Qərbi Zəngəzurda baş verənləri klanlararası mübarizənin növbəti silahlı mərhələsi hesab etmək olar
Qərbi Zəngəzurda baş verənləri klanlararası mübarizənin növbəti silahlı mərhələsi hesab etmək olar
14.07.2021 Elçin Mirzəbəyli Tərəfindən

Qərbi Zəngəzurda Ermənilərin “Sünik” adlandırdıqları vilayətin indiki qubernatoru və keçmiş qubernatorunun yaxınları və qohumları arasında atışma baş verib.

Nəticədə fəaliyyətdə olan qubernator Melikset Poqosyanın yaxın dostu Arutyun Vardanyan və keçmiş qubernator Surik Xaçatryanın bacısı oğlu Melikset Barseqyan ağır yaralanıblar.

Qeyd edim ki, son günlər Qərbi Zəngəzurda 4 icma rəhbəri və Meğrinin meri müxtəlif ittifamlarla, o cümlədən büdcə vəsaitləri talamaqda günahkar bilinərək həbs olunublar.

Qərbi Zəngəzurda baş verənləri klanlararası mübarizənin növbəti silahlı mərhələsi də hesab etmək olar. Keçmiş qubernator Surik Xaçatryan Robert Köçaryanın biznes ortaqlarından biri hesab olunur. Xaçatryan 2013-cü ildə oğluna qarşı qaldırılan cinayət işinə görə istefa verməyə məcbur olmuşdu. Surik Xaçatryanın yaşadığı evin həyətində baş verən atışmada Gorus merliyinə keçmiş namizəd Avetik Budaqyan qətlə yetirilmiş, separatçıların “polkovniki” Artak Budaqyan və daha bir nəfər ağır yaralanmışdı. Hadisəylə bağlı keçmiş qubernatorun oğlu Tiqran  Xaçatryan, qardaşı oğlu Mais Xaçatryan və Tiqran Xaçatryanın mühafizəçisi Zarzand Nikoqosyan həbs olunmuşdular. Cinayət hadisəsindən 3 ay sonra Robert Köçəryanın təzyiqi ilə Mais Xaçatryan istisna olmaqla, digərləri “özünümüdafiə” adı altında azadlığa buraxılmışdılar. Qısa bir müddətdən sonra qətlin icraçısı Mais Xaçatryan Serj Sarkisyan tərəfindən əfv olunmuşdu...

Politoloq Elçin Mirzəbəyli

Visiontv.az