Qərbdə yaşayan azərbaycanlılar milli və dini kimliyini qurban verməlidirmi?
Qərbdə yaşayan azərbaycanlılar milli və dini kimliyini qurban verməlidirmi?
21.04.2022 Elbəyi Həsənli Tərəfindən

Pensilvaniya ştatında Respublikaçılar Partiyasından Senata türkəsilli namizəd Mehmet Oz yerli ermənilərin qəzəbinə gəlib. Niyə? Çünki o, “erməni soyqırımı” iddiasını rədd edir. Ermənilər Mehmet bəyin Senata girişinin qarşısını almaq məqsədi ilə araya Çin səddi çəkmək üçün hərəkətə keçib...

Maraqlı məqamdır. Azərbaycanda elə insanlar var, və onlar kifayət qədərdir, hesab edirlər ki, əgər bir azərbaycanlı Qərbdə yaşayırsa, mütləq Qərbi tərifləməlidir. Milli və dini kimliyindən belə imtina etməlidir.

Mən İsveçrədə yaşyıyıram, bu ölkənin vətəndaşıyam. Bu ölkəni də çox sevirəm. Ancaq İsveçrə də “erməni soyqırımı”nı tanıyan ölkələr sırasındadır. Üstəlik, erməni soyqırımını inkar edənlər qanun qarşısında məsuliyyət daşıyır. Qərbə aşırı və romantik duyğularla bağlı olan azərbaycanlıların düşüncəsinə görə, mən də bu qanuna ehtiram göstərməliyəm. Və ya qonşu İsveçdə millətçi bir siyasətçi Quranı yandırıb. Ölkə bir-birinə dəyib. Vurğuladığım azərbaycanlıların düşüncəsinə görə, mən Quranı yandıran millətçini də müdafiə etməliyəm. Onların baxışına görə, İslam xurafatın və cəhalətin rəmzidir. Quranı yandıranlar əslində bədbəxtçilikdən müsəlman olanları xilas etməyə çalışır və.s.

Belələrinə demək istərdim ki, Qərbdə insanın etnik və dini kimliyinə hörmət edirlər. Hə, etməyənlər də var. Ancaq nisbətdə onlar elə yox kimidir. Ümumiyyətlə, etnik və dini kimliyini itirənlər kosmopolit adamlardır. Qərbdə belələri çoxdur. Ancaq mən belələri sırasında olmaq istəməzdim...

Biz türk və müsəlman olduğumuza görə geridə qalmamışıq. Tarixdə türk və müsəlmanların Qərbdən çox-çox irəlidə olduğu dönəmlər də olub. İslamın intibah dövrü-Qərb tədqiqatçıları bunu islamın qızıl dövrü kimi xarakterizə edir, 5 yüz il davam edib.
Bəli, bu gün Türk və Müsəlman sivilizasiyası Qərbdən çox geridə qalıb. Ancaq bu heç də o demək deyil ki, sabah da belə olacaq. Və ya belə olduğuna görə biz milli və dini kimliyimizdən imtina etməliyik. Özünəməxsusluğunu itirənlər özgəyə çevrilir və manqurtlaşır. Qan yaddaşını itirənlərdən olmayın...

Elbəyi Həsənli

Visiontv.az