Qazaxıstana qarşı təcavüz baş veribmi?
Qazaxıstana qarşı təcavüz baş veribmi?
11.01.2022 Elçin Mirzəbəyli Tərəfindən

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar iclasında çıxış edənlər, xüsusulə də Rusiya, Qazaxıstan və Belarus prezidentləri, öz nitqlərində əsasən Qazaxıstana “təcavüz edildiyi” ilə bağlı iddialarını əsaslandırmağa çalışırdılar.

Bunun onlarda qafaları təbliğata açıq olanlar üçün nə dərəcədə alındığını deyə bilmərəm, amma arqumentlərin zəifliyi əsaslandırma üçün ciddi faktoloji problemlərin olduğu təəsüratını yaradırdı. Əslində “təcavüz” anlayışı ilə bağlı siyasi mülahizələr irəli sürməyə, boşluqlar axtarmağa və ya yeni baxış bucağı formalaşdırmağa ehtiyac da yoxdur.

Çünki BMT Baş Assambleyasının 14 dekabr 1974-cü il tarixli, 3314 saylı qətnaməsi ilə təcavüz aktı sayıla biləcək bütün davranışların çərçivəsi müəyyənləşdirilib.

Beləliklə sözügedən qətnamənin təcavüz anlayışını müəyyənləşdirən müddəalarını dəyərli oxucuların diqqətinə təqdim etməklə, Qazaxıstanda baş verənlərlərin əsl mahiyyətinin müəyyənləşdirilməsini onların öhdəsinə buraxıram:

Maddə 1.

Təcavüz bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı tətbiq edilməsi, yaxud hansısa formada, bu müəyyənləşdirmədə qeyd olunduğu kimi BMT Nizamnaməsinə uyğun gəlməyən bir şəkildə istifadə olunmasıdır.

İzah: Bu müəyyənləşdirmədə “dövlət” termini

a) dövlətin BMT-yə üzvüyü, yaxud tanınması məsələsinə toxunulmadan tətbiq edilir;

b) uyğun gələn yerlərdə “dövlətlər qrupu” anlayışını da nəzərdə tutur.

Maddə 2.

Dövlət tərəfindən silahlı qüvvələrin tətbiqində Nizamnamənin pozulması ilk baxışda (prima facie) təcavüz aktıdır. Baxmayaraq ki, Təhlükəsizlik Şurası Nizamnaməyə uyğun olaraq, təcavüz aktının müəyyənləşdirilməsi ilə bağlı təcavüz aktının nəticələrinin kifayət qədər ciddi xarakter daşımadığı və digər uyğun səbəblər göstərməklə nəticə çıxara bilər, amma bu, təcavüz aktına haq qazandırmayacaq.

Maddə 3.

Aşağıdakı hərəkətlərdən hər hansı biri, müharibə elan edilməsindən asılı olmayaraq, təcavüz aktı hesab olunacaq:

a) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin ərazisinə müdaxiləsi, yaxud müvəqqəti xarakter daşımasından asılı olmayaraq, müdaxilə və ya hücumun nəticəsi olan istənilən hərbi işğal, həmçinin başqa dövlətin ərazisinin və yaxud ərazisinin bir hissəsinin qəsb edilməsi;

b) bir ölkənin silahlı qüvvələri tərəfindən digər ölkənin ərazisinin bombalanması və ya bir dövlət tərəfindən digər dövlətə qarşı istənilən silahın tətbiqi;

c) bir dövlətin silahlı qüvvələrinin digər dövlətin dəniz limanlarını və sahillərini blokadaya alması;

d) bir dövlətin silahlı qüvvələrinin başqa dövlətin quru, dəniz və hava qüvvələrinə, yaxud dəniz və hava donanmalarına hücumu;

e) bir dövlətin başqa bir dövlətin ərazisində qarşılıqlı razılaşma əsasında yerləşən silahlı qüvvələrinin razilaşma şərtlərini pozmaqla tətbiqi, yaxud razılaşmada göstərilən müddət bitdikdən sonra həmin ölkənin ərazisində qalması;

f) bir dövlətin ona öz ərazisini istifadəyə verən digər dövlətin ərazisindən üçüncü dövlətə qarşı təcavüz niyyətilə istifadə edilməsi;

g) başqa dövlətə qarşı yuxarıda sadalanan əməllərə bərabər olan istifadə aktları həyata keçirən silahlı dəstələrin, qrupların, nizamsız qüvvələrin və yaxud muzdluların bu və ya digər dövlət, yaxud dövlətlər tərəfindən göndərilməsi və ya onların iştirakı.

Sonucu maddə birmənalı şəkildə ona işarə edir ki, hətta hər hansı bir silahlı dəstə, muzdlular qrupunun əməlləri, yalnız bu dəstə və qruplar hansısa dövlət tərəfindən göndərildiyi təqdirdə təcavüz sayıla bilər.

...Daha öncə də qeyd etdiyim kimi, qətnamənin müddəalarına şərh vermək niyyətində deyiləm. Çünki şərhə ehtiyac yoxdur. Qazaxıstanda baş verənlər heç bir halda təcavüz sayıla bilməz və məhz buna görə də KTMT-nin müdaxiləsi həm təsisatın Nizamnaməsinə, həm BMT Baş Assambleyasının iqtibas gətirdiyim qətnaməsinə, həm də digər beynəlxalq sənədlərə ziddir.

Elçin Mirzəbəyli

Visiontv.az