Qazaxıstanda kütləvi qarşıdurma: 8 nəfər ölüb, 40 nəfər yaralanıb
08.02.2020

Qazaxıstanın Jambıl vilayətinin Kordai rayonunda (respublikanın cənubunda) baş verən iğtişaşlar zamanı səkkiz nəfər ölüb, daha 40 nəfər yaralanıb, təxminən 50 nəfər isə saxlanılıb.

Visiontv.az xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi məlumat yayıb.

Ölkənin daxili işlər naziri Yerlan Turqumbayev şənbə günü keçirdiyi brifinqdə bildirib ki, iğtişaşlar zamanı xeyli sayda polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb, o cümlədən ikisi güllə yarası alıb.

"Hazırda 47 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb, onlardan iki ov tüfəngi götürülüb", - deyə Turqumbayev əlavə edib.

Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin cənubunda kütləvi qarşıdurmanın baş verdiyini, polis və Milli Qvardiyanın vəziyyətə nəzarət etdiyini söyləmişdi.