Qərbi azərbaycanlıların deportasiya günü : Gərək Prezident hər dəfə dediyini təkrar etsin sonra tərpənək
Qərbi azərbaycanlıların deportasiya günü : Gərək Prezident hər dəfə dediyini təkrar etsin sonra tərpənək
06.12.2022 Şöhrət El-Dəniz Tərəfindən

Rəqəmlərlə vaxtınızı almaq istəmirəm. Əslində rəqəmlərin elə də əhəmiyyəti qalmayıb. Söhbət yüz minlərlə, milyonlarla qaçqından gedirsə bu statistikadan çox, insanlıq faciəsi hesab edilir. Ermənistandan qaçqın düşən azərbaycanlılar öz yurd-yuvalarını sonuncu dəfə 1988-89-cü ildə gördülər. Qərbi Azərbaycanın sonuncu yurd yeri Nüvədi camaatı 1991-cü ilə qədər dözə bildi. Köməksiz camaatın, el-obanın silahlanmış erməni daşnaklarının və rus əsgərlərinin qarşısında duruş gətirəcəyini düşünmək sadəlövhlük olardı. Ona görə ermənilərin rus, fars və Qərbin dəstəyi ilə Ermənistanı azərbaycanlılardan boşaltma əməliyyatını 1988-89-cu ildə bitmiş hesab etmək olar. Artıq Qərbi Azərbaycanda bir nəfər də olsun türk mənşəli insan yaşamır. 

Dekabr ayını azərbaycanlıların Ermənistandan deportasiya olunduğu ay kimi təqdim etmək daha məntiqlidir. Çünki azərbaycanlılar Ermənistan ərazisindən tam çıxardılandan sonra 1988-ci il dekabrın-6-da isə SSRİ Nazirlər Soveti “Azərbaycan və Ermənistanda vətəndaşların öz daimi yaşayış yerlərindən çıxarılmalarının yolverilməzliyi haqda” qərar qəbul etdi. Və bununlada ermənilər ruslarla bir yerdə 100 illik prosesə yekun vurdular. 
O cümlədən Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı fərmanla ermənilərin azərbaycanlılara qarşı deportasiya siyasətinə hüquqi qiymət verildi. Yəni bütün hallarda ermənilərin 100 illik deportasiya əməlini vaxta uyğunlaşdırsaq dekabr ayı ən düzgün ay hesab olunur. Və ona görə də dekabırın 5-i Qərbi azərbaycanlıların deportasiyası günü kimi qeyd edilir. Təbii ki, rəsmi deyil. Amma bu günün də anım günü kimi rəsmiləşdirilməyin vaxtı çatdığı qənaətindəyəm. Bu barədə yəqin ki, daha səlahiyyətli şəxslər öz fikrini bildirər. Mənim dediyim başqa bir məsələdir. 
Qərbi azərbaycanlılar siyasi baxımdan həmişə fəal toplum olub. Yaşadıqları mühitlə, məkanla əlaqədar idi. Düşmən əhatəsində ayaqda qalmaq üçün bu cür fəallıq onların xilası olub. Amma bu gün həmən fəallığın ardıcıllıq zəncirindən həlqələrin düşdüyünün şahidiyik. Təssüf ki, tək-tük fərdlərin fəallığı bütün topluma artıq şamil etmək olmur. Olsaydı deportasiya günü ən azı 100-200 nəfər bir yerə yığışıb Şəhidlər xiyabanına gedərdi, sonra da media üçün açıqlama verərdi. Bəzi dövlət qurumlarına bağlı institutlar, təşkilatlar, QHT-lər bu böyük faciəni diqqətdə saxlayıb, Bakıda yerləşən Beynəlxalq təşkilatların, səfirliklərin iştirakı ilə aksiya, tədbir keçirərdi. Milyondan çox soydaşımızın taleyi, faciəsi barədə elmi bir konfrans təşkil olunardı, virtual görüntülü məlumatlar paylaşılardı, filmlər nümayiş etdirilərdi. Təssüf ki, olmadı…
Mən bir məqama xüsusi diqqət yetirilməsini istəyirəm. Prezident İlham Əliyev Qərbi Azərbaycanla bağlı fikrini dəfələrlə deyib. Özü də çox aydın və tezis xarakterli fikirlər bildirib. Amma reallıq göstərir ki, biz nəsə etmək üçün gərək Prezident hər dəfə dediyini təkrar etsin. Və yaxud konkret hansısa quruma göstəriş verməlidir. Ki, onlarda yerlərindən qımıldansınlar. Belə olan təqdirdə adamda belə bir təəssürat yaranır ki, bu qurumlar Prezidentin dediklərinin ciddiliyini anlamırlar.
Sözün düzü mən istədim öz təşəbbüsümlə bir tədbir keçirəm. Sonra fikirləşdim ki, bu cür geniş tədbiri dövlətin dəstəyində olan qurumlar kecirməlidir. Onlar da kecirmədilər. Çünki fəaliyyətləri sezona gedənlər kimi mövsümü xarakterlidir. Onu da deyim ki, Qərbi Azərbaycanla bağlı bəlkə də 10-dan çox Beynəlxalq əhəmiyyət kəsb edən təklif vermişəm, amma nəticə hələ yox dərəcəsindədir. Təkbaşına etmək üçün isə  resurslarım yoxdur. 
P.S. Hələ gec deyil. Dekabr ayı yeni başlayıb. Bu ayı Qərbi azərbaycanlıların deportasiya ayı kimi daha aktual etmək olar.

P.P.S Qərbi Azərbaycan İcması ilə sıx əlaqələrim var. Amma bu icmanın aktiv və səmərəli fəailiyyəti üçün müvafiq dövlət qurumlarından ciddi dəstək lazımdır. Qarabağ məsələsində bütün maddi və mənəvi resurslar necə cəlb edilmişdisə, Qərbi Azərbaycan İcmasına da eyni mövqe sərgilənməlidir. Çünki yaxın gələcək üçün bu platformanın lazımlılıq əmsalı çox yüksək olacaq. O vaxta qədər İcmanın fəailiyyəti saat mexanizmi kimi işləməlidir. 

6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqə çərçivəsində təqdim edilir.

Şöhrət El-Dəniz

visiontv.az