Qərb haqqında tənqidi bir şey yazanda bəziləri heyrət edir
Qərb haqqında tənqidi bir şey yazanda bəziləri heyrət edir
15.03.2023 Elbəyi Həsənli Tərəfindən

Qərb haqqında tənqidi bir şey yazanda bəziləri heyrət edir. Düşünürlər ki, axı bu, necə ola bilər? Adam Qərbin göbəyində-İsveçrədə yaşayır, ancaq Qərbi tənqid edir. Azərbaycan mentalitetinə görə, Qərbdə yaşayan Qərbi tərifləməlidir. Tərifləmirsə, deməli, nəsə düz deyil

Qərbin özündə Qərbi tənqid edənlər bilirsiz nə qədərdir? Məsələn, “The Guardian” Böyük Britaniyanın ən nüfuzlu nəşrlərindən biridir. Həmin qəzetdə “The Iraq war started the post-truth era. And America is to blame” (İraq müharibəsi post-həqiqət dövrünü başlatdı. Və buna görə Amerika günahkardır) adlı məqalədən bəzi məqamlara toxunacam.

Məqalənin müəllifi ərəbdir, müsəlmandır, professordur. O yazır ki, bu ay ABŞ-ın İraqa hərbi müdaxiləsinin 20-ci ildönümüdür. Təəssüf ki, Amerikanın törətdiyi bu cinayət nəticəsində çoxsaylı insanlar qurban getdi.

Gördüyünüz kimi, müəllif yazıya başlayan kimi ABŞ-ı “cinayətkar” adlandırır.

Biz Corc W Buş (oğul Buş) administrasiyasının 11 sentyabr hadisələrindən sonra faktları, medianı və ictimaiyyəti necə manipulyasiya etdiyini unutmamalıyıq, çünki administrasiya İraqda müharibəyə başlamağa hazır idi. 11 sentyabr 2001-ci il saat 14:40-da, terror hücumlardan bir neçə saat sonra, o vaxtkı müdafiə naziri Donald Ramsfeld İraq lideri Səddam Hüseynə (həmçinin Usamə bin Ladenə) hücuma haqq qazandıracaq sübutlar tapmaq üçün qərargah rəislərinə məktub göndərib.

Günlər sonra, sentyabrın 14-də prezident Buş Böyük Britaniyanın baş naziri Toni Bleyr ilə ilk telefon danışığını apardı. Buşun milli təhlükəsizlik şurasının üzvü kimi çağırışda iştirak edən Bruce Riedelin sözlərinə görə, Buş Bleyrə İraqı tezliklə “vurmaq” planlarından danışıb. Riedel xatırlayır: "Bleyr eşitdiklərindən heyrətə gəlmişdi". “O, Buşa İraqın 11 Sentyabr hücumu və Əl-Qaidə ilə əlaqəsi olduğunu sübut etməsi üçün təzyiq etdi. Təbii ki, Britaniya kəşfiyyatı belə bir əlaqənin olmadığını yaxşı bilirdi”.

Amerika kəşfiyyatı da heç bir əlaqənin olmadığını bilirdi, lakin bu, administrasiyanın öz həqiqətlərini qandan və havadan uydurmasına mane olmadı. İraqı işğal etməkdə qərarlı idilər. Əfqanıstanda ABŞ yüksək səviyyəli Əl-Qaidə əlaqələrində şübhəli bilinən İbn əl-Şeyx əl-Libi adlı şəxsi ələ keçirmişdi. ABŞ onu möhürlənmiş tabutda Misirə apardı, burada misirlilər İraqın Əl-Qaidəni dəstəklədiyini və kimyəvi və bioloji silahlarla kömək etdiyini dilə gətirməsi üçün ona işgəncə verdilər.

Bu, işgəncə altında götürülmüş bir etiraf idi və buna görə də - Senatın kəşfiyyat üzrə xüsusi komitəsinin 2014-cü il "İşgəncə Hesabatı"nda qeyd etdiyi kimi - kökündən etibarsızdır. Əl-Libi daha sonra ifadəsindən imtina etdi, hesabatda izah edildi ki, o, sadəcə olaraq işgəncə verənlərə “eşitmək istədiklərini demişdi”.

Yəni bu iddiaların hamısı yalan, yalan və daha çox yalan idi. İctimai Dürüstlük Mərkəzinin məlumatına görə, 11 sentyabr hadisəsindən sonrakı iki il ərzində Buş və onun yüksək vəzifəli şəxsləri Səddamın ABŞ üçün yaratdığı təhlükə ilə bağlı ən azı 935 yalan danışıblar...

Əlbəttə, İraqın işğalından sonra orada hər hansı kütləvi qırğın silahının tapılmadığını söyləməyə ehtiyac yoxdur.

Buş o vaxt uğur qazandı, çünki qorxmağa hazır olan ictimaiyyət onun yalanlarına inanırdı və Amerika mediası kökdən düşmüşdü. “The New York Times” ölkənin aparıcı qəzeti olaraq, administrasiyanın yalanlarının yayılmasında əsas rol oynayırdı...

Yalnız 2004-cü ildə “The New York Times” qəzet İraqın kütləvi qırğın silahları haqqında yalan yazmaqla oxucuları çaşdırdığını etiraf etdi. Günahın bir hissəsini Birləşmiş Ştatların rəsmilərinin üstünə atdı.

Daha sonra müəllif yazır: “Deyə bilərsiniz ki, bu, köhnə xəbərdir. Niyə bu gün bu barədə danışmaq vacib olmalıdır ki? Birincisi, ABŞ-ın başçılıq etdiyi işğal İraqı məhv etməklə yanaşı, təxminən 9 milyon insanı köçkün vəziyyətinə saldı, birbaşa zorakılıq nəticəsində ən azı 300 min mülki vətəndaşı öldürdü və İraqın onsuz da təhlükəli mühitini viran qoydu. Təkcə İraqdakı döyüşlərdə 4400-dən çox amerikalı həlak olub, 32 minə yaxın hərbçi isə yaralanıb.

İşğal həm də regionda sabitliyi pozdu və şübhəsiz ki, bugünkü qlobal miqrasiya böhranının əsas səbəbidir. Braun Universitetinin hesabatına görə, ABŞ-ın 11 sentyabrdan sonra apardığı bütün müharibələrin nəticəsində didərgin düşmüş insanların sayı ən azı 38 milyon nəfərdir...

Öz adımdan bir-iki kəlmə də mən deyim: Bəli, Səddam Hüseyn dictator idi. Amerika “demokratiya”dan dəm vuraraq İraqı işğal etdi. Ölkəni xaraba qoydu. 20 ildir ki, İraq qan ağlayır. Aclıq, səfalət ölkəni başına alıb. Ölkə Amerika ilə İranın əlində oyuncağa çevirilib.

Amerika “demokratiya“ deyə-deyə Liviyanı da, Əfqanıstanı da, Suriyanı da xaraba qoydu. Ancaq o ölkələrin heç biri hazırda demokratik ölkə deyil. Sadəcə xaraba qalmış ölkələrdir. Amerika bütün dünyanın gözü qarşısında müsəlmanlara qarşı soyqırım siyasəti yeridir…

Niyə Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ı törətdiyi bu kimi cinayətlərə görə mühakimə etmir? Çünki beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi də ABŞ-ın yaratdığı oyuncaq təşkilatlardan biridir. Amerikanın dövlət maraqlarını müdafiə etmək üçün təsis olunub. Əks təqdirdə, 38 milyo insanı didərgin salan ölkə mütləq mühakimə olunardı.

Elbəyi Həsənli

visiontv.az