Qoca hoqqabaz Poznerlə Köçəryanı bir-birinə calaşdıran var - deputat Sahib Alıyev
Qoca hoqqabaz Poznerlə Köçəryanı bir-birinə calaşdıran var - deputat Sahib Alıyev
07.04.2021 Sahib Alıyev Tərəfindən

Özünü cəmiyyətə bəzən hətta dissident kimi sırımağa çalışan, saxta demokrat Vladimir Poznerin Ermənistandakı hərbi xuntanın keçmiş rəhbərlərindən biri Robert Köçəryanla intervüsünü yəqin izləyənlər var.

Öncə onu deyim ki, “rus jurnalistikasının vicdanı”yla  hay separatizminin dağalının fərqli imicləri olsa da, əslində eyni kodun daşıyıcılarıdır, eyni quruma bağlıdırlar. Yəni Pozner sözün hər anlamında atasının oğludur və nə qədər sərbəst, yaradıcı adam rolu oynamağa çalışsa da, onun kimi həmişə tapşırıqla durub-oturub. Bir neçə gün öncə Gürcüstandan qovulan bu qoca hoqqabazın Köçəryanla intervüsü də qətiyyən öz təşəbbüsü deyil,  onları bir-birinə calaşdıran var.

Poznerə  Köçəryandan intervü götürdənlər hiss olunur ki, yayda Ermənistanda keçiriləcək parlament seçkisində məhz onun qələbə çalmasından yanadırlar və planlarını realaşdırmaq üçün texnoloji fəndlərə də əl atmaqla artıq hərəkətə keçiblər. Bu isə o deməkdir ki,  Rusiyadakı bəlli çevrələr Ermənistanla Azərbaycan arasında düşmənçiliyin tam ortadan qalxmasını, iki qonşu xalqın (iki qonşu dövlətin demirəm, çünki qonşudakılar dövlət olmadıqlarını özləri də bilirlər) qarşıqlıqlı faydalı əməkdaşlığa dayanan əlaqələr qurmasını, dayanıqlı sülh içində yaşamasını istəmirlər. İstəsə idilər, Xocalı soyqırımını törədən, əli azərbaycanlıların qanına batan, bu regionda  düşmənçilik toxumu səpən yaramazlardan birini yenidən Ermənistanın başına gətirməyə çalışmazdılar.

Fikrimcə, Köçəryanın Ermənistanda yenidən hakimiyyətə gətirilməsi cəhdi Azərbaycan-Rusiya əlaqələrinə də təsirsiz ötüşməyəcək. Haylara gəldikdə, əgər onlardan kimsə Köçəryanın hakimiyyətə gəlməsiylə Qarabağda yenidən at oynadacaqlarını düşünürsə kökündən yanılır.  Ötən əsrin 80-90-cı illərində meydana buraxılan Köçəryanın Azərbaycanın yaratdığı yeni reallığa təsiri Şuşaya atılan elə həmən 80-90-cı illərdən qalma "İsgəndər-M" raketlərinin təsirindən o yana getməyəcək.

Visiontv.az