Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində Kamboçiyanın Qadın məsələləri üzrə naziri Ing Kantha Phavi ilə görüşüb
Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində Kamboçiyanın Qadın məsələləri üzrə naziri Ing Kantha Phavi ilə görüşüb
09.05.2023 Qənirə Paşayeva Tərəfindən

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bugünlərdə Dubayda keçirilmiş Qlobal Qadınlar Sammitində Kamboçiyanın Qadın məsələləri üzrə naziri Ing Kantha Phavi ilə görüşüb.

Komitə sədri xanım nazirlə görüşdə Azərbaycan qadınlarının cəmiyyətdə rolunun artırılması yönündə görülən işlər, mövcud dövlət siyasəti haqqında danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Q.Paşayeva Azərbaycanın 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a kimi davam etmiş 44 günlük müharibədəki tarixi qələbəsinin regionda yeni reallıqlar yaratdığını vurğulayıb. Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında 30 ilə yaxın müddətdə törətmiş olduğu vandalizm aktları ilə bağlı yeni faktların üzə çıxdığını bildirib. İşğaldan azad edilmiş ərazilərdə bir hissəsi qadınlara, uşaqlara aid olan skletlərin tapıldığı toplu məzarlıqların aşkar edildiyini bildirən Komitə sədri Qarabağda azadlıqdan abadlığa, erməni işğalçılığından Azərbaycan quruculuğuna, mədəniyyətə keçid dönəmində görülən işlərdən bəhs edib.

Q.Paşayeva 1 milyon azərbaycanlının, o cümlədən 100 minlərlə azərbaycanlı qadın və uşağın Ermənistanın işğalı nəticəsində öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların ən adi insan haqlarının pozulmasının indi də minalar üzündən davam etdiyini deyib: “Qadınlarımızın, uşaqlarımızın, ümumən qaçqın və məcburi köçkünlərin hüquqları Ermənistan tərəfindən təəsüf ki, bu gün də pozulmaqda davam edir. Ermənistan hərbi-siyasi rəhbərliyi 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz torpaqlarına mümkün olduqca gec qayıtması yaxud heç qayıda bilməməsi üçün ərazilərə çoxsaylı minalar basdırıb. İndi biz həm mina təhlükəsi ilə üz-üzəyik həm də insanların geri dönüşü üçün evlər tikməli, infrastruktur yaratmalıyıq. Müharibə bitdikdən sonra onlarla azərbaycanlının mina qurbanı olması dediklərimizi təsdiq edir”.

Q.Paşayeva deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, özəlliklə beynəlxalq aləmdə nüfuz sahibi olan qadınlar vandalizm aktlarına biganə qalmamalı və öz etiraz səsini ucaltmalıdır.

Komitə sədri nazir Ing Kantha Phaviyə Azərbaycan mədəniyyətini özündə əks etdirən xatirə hədiyyəsi bağışlayıb.

Visiontv.az