Qənirə Paşayeva İzmir Şəhid Ailələri Yardımlaşma və Həmrəylik Dərnəyini ziyarət edib
Qənirə Paşayeva İzmir Şəhid Ailələri Yardımlaşma və Həmrəylik Dərnəyini ziyarət edib
25.04.2023 Qənirə Paşayeva Tərəfindən

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmir Şəhid Ailələri Yardımlaşma və Həmrəylik Dərnəyini ziyarət edib, Dərnəyin İdarə heyəti başqanı Yücel Alphan və heyət üzvləri ilə görüşərək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.

“Sizin şəhidiniz bizim, bizim şəhidimiz sizin şəhidinizdir – biz Azərbaycan və Türkiyənin şəhidlərini bir-birindən ayırmırıq. Sizlər İzmir şəhid ailələrini təmsil edirsiniz və biz Azərbaycandan İzmirə gəlmişiksə, əlbəttə, səfərimizin elə ilk günündə sizləri ziyarət etməliydik. Bu, bizim mənəvi borcumuzdur.

Mən burada sizlərə, İzmirin bütün fəal qurum və quruluşlarına, bütövlükdə izmirlilərə candan-könüldən təşəkkürü özümə borc bilirəm. Çünki sizlər 44 günlük müharibə dönəmində Azərbaycanla nəfəs aldınız, ümumən I və II Qarabağ müharibəsinin bütün dönəmlərində, ən çətin məqamlarda öz mənəvi dəstəyinizi əsirgəməməsiniz. Qardaş Türkiyənin hər bölgəsi bizimçün əzizdir, İzmir Bakının qardaş şəhəri olması və bu rəsmi qardaşlığın artıq bir qərinə təşkil etməsi ilə özünəməxsus yerə malikdir.

Bizim Azərbaycandan gələn heyətdə şəhid komandir, əfsanəvi hərbi kəşfiyyatçı Raquf Orucovun həyat yolaşı, “Zəfər” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Əlizadə, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun komandiri olmuş İbrahim Məmmədov və Azərbaycan vətəndaş cəmiyyəti institutlarının dəyərli rəhbərləri, təmsilçiləri var.
Fürsətdən istifadə edib, sizi uyğun vaxtınızda Azərbaycana dəvət edirik. Sizin Azərbaycandakı müvafiq ictimai birliklərlə əməkdaşlığınızın hər iki tərəf üçün faydalı olacağına inanıram”.

Komitə sədri Ulu öndərlər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının işığında keçirilən görüşdə İzmir Şəhid Ailələri Yardımlaşma və Həmrəylik Dərnəyini ziyarətin və faydalı müzakirələrin onunçün çox dəyərli olduğunu bildirib.

Q.Paşayeva xatırladıb ki, “44 günlük müharibədəki Zəfərdən öncəki Türkiyə səfərləri vaxtı sözlərini bir dua və inamla bitirərdi. “Deyərdik ki, gün o gün olsun, torpaqlarımızı Ermənistanın işğalından azad edək və növbəti tədbirlərimizi Qarabağda, Şuşada, digər o gözəl torpaqlarımızda birgə keçirək. Tanrımıza çox çox şükürlər olsun, dualarımız həyata keçdi, inamımız doğruldu. Biz artıq azadlıqdan abadlığa keçid dönəmindəyik. İndi Qarabağda, Şərqi Zəngəzura – Ermənistanın vandallıqlar törətmiş olduğu o gözəl torpaqlarımıza insanlıq qayıdır, mədəniyyət qayıdır. Biz də birgə tədbirlər keçirə bilirik.

Diqqətinizə çatdırmaq istərdim ki, əziz Şuşa 2021-ci ildə Azərbaycanın rəsmən Mədəniyyət paytaxtı statusu alıb, 2023-cü il üçünsə Türk dünyasının Mədəniyyət paytaxtıdır. Məhz Şuşada dövlət başçılarımız ünlü “Şuşa Bəyənnaməsi”ni imzalayıb.

Q.Paşayeva özəlliklə vurğulayıb ki, Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın, Türkiyə dövlətinin, bütövlükdə qardaş xalqın müharibənin ilk anlarından Azərbaycana verdiyi mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi tarixi Zəfərdə əvəzsiz rol oynayıb. Azərbaycan-Türkiyə qardaşlığını, o cümlədən “Şuşa Bəyənnaməsi”ni əcdadlarımızın ruhunu şad edən, gələcək nəsillərimizə aydın yol göstərən böyük hadisə kimi şərh edən Komitə sədri hər bir aydınımızın, gəncimizin, ümumən vətəndaşlarımızın bu hadisəni öz yaşam və çalışmalarında örnək almalı olduğunu söyləyib.

Sözünə davam edən Komitə sədri Ulu öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 2023-cü ildə qeyd edilən 100 illik əlamətdar yubileyindən söz açıb, bu qürurlu yubileylərin hər iki qardaş ölkədə dərin məhəbbətlə qarşılandığını bildirib.

Görüşdə İzmir Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin başqanı Cavi Əliyev, Azərbaycan Respublikasının vətəndaş cəmiyyəti institutlarının rəhbərləri və fəalları, müxtəlif qurumları təmsil edən aydınlar – Əkbər Qoşalı, Elşad Eyvazlı, Aqil Ələsgər, Südabə Cahangirli, Zaur Məmmədov, Elnur Hüseynov, Elşad Heydərov iştirak edib.