu. Qoşulmama Hərakatına sədrlik dönəmində isə bu, daha qabarıq göründü. Hərakat Azərbaycan üçün özünün yumşaq güc potensialını sərgiləyə və ondan çox rasionalcasına faydalana bildiyi bir platforma oldu.

Belə düşünürəm ki, Qoşulmama Hərakatına sədrliyimizin arxasında duran ən böyük məqsədlərdən biri məhz işğal altındakı torpaqlarımızın qaytarılmasında o platformadan faydalanmaq olub. Açığı bilmirəm Qoşulmama Hərakatına sədrliksiz ikinci Qarabağ savaşından əldə edilən zəfəri siyasi və diplomatik müstəvidə belə asanlıqla möhkəmlətmək, bəzi yırtıcıların BMT Təhlükəsizlik Şurasında əleyhimizə yönələn addımlarının qarşısnı almaq mümkün olacaqdımı.

BMT qətnamələrini öz gücünə dayanaraq yerinə yetirtməsi kimi böyük dövlətlərin maraqlarına heç də cavab verməyən “presedent” yaratması azmış kimi Azərbaycanın onların inkişaf etməkdə olan və üçüncü dünya ölkələri üçün cızdıqları çərçivəni keçən digər səylər göstərməsi təbii ki, bəlli çevrələri qıcıqlandıracaq. Prezident İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında Qoşulmama Hərəkatına sədrlik edəcək dövlətin də yer alması, onun ikinci ən böyük beynəlxalq təsisat olaraq yeni dünya düzəninin formalaşmasında fəal rol oynamasına yönəlik çağırışları da o qəbildəndir. Azərbaycanın dövlət başçısı bununla kifayətlənməyərək, ümumiyyətlə təklif edir ki, Qoşulmama Hərəkatı üzv dövlətlər arsında münaqişə və narazılıqların çözüldüyü bir platformaya da çevrilsin. Belədə təbii ki, həmən münaqişə və narazılıqlardan öz məqsədləri üçün faydalanmağa çalışan Fransa kimi müstəmləkəçi ölkələrə ehtiyac qalmayacaq.

Burada bir haşiyə çıxaraq bildirim ki, məhz Qoşulmama Hərəkatının potensialından da faydalanaraq Fransanı yerində oturdan Azərbaycanın dövlət başçısının Bakıdakı Zirvə görüşündə həmən ölkəni yenidən ən sərt dillə tənqid etməsi kimliyindən asılı olmayaraq bizə qarşı düşməncəsinə siyasət yeridən dövlətlərin cavabının hər fürsətdə veriləcəyinə bir işarə idi. Bu, eyni zamanda onu da göstərdi ki, Fransanın regionda sülhün əleyhinə yönəlmiş yırtıcı və yaramaz siyasətini indən sonra da davam etdirəcəyi haqda dəqiq bilgimiz var.

Qoşulmama Hərkatına sədrlik etdiyimiz müddətdə ən sevindiricisi və dövlətimizə hörmət gətirən məqam odur ki, Azərbaycan bundan təkcə özü üçün faydalanmadı. Az öncə də vurğuladığımız kimi bir sıra hallarda böyük güclərin maraqlarıyla heç də üst-üstə düşməyən mövqe sərgiləyərək Hərəkatı ancaq onun üzvlərinin maraqlarına xidmət edən müstəqil güc mərkəzinə, təsisatdan təşkilata çevirməyə çalışdı. Daha doğrusu, institutlaşdırılma yönündə bir sra addımlar atmaqla bunun bazasını formalaşdırdı. Mən əminəm ki, Azərbaycanın Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi və Gənclər Təşkilatını yaratması dünyaya bloklar prizmasından yanaşanların heç də ürəklərindən olmayıb.

Amma Azərbaycandan sonra Qoşulmama Hərəkatına sədrlik edəcək digər dövlətlər də, bizim kimi təşəbbüskarlıq və prinsipiallıq göstərsələr, kimin necə yanaşmasından asılı olmayaraq o, Prezident İlham Əliyevin görmək istədiyi quruma çevriləcək.

Millət vəkili Sahib Alıyev

visiontv.az