Qərb və Ukrayna, Ermənistanın rus hərbiçilərinə etdiyi yardımı görməzdən gəlməməlidir
Qərb və Ukrayna, Ermənistanın rus hərbiçilərinə etdiyi yardımı görməzdən gəlməməlidir
08.06.2022 Sahib Alıyev Tərəfindən

Demək, iki gün olar ki, Rusiyanın Sputnik agentliyinin Ermənistandakı redaksiyası İrəvandan Rostova 16 ton humanitar yardım göndərildiyini bildirir. Və orada vurğulanırdı ki, bu yardım "Ukraynada özəl əməliyyat aparan Rusiya hərbçiləri üçün nəzərdə tutulub".

Baxıram ki, Qərbdə bununla bağlı hər hansı reaksiya yoxdur. Görünür, Qərb susduğundan Ukrayna da onu görməzdən gəlir. Amma gəlməməlidir. Çünki bu "humanitar yardım" deyilən 44 günlük savaş zamanı Rusiyadan Ermənistana göndərilənlərdən də ibarət ola bilər. Və artıq Ukraynada həm üzərində Ermənistanın bayrağı olan zirehli texnika, həm də onların ordusuna xas hərbi geyimdə olan döyüşçünün videoları var. Ermənistanın Ukrayna torpaqlarının zəbt edilməsində Rusiyaya ən çox dəstək verən ölkə olması onların ən çağdaş 4 hərbi təyyarəsini-Su 30-ları göndərməsi faktı da təsdiqləyir.

Qərbdə isə Belarusun Ukraynadakı savaşda Rusiyanın yanında yer aldığı addımbaşı hallandırılsa, ona qarşı sanksiya tətbiq edilsə də, Ermənistan haqqında susmağa üstünlük verilir. Həm də bilə-bilə ki, əslində bu gün Ukraynada baş verənlər bir zamanlar işğalçı Ermənistanla ondan geosiyasi alət kimi faydalananların bir zaman Azərbaycanda etdiklərinin təkrarıdır.

Qəribədir ki, məhz "Ukraynada özəl əməliyyat aparan Rusiya hərbçiləri üçün" Ermənistandan "humanitar yardım" göndərilən gün Avropa Birliyinin Güney Qafqaz üzrə özəl təmsilçisi Toyvo Klaar Şarl Mişelin son Brüssel danışıqlarında dedikləriylə heç də uyuşmayan açıqlama verdi.

"Qarabağ haylarının rəyi nəzərə alınmadan hərtərəfli nizamlama mümkün deyil" söyləyən cənab Klaar görəsən nədən indi Ermənistan adlandırılan ölkədəki dədə-baba yurdlarında etnik təmizləməyə məruz qalan yüz minlərlə azərbaycanlını unudur. Unudur ki, onun nəzərdə tutduğu "hərtərəfli nizamlama" məhz o yüz minlərin öz torpaqlarına qayıdacağı, Qarabağdakı haylar kimi hüquq, azadlıq və təhlükəsizlikləri tam təmin ediləcəyi, rəyləri nəzərə alınacağı halda mümkündür.

Və ümumiyyətlə, qərbdə bir işğalçıya qarşı sərt, total sanksiya tətbiq edib digərinin başını sığallamaq təcrübəsinə haçan son qoyulacaq? Haçan Qarabağ məsələsində Azərbaycanın ancaq beynəlxalq normalardan çıxış etdiyi, bizim dövlətin regionda sabitləşdirici rolu, elə həmən Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminində atdığı addımlar, o sıradan Ukraynada baş verənlərə yanaşmada tutduğu prinsipial mövqe, etdiyi yardımlar obyektiv qiymətləndiriləcək?

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ABŞ dövlət başçısının milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşündən sonra Ağ evin yaydığı açıqlamadan belə görünür ki, orada Azərbaycanın Qərb üçün əhəmiyyəti, eyni zamanda Ukraynaya göstərdiyi dəstək, bunun nədən qaynaqlandığı çoz gözəl dərəcə təqdir edilir. Təqdirini əməldə də təsbitinə, həm də regiondakı yeni reallığa uyğun təsbitinə ehtiyac var.

Millət vəkili Sahib Alıyev

visiontv.az