31.05.2020
Axtar
Region
alt

Qax rayonunda Koronovirus Pandemiyasına qarşı mübarizə tədbirləri davam edir

Koronavirus pandemiyası başlayan gündən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş, sərəncam və tövsiyələrinin nəticəsi olaraq vətəndaşların sağlamlığının qorunması üçün vacib olan bütün addımlar atılmaqda davam edir.

Martın əvvəlindən indiyədək cənab Prezident insanlarımızın koronavirusa yoluxmaması, habelə sosial rifahının yaxşılaşdırılması üçün 4 milyard manatdan artıq vəsait ayırıb. Nəticə olaraq Azərbaycan koronovirusla mübarizəni və onun fəsadlarını aradan qaldırmağı əksər dövlətlərdən daha yaxşı bacardı. Ölkə rəhbərinin Bakıda modul tipli ilk xəstəxana kompleksi açılışında etdiyi çıxışdan, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqa müraciətindən də göründüyü kimi, Azərbaycan bu sınaqdan öncədən proqnozlaşdırıldığı kimi, üzüağ çıxıb, pandemiya ilə mübarizənin birinci mərhələsində qalib gəlmişik!

Əlbəttə, bütün bunlar dövlət rəhbərliyinin məsələyə son dərəcə ciddi yanaşmasının və xalqın sağlamlığının ölkənin qorunması üçün lazimi tədbirləri anında görməsinin, çevik qərarların nəticəsidir. Vəziyyətin tam nəzarətdə saxlanılmasının, görülən tibbi və sosial-iqtisadi tədbirlərin yekununda may ayının 4-də ölkədə karantin rejimi yumşaldılmaq şərti ilə uzadıldı. Yumşalıdılma prosesi davam etməkdədir.
Möhtərəm Prezident İlham Əliyevin Koronovirus pandemiyasına qarşı həyata keçirdiyi siyasət bölgələrdə də ciddi şəkildə yerinə yetirilir. Ölkə başçısının son çıxışından sonra Qax rayon İcra Hakimiyyətində də təxirəsalınmaz tədbirlər hazırlanaraq həyata keçirilməyə başlanılıb. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin başçısının sədrliyilə inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirakı ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına yerlərdə əməl olunmasının təmin edilməsi məqsədilə onlayn müşavirələr keçirilıb.


Müşavirələrdə rayonda koronavirus pandemiyasına qarşı görülən işlər, xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Operativ Qərargahın verdiyi qərardan irəli gələn məsələlər, yerlərdə vəzifə borclarının icrası və dezinfeksiya işlərinin gedişi müzakirə olunmuşdur. Rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsinə, sanitar-epidemiloji tədbirlərin icrasına, rayon əhalisinin şəxsi gigiyenik qaydalara əməl etməsinə, eləcə də əlcək və tibbi maskalardan istifadə edilməsi barədə maarifləndirmə işlərinin aparılmasına, maddi yardıma ehtiyacı olan ailələrə, o cümlədən yaşı 65-dən yuxarı olan tənha şəxslərə dəstək göstərilməsinə nəzarət olunması tapşırılmışdır.


Eyni zamanda sakinlərlə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi, bu sahələrdə qanunazidd hallara yol verilməməsi, Operativ Qərargahın tələblərinə uyğun olaraq ictimai iaşə obyektlərində və digər yerlərdə 10 nəfərdən artıq qruplarda cəmləşməmək, mədəni kütləvi tədbirlərin keçirilməsinin qadağan olunmasına dair ciddi tapşırıqlar verilmişdir.

Qeyd edək ki, pandemiya dövründə müəyyən edilən tədbirlər planına uyğun olaraq rayonda xüsusi karantin rejimi dövründə 41 nəfər Rayon İcra Hakimiyyətinin, müxtəlif idarə və müəssisələrdə çalışan fəalların, könüllü gənclərin iştirakı ilə formalaşmış patrul qrupları tərəfindən mütəmadi olaraq polis əməkdaşları ilə birgə əhali arasında təbliğat işləri aparılır, tibbi maskalar paylanılır. O cümlədən əhalinin intensiv hərəkət etdiyi ərazilərdə, ticarət obyektlərində davranış və gigiyena qaydaları haqda məlumatlandırma xarakterli elanlar yerləşdirilmış, maarifləndirici bukletlər paylanılmışdır.


