“Qəbiryeyənlər” - Jalə Mütəllimova
“Qəbiryeyənlər” - Jalə Mütəllimova
28.01.2021 Jalə Mütəllimova Tərəfindən

..Axır ki, biri danışıb. Qaradağın icra başçısı deyib ki, on yeddi şəhidin dəfn edildiyi yer, ərazicə Qaradağa məxsusdur, amma şəhər qəbiristanlığıdır.

Yəni qəbristanlıq meriyanın tabeliyindədir demək istəyib. Sonra da qayıdıb deyib ki, ora əvvəl Müdafiə Nazirliyində idi. Yəni qəristanlıq meriyanın olsa da  MN idarəçiliyində olub. Çünki nazirlik orada müharibə veteranlarını basdırıb.  MN-nin böyrünə “calaq” edilmiş bu “idi” də aradan çıxmaq cəhdidir. Başçı demək istəməyib ki, ərazi ilə bağlı qərarları MN alır. Deyib ki, MN-də idi. O üzdən bəs indi kimdədir sualı açıq qalır?! Sonra başçı cənabları əlavə edib ki, indi də orada Yasamal və Nəsimi rayonlarından olan şəhidləri basdırırlar.

Məsuliyyət MN-dirmi, meriyanındırmı, Yasamal, Nəsimi, Qaradağ icra başçılarınındırmı bəlli olmur. Yəni əməlli başçı təcrübə danışıb bu qısa mətində. Adam sadəcə özünü savunub ki, məsuliyyət mənim deyil və eyni zamanda kimsəni günahlandırmayıb.

Sual açıq qalır, axı bu qərarı kim verib? Kim müəyyən edib o yeri? Kimsə bunu bilmir.Ya da bilir, demir. Və bir aydır, on yeddi ailə sözün birbaş mənasında başına döyə-döyə küçələrdə gəzir. O ailə ki, oynaya-gülə balasını döyüşə yollamışdı. Şəhadətini eşidəndə də “VƏTƏN sağ olsun!” demişdi. İndi o ailələrə dedirtdilər ki, “kül başıma ay oğul, VƏTƏN dərdi mənə, sənəmi qalmışdı?”

İndi o ailələr həm də hikkədən, şəhadət zirvəsinə yaraşmaynı etdilər öz balalarına. Məzarları dağıtdılar. Düşmən də bundan lap yaxşıca yararlandı. Şəhid ruhlar incidi, küsdü hamıdan yəqin. Bir məmurun heyifini bir şəhidin məzarından çıxmazlar axı. Hirs, hikkə danışdırır, məcbur qoyur, ədalətsizlik göynədir adamı, bilirəm, amma düşmən əlində yaman faktlar peyda oldu. Yaman dilimiz qısaldı, əlmiz qoynumuzda qaldı. Hələ erməni düşməni o yana dursun, iç düşmənlər də qazandı bu on yeddi məzar olayından. Nə qədər İP tutub, pul qazananlar var bir də. Düzü heç onlara da bu məsələdə deməyə söz, tutmağa irad qalmadı. Dövlət baba, üzünü qara elədi, yaramaz, yarıtmaz məmur balaların. Bu neçənci kərədir, bilmirəm, amma bir onu bilirəm ki, səbrin daş yarar, gor çatladar sənin. Niyə dözürsən ki, bunlara. Balanın yaramazı, yarıtmazı cəzasız qalsa bu digər balalara, məsələn şəhid balalara, valideyn balalara, vətəndaş balalara əzab, əziyyətdir axı...

Adam tapmırsan soruşasan ki, bu yeri ayıran kimdir?! Bu məsuliyyəti kim daşıyır?! Niyə qurunt sularının içinə dəfn edilib şəhidlər?! Nəsimi, Yasamal şəhidlərini, 2000-ə yaxın şəhid yeri boş qalan Yasamaldakı şəhid məzarlığının üzərindən adladıb,Qaradağa gətirmək, orda yolqırağında, qrunt sularının altında basdırmaq, hansı “ağıllı” başın qərarıdır?!  Niyə yalan dizayn tərtibatı təqdim olunub oranın ictimai rəyə və yəqin ki, həm də dövlətə?

Onları VƏTƏN çağırmışdı. Aralarında könüllülər də var idi.  Sevə-sevə getmişdirlər, can vermişdilər də. Sadə ailələrin balası idilər. Ailələrini nə siyasət maraqlandırır, nə də böyük pullar. Nə də iddiaları var. Bu adamlar balalarının haqqı olan iki metirlik qəbiri istəyirlər bu VƏTƏNdən. Haqlıdırlar! Hqlı olduqları məqamda bu sadə adamları niyə kiməsə yem, siyasi təzyiq aləti edirlər ki?!

Bu işə görə, günahkar məmurun cəzalandırılması, lap həbs olunması, lap araşdırıcı komissiyanın yaradılması gərəkdir. Çünki on yeddi şəhid üçün nəzərdə tutulan məzarlığın əməlli başlı layihəsi, gözəl proyekti var rəsmi təqdimatda. Niyə reallaşdırmayıblar? Hara xərcləyiblər? Nəyə xərcləyiblər? Nə qədər yazıb, nə qədər siliblər? Dövləti niyə aldadıblar? Kim aldadıb dövləti? Bəlkə MN-dəki iç proseslərdən yana, elə təxribatdır bu hadisə? Bizi yenə həssas yerimizdən vururlar bəlkə? Onların orada dəfni bəlkə bilərəkdən su tökməkdir düşmən dəyirmanına? Bəlkə min əzabla geri qazanılmış ordu, siyasi lider, dövlət, polis hörmətini bilərəkdən yerlə bir eləmək istəyidir bu? Bəlkə yenə ötən ilin iyirmi yeddi sentyabrından da əvvələ dartmaq istəyirlə dövləti? Bəlkə tam, bütöv, yeniləşn Azərbaycan sərfəli deyil bəlli məmur dəstələrinə?

Bu bəlkə dolu sualları çox, sonsuzluğa qədər uzada bilərik, amma mənası olmaz. İndi sadəcə o gərəkir ki,  VƏTƏN dura ayağa, yumruğunu vura masaya və həm də o məmurun ənsəsinə ki, mənim olanı sən kimsən bu hala, bu günə salırsan, ay bir sərəncamlıq canı olan?! Hələ ki, susur, vurmur. Vəziyyət də yaxşıya dəyişmir. Daha çox “şişir”. Poblem çızülmür.

...Bir də heç ağlımdan çıxmır, görəsən həyatdaykən  yayda da yorğanla yatan o şəhidin canı üşüyürmü, titrəməsi varmı  soyuq məzarda, o qurunt sularının içində?

...Bir də görəsən bu kefiyyətdə neçə məmur balası var ölkədə?

...Nə isə...adamın lap vicdanı üşüyür. Ay “QƏBİRYEYƏNLƏR”, vicdanımız üşüyür, üstü də yoxdur ki, yorğana bükək. Hissdir, duyğudur, xarakterdir vicdan, əllə toxunulacaq bir şey deyil yəni. Sizdə olmayandır yəni. Yaxşı, bəs indi biz neynəyək?..

Visiontv.az