Qənirə Paşayeva N.Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru ilə görüşüb
Qənirə Paşayeva N.Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru ilə görüşüb
21.12.2022 Qənirə Paşayeva Tərəfindən

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva N.Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin başqanı Prof.Dr. Abduqappar Qırğızbayevun başçılığı ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya elmləri doktoru Firuza İkramxanova, “Dünya tarixi” kafedrasının professoru, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Prof.Dr. Erkin Nuriddinov və Mətbuat katibi Nigora Muratovanın daxil olduğu nümayəndə heyəti ilə görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Qənirə Paşayeva qardaş ölkənin dəyərli aydınlarını ölkəmizdə və Milli Məclisdə salamlamaqdan çox şad olduğunu deyərək, onların Azərbaycanda qonaq olmadığını, bir vətənlərindən digər vətənlərinə gəldiklərini vurğulayıb.

Qardaş ölkələrimiz arasındakı əlaqələrindən danışan Komitə sədri əlaqələrdə mədəniyyətin özünəxas yerə, aparıcı rola malik olduğundan məmnunluğunu ifadə edib. Ortaq keçmişdən ortaq gələcəyə gedən ulu  yolda gənclərlə işin çox önəmli olduğunu vurğulayan Qənirə Paşayeva, bu anlamda, universitetlərin, ümumən elm-təhsil, mədəniyyət ocaqlarının üzərinə böyük, şərəfli və məsuliyyətli mənəvi yük düşdüyünü bildirib. O, ulu Nizaminin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti öndə olmaqla Özbəkistanın bütün təhsil, mədəniyyət, elm ocaqları ilə əməkdaşlığın Azərbaycanla Özbəkistanın timsalında bütün Türk dünyasının maraq və mənafelərinə cavab verdiyini bildirib. Qənirə Paşayeva prezidentlər İlham Əliyevlə Şavkat Mirziyoyevin yaxın qardaşlıq-dostluq münasibətlərini xüsusi vurğulayaraq, bunun bütün əməli fəaliyyət sahələri üzrə ölkələrarası əməkdaşlığın daha da yüksəlməsinə xidmət etdiyini söyləyib. Azərbaycan Prezidentinin 2022-ci ildə üç dəfə Özbəkistana səfər etdiyini, hər üç səfərin yüksək səviyyədə və uğurla keçdiyini deyən Komitə sədri, aydınların, təhsil, mədəniyyət işçilərinin, elm, sənət xadimlərinin əməkdaşlığımıza töhfələrlə çıxış etməsini bir mənəvi borc olaraq xarakterizə edib.Özbəkistanda hər il Azərbaycan Ədəbiyyatı və mədəniyyəti günləri keçirildiyini, bu önəmli tədbirin 2022-ci ildə artıq iki dəfə baş tutduğunu şükranlıqla vurğulayan Komitə sədri, qardaş ölkənin nüfuzlu təhsil, elm və mədəniyyət ocağı olan N.Gəncəvi adına Daşkənd Pedaqoji Universitetinin Azərbaycan universitetləri ilə əməkdaşlığı daha da sıxlaşdırmasının təqdirəlayiq hadisə olduğunu deyib.Prof.Dr. Abduqappar Qırğızbayev görüş və fikir mübadiləsi üçün təşəkkür edib.

Sonra qarşılıqlı olaraq hədiyyələr təqdim edilib, xatirə şəkli çəkilib.

Visiontv.az