Qənirə Paşayeva MM-də şəhid ailələri və qazilərlə bağlı təkliflərlə çıxış edib.
Qənirə Paşayeva MM-də şəhid ailələri və qazilərlə bağlı təkliflərlə çıxış edib.
26.11.2022 Qənirə Paşayeva Tərəfindən

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Məclisin hökumət üzvlərinin iştirakı ilə keçirilən plenar iclasında, “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuş müzakirəsində çıxış edib.

Komitə sədri çıxışında paytaxtın bəzi rayonlarında, bölgələrdə şəhid ailələri və qazilərə torpaq sahəsi ayrılmasında qarşıya çıxan problemlər, şəhid ailələri və qazilərin məşğulluq məsələləri, qazilərin müalicə dövründə qəbul etdiyi dərmanların qiymətinin baha olması, tək övladı şəhid olmuş tənha anaların mənzil təminatı kimi bir sıra vacib mövzulara toxunub.

Komitə sədrinin çıxışını kiçik ixtisarla təqdim edirik: “Hörmətli həmkarlar, hökumət üzvləri, mən bu layihəni dəstəkləyəcəm. Onu da vurğulamaq istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları hər zaman müraciətlərimizə çox çevik reaksiya verir. Amma qaldıracağımız məsələlər də çox ciddi məsələlərdir. Mən Mədəniyyət Komitəsinin rəhbəri kimi bu ay içərisində qəbulda ortaya çıxan ciddi bir məsələdən danışmaq istəyirəm. İstəyirəm bütün hökumət üzvləri bu həllivacib məsələni bilsin.

– Məsələn, görüşdüyümüz şəhid ailələri, qazilər var, məşğulluq qurumundan onlara müvafiq iş qurmaqçün bütün avadanlıqlar verilib ancaq avadanlıqları aparıb yığıblar evlərinə yaxud yaxınlarının həyətinə.

– Çünki o avadanlıqları quraşdıracaq yerə, müvafiq torpaq sahəsinə malik deyillər. Mən şəxsən özüm, gələn müraciətlərin əsasında həm Bakının Sabunçu, Xətai, Xəzər rayonlarının, həm də, Millət vəkili seçildiyim Tovuz rayonunun rəhbərliyi ilə bu barədə danışmışam. Əsas cavab bundan ibarətdir ki, bizim torpağımız, yerimiz yoxdur. Bəs bu avadanlıqlar nə üçün verilir? Dövlət bu qədər vəsaiti ödəyir, bu avadanlıqları alır və avadanlıqlar insanların məşğulluğunu gücləndirmək üçün verilir. Bəs çıxış yolu nədən ibarətdir?

– Bəzi rayonlarda dövlətin ehtiyat fondunda torpaq var, deyirlər ki, ondan bir hissə bələdiyyələrin sərəncamına keçirilsə, oradan müvafiq təyinat üçün ayırmalar edilə bilər. Buna görə, mən çox xahiş edirəm, bu məsələ - özəlliklə bəzi rayonlarda şəhid ailələri və qazilərin məşğulluğu ilə bağlı məsələlər öz həllini tapsın.

– Məsələn, təkər yamanması, maşınlara servis göstərilməsi üçün avadanlıq verilib – hamı bilir ki, insan bunu evin içərisində edə bilməz, bu avadanlıqlar verilirbsə, bunun bir yeri olmalıdı. Və ya bərbərxana avadanlıqları verilibsə, yenə bir yerin açılması lazımdır. Ümumiyyətlə, bəzi rayonlarda qazilərin məşğulluğu ilə bağlı torpaq verilməsində problem var; deyirlər, gərək torpaq ehtiyat fondundan icra hakimiyyətinin, bələdiyyənin sərəncamına keçsin ki, praktik dəstək göstərilə bilsin. Xahiş edəcəyim digər bir məsələ var: Görünür, bəzi məsələlərdə individual yanaşma olmalıdır. Baxmayaraq ki, çoxsaylı deyil amma bir neçə dəfə belə bir mənzərə ilə qarşılaşmışıq ki, evin tək oğlu şəhid olub.

– Nə atası var, nə də qardaş-bacısı – bir özü olub, bir də anası. O oğul da evlənib; məsələn, ana Mingəçevirdədi, şəhidin ailəsinə Samuxdan ev verilib. Ana hələ də kirayələrdə, onun-bunun yanında yaşayır. Yəni bu ananın nə başqa övladı, nə həyat yoldaşı var. Belə olan halda, düşünürük ki, evin tək oğlu olmuş şəhidlərin həyat yoldaşı və övladlarına mənzil verməklə yanaşı, tək qalmış ananın da düşünülməsi, onunçün də imkanların yaradılması çox yaxşı olardı. Mən bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər etmişəm. Çox xahiş edirik ki, bunlara ayrıca baxılsın.

3-cü məsələ əlilliyinin təyini uzun çəkən qazilərlə bağlıdır. Bəzi xəstəlikləri var, məsələn, əsəb-sinir sistemi ilə bağlı olan xəstəliklər.

–Bu xəstəliklə bağlı qazilərimiz Maştağada uzun müddət müalicə alır, müalicədən sonra qazi ya sağalır ya da ona əlillik təyin olunmalıdır.

– Bu dövr ərzində müalicələr çox uzun çəkdiyindən, gərək onların dərman təminatına baxaq; çünki əlillik dərəcəsi alandan sonra problem yoxdur, onlar bütün təminatları əldə edir amma əlillik alana qədər bu proses çox uzanır, dərmanlarsa bahadır. Və son məsələ: Şəhid ailələrimiz var ki, evləniblər amma rəsmi nikah olmayıb.

– Toyları olub, övladları var; sonra həyat yoldaşı şəhid olan xanımlarının övladları qanunən şəhid övladı statusu daşısa da, xanımın özü nikah sənədi olmadığı üçün şəhid ailəsi statusu əldə edə bilmir. Bu məsələyə də baxılmasına xahiş edirəm.

visiontv.az