Qayıdışdan sonra Qarabağda Azərbaycan bayrağına tapınmayan heç bir ünsür qalmayacaq
Qayıdışdan sonra Qarabağda Azərbaycan bayrağına tapınmayan heç bir ünsür qalmayacaq
31.08.2021 Sahib Alıyev Tərəfindən

Prezient İlham Əliyevin bu il Şuşaya etdiyi üçüncü səfəri və orada Vaqif Poeziya Günlərinin keçirilməsiylə bağlı qlobal sosial platformanın Azərbaycan seqmentində üç yanaşma var. Yazdıqlarından belə anlaşlır ki, bəziləri üçün son günlər Şuşada yaşananlar ona görə “əhəmiyyətsiz"dir ki, onlar orada olmayıblar. Guya dəvətlilər sırasında həmən adamlar da salınsaymış, onda Vaqif Poeziya Günləri də, digər tədbirlər də daha möhtəşəm təsir bağışlayarmış. Heç nə, cılızlıq.

Digərləri, daha dəqiqi bizi gözü götürməyən çevrələrə bağlı olanlar Şuşadan çəkilən kadrlarda Türkiyə bayrağının gözə dəyməməsindən  “bərk narahatlıq” keçirir, iki qardaş dövlət arasında guya hansısa ziddiyyətlərin baş qaldırdığından dəm vururlar ki, dediklərinin heç bir əsası yoxdur. Bu, olsa-olsa onları yönləndirənlərin arzularıdır.
Sevindirici odur ki, Şuşada və bütövlükdə Qarabağda nə baş verdiyini dərk edənlərin fonunda o iki kateqoriyadan olanların sayı elə də çox deyil.  Soydaşlarımızın əksəriyyəti yaxşı  fərqindədirlər ki, işğal altındakı torpaqları qaytarmaq və orada ordunu yerləşdirmək  hələ ora qayıtmaq, oraları tam Azərbaycanlaşdırmaq demək deyil. Bu, savaşdan xeyli artıq vaxt aparan, böyük təşkilatçılıq bacarığı, quruculuq vizionu, zəhmət, vəsait,  dözüm,  bəzən atılan addımlarda zərgər dəqiqliyi tələb edən bir prosesdir. 
Şuşaya gəldikdə, muzeylərin, yeni mehmanxananın açılışı, Vaqif Poeziya Günlərinin, ondan öncə isə “Xarıbülbül” musiqi festivalının keçirilməsi ora yenidən Azərbaycan ab-havasının qayıtdığının sərgilənməsidir. 
Cənab İlham Əliyev indiyədək Şuşada görülən və görüləcək işlərdən danışarkən onların arasında ən önəmlisinin məhz yeni yaşayış kompleksinin bünövrəsinin qoyulmasının oluğunu göstərdi ki, bu, doğurdan da belədir. Çünki ilkin mərhələdə üç, dörd və beşmərtəbəli 25 evdən ibarət olacaq bu kompleksin tikilməsiylə ora şuşalılar, Üzeyir bəy Haçıbəyov, Əhməd bəy Ağaoğlu, Nəcəf bəy Vəzirov, Səməd bəy Mehmandarov, Niyazi,  Xan Şuşinski,  Lətif Kərimov və sair nəhəngləri yetirən Şuşa  mühiti qayıdacaq. Və əmin ola bilərsiniz ki, belə qayıdışlardan sonra Qarabağda  zor və ya xoş, fərqi yoxdur, Azərbaycan bayrağına tapınmaq istəməyən heç bir ünsür qalmayacaq!

Millət vəkili Sahib Alıyev

visiontv.az