Pandemiya dövründə rayonda şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və aztəminatlı ailələrə Heydər Əliyev Fondu tərəfindən 2277, rayon İcra Hakimiyyəti tərəfindən 593, “Ulu” Aqro MMC tərəfindən 600, “Bravo” Supermarketlər Şəbəkəsi MMC tərəfindən 558, Millət vəkili Azər Kərimli tərəfindən 200, “Monte Ferro” MMC tərəfindən 150, rayon Suvarna Sistemləri İdarəsi tərəfindən 100, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 50, digər qurumlar və sahibkarlar tərəfindən 115 ədəd olmaqla cəmi 4643 müxtəlif çeşidli ərzaq bağlamaları paylanılmışdır. O cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dörd minə yaxın (3958 nəfər) rayonun işsiz və ya işaxtaran sakinlərinə 190 manat həcmində müavinət verilmişdir.


Rayonda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə Talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək istiqamətində şəhər poliklinikasında qanvermə aksiyası da keçirilmişdir. B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankının Şəki regional bölməsinin həkim və tibb işçiləri tərəfindən həyata keçirilən bu aksiyada rayon ictimaiyyətinin könüllüləri, idarə, müəssisə, təşkilatların əməkdaşları iştirak etmişlər. Bu günədək COVID-19 virusi ilə əlaqədar 1259 rayon sakinindən yaxma nümunə götürülmüş və onlardan yalnız bir nəfərdə, 1967-ci il təvəllüdlü Marsan kənd sakini Osmanova Olqa Yuriyevnanın test nümunəsinin nəticəsi müsbət çıxmışdır. Vətəndaş müalicə olunaraq sağalıb və evə buraxılmışdır.


Pandemiya dövründə rayonda könüllülər tərəfindən də fəal işlər aparılmışdır. Beləki, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin sosial işçilərindən əlavə İnzibati Ərazi Dairələrində yaradılmış könüllü qruplar 166 nəfərə, yaşı 65-dən yuxarı olan tənha yaşayan vətəndaşlara ərzaq və əsas tələbat mallarının, dərman vasitələrinin alınması, kommunal ödənişlərin edilməsi, məişət tullantılarının atılması və s. sosial xidmətlər üçün köməklik məqsədilə cəlb edilmişdir.


Rayon ərazisində həmçinin ciddi sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri həyata keçirilmişdir. 18 ədəd ödəniş terminalı və bankomatlar hər gün, əhalinin intensiv hərəkət etdiyi ərazilər, prospekt və küçələr, ticarət və xidmət obyektlərinin ətrafı günaşırı, idarə, müəssisə və təşkilatların inzibati binaları, çoxmənzilli yaşayış binalarının həyətləri və blokları, qeyri-yaşayış binaları, avtomobil dayanacaqları və polis maşınları və s. mütəmadi olaraq dezinfeksiya olunmuşdur. (Ümumilikdə 120000kv.m-dən çox ərazi) Rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən məişət tullantıları konteynerlərinin mütəmadi yuyulması və dezinfeksiya olunması təmin edilmişdir.
Rayon sakinləri dünyanı bürüyən koronavirus pandemiyasının ölkəmizdə, o cümlədən rayonumuzda yayılmasının qarşısını almaq məqsədilə aparılan məqsədyönlü işlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlığını bildirmiş, ölkəmizdə görülən bu işlərlə əlaqədar rayon əhalisinin müxtəlif zümrələrinin nümayəndələri tərəfindən Cənab Prezident İlham Əliyevə çoxlu sayda təşəkkür məktubları göndərilmişdir.


Göründüyü kimi, ölkəmiz də dünyanın bir parçası olaraq tam yeni bir mərhələyə qədəm qoyur. Bütövlükdə həm pandemiyanın fəsadlarının aradan qaldırılması, həm də dövlət vəsaitinin talayanlarla mübarizə fonunda çox ciddi bir proses gedir. Və bu mübarizədə Qax sakinləri və rayonun dövlət qurumlarının nümayəndələri hamılıqla Prezident İlham Əliyevin daim yanındadırlar.

Visiontv.az

Şərh