"Qatil" və "meymun"un debatı...- Bəybala Mirzəyev
"Qatil" və "meymun"un debatı...- Bəybala Mirzəyev
19.03.2021 Bəybala Mirzəyev Tərəfindən

Baydenin Putini birbaşa "qatil" adlandırması Putinin nətəhər cızdağını çıxarıbsa, adam götürüb Baydeni canlı efirdə debata çağırıb.

Belə ki, Rusiya prezidenti Putin əvvəlcə Baydenə can sağlığı arzulayıb və deyib ki, "Bir də ki, meymun baxar güzgüyə, adın qoyar özgəyə”.

Daha sonra isə Putin ABŞ-ın onsuz da Rusiya ilə hesablaşmalı olacağını diqqətə çatdırıb və amerikalı həmkarına müzakirənin canlı efirdə davam etdirilməsini təklif edib. Putin bunu “Rossiya 24” telekanalının efirində deyib.
Sitat:

“Mən indicə bu barədə düşündüm. Keçən dəfə telefon danışığı ilə bağlı təşəbbüs prezident Baydendən gəldi. Prezident Baydeni müzakirəmizi davam etdirməyə dəvət etmək istəyirəm, ancaq bunu bir şərtlə, birbaşa efirdə həyata keçirək, bu da onlayn adlanır. Hər hansı ləngimə olmadan, ancaq birbaşa canlı müzakirə. Mənə elə gəlir ki, bu, Rusiya xalqı, ABŞ xalqı və bir çox digər ölkələr üçün də maraqlı olacaq”.

Putin cümə və ya bazar ertəsi Baydenlə danışmağa hazır olduğunu bildirib.

Bayden özü bu təklifə heç bir reaksiya verməyib. Putinin Co Baydenlə dialoq təklifini Ağ Evin mətbuat katibi cavablandırıb.
Cen Psaki Birləşmiş Ştatlar rəhbərinin məşğul olduğunu bildirib. O, həmçinin deyib ki, “Prezident Co Bayden rusiyalı həmkarı Vladimir Putin haqqında işlətdiyi ifadələrə görə peşman deyil”.

P.S.

Dünya siyasət tarixində ilk dəfədir ki, dövlət başçıları bir-birilərini bu qədər açıq şəkildə təhqir edirlər.

Rusiyanın deputatları və vəzifə sahibləri indi KİV-lərdə və sosial şəbəkələrdə Baydeni "yıxıb-sürüməklə" məşğuldurlar.

Bir sözlə, Baydenin "qatil" sözü düz hədəfə dəyib.

Visiontv.